BAKI, 12 iyun - Sputnik. Azərbaycanın məşhur kikboksçusu və qarışıq döyüş növləri (MMA) ustası, Mauqli ləqəbli Zabit Səmədov iki illik fasilədən sonra rinqə qayıdır. Sputnik Azərbaycan-ın idman şərhçisi Teymur Tuşiyevin məlumatına görə, iyunun 12-də Zabit Minskdə Niderland təmsilçisi, Quduz it təxəllüslü Nigeriya əsilli Olutobi Ayodeji Kelejaye ilə döyüşəcək.
İki illik fasilə
Zabit Səmədov karyerasını gözəl sonluqla bitirmək və bunu tarixi Vətəni Azərbaycanda gerçəkləşdirmək fikrindəydi. 2018-ci ilin dekabrında “Axmat” turniri çərçivəsində Yevgeni Orlova qalib gələndən sonra 36 yaşlı döyüşçü bəyan etdi ki, karyerasını bitirməyi düşünür və o vaxtadək iki, yaxud üç döyüş keçirməyi planlaşdırır.
O, sonuncu döyüşünü 2020-ci ilin aprelində Bakıda, Heydər Əliyev adına idman klompleksində keçirmək istəyirdi. Hətta rəqibi də bəlli idi – bu, britaniyalı Ceyms Maksvini olmalıydı. Ancaq dünyadakı digər idmançılar kimi, Zabitin də planlarına koronavirus pandemiyası mane oldu – Bakıdakı Mixfight Championship ləğv olundu.
İndi, iki il keçəndən sonra Səmədov yeni görüş planlaşdıra bildi. Azərbaycanda karantin rejimi davam etdiyindən döyüşü Belarus paytaxtında keçirmək qərara alındı. Görüşün vaxtı – iyunun 12-si Bakıda AVRO-2020-nin dörd oyunundan birinin (İsveçrə-Uels qarşılaşması) keçirilməsi ilə üst-üstə düşdüyündən, bu, şou təşkilatçıları üçün çətinliklər yarada bilərdi. Bu səbəbdən də döyüşün Minskdə keçirilməsinə üstünlük verildi, üstəlik, Belarus Səmədov üçün yad ölkə deyil.
Quduz it barədə nə məlumdur
Nigeriya əsilli Niderland döyüşçüsü peşəkar karyerasına 2009-cu ildə başlayıb. Keçirdiyi 14 döyüşün səkkizində qələbə qazanıb (bunlardan yeddisi nokautla), altı dəfə uduzub. Səmədovun rəqibi MG, RXF, RFC promouşenlərinin turnirlərində iştirak edib. Ariya Hosseni, Sergey Sokolenko, Tomaş Narkun kimi idmançılarla döyüşüb.
Yeri gəlmişkən, Kelejaye sonuncu dəfə rinqə Səmədovdan da əvvəl çıxıb. Son dəfə 2018-ci ilin martında Ernesto Papaya nokautla qalib gəlib. Qeyd edək ki, Səmədovla Kelejaye təqribən eyni çəkidədirlər – 93 kq. Ancaq Niderland təmsilçisi azərbaycanlı rəqibindən 5 sm hündürdür, bu isə, güman ki, vacib rol oynamayacaq.
Aktyorluq və vətənpərvərlik
Koronavirus pandemiyasının yaratdığı pauzada Zabit Səmədov boş oturmayıb, Türkiyədə son zamanların ən populyar seriallarından olan “Kurtuluş Osman”da çəkilib. Kikboksçu serialda müsbət qəhrəman olan Gəncə bəyin obrazını yaradıb. Serialın baş qəhrəmanını isə türk kinosunun ulduzu Burak Özçivit oynayıb.
Son vaxtlar Zabit təkcə aktyorluq bacarığı ilə deyil, vətənpərvər fəaliyyəti ilə də seçilir. İkinci Qarabağ müharibəsi zamanı Zabit Səmədov ön cəbhəyə gedərək əsgərlər önündə çıxışlar edib, onların döyüş ruhunu qaldırıb.
Bundan başqa, Zabit Azərbaycanın Qarabağ uğrunda haqq savaşını çoxminli auditoriyaya malik olduğu sosial şəbəkə səhifələrində də dəstəkləyib.
Sonra nələr olacaq
Zabit Səmədov, qeyd etdiyimiz kimi, karyerasını bir-iki döyüş keçirərək bitirməyi planlaşdırır. Ola bilsin ki, Minksdəki döyüş sonuncu deyil, sonunculardan biri olsun.
Səmədov deyirdi ki, karyerasını bitirdikdən sonra Azərbaycanda peşəkar klub açmaq və onun meneceri olmaq niyyətindədir. Hələ ki pandemiya səbəbindən bunu reallaşdırmaq mümkün olmayıb. Doğrudan da, zallarda məşqlərə icazə verilmirsə, klub açmağın bir mənası qalmır. Bu yaxınlarda Azərbaycanda idman zallarında məşq etməyə icazə verilib, ancaq oraya gələnlərin mütləq COVID-19 əleyhinə peyvəndlənməsi şərti qoyulub. Odur ki, Səmədov hələ bu ideyasına qayıda bilər.
Kikboks ulduzu fəaliyyətini nümayəndəsi olduğu “Axmat” klubunda da davam etdirə bilər.
Ola bilsin, Səmədovu aktyorluq karyerası da cəlb etsin. Populyar türk serialındakı debütü uğurlu alındığından onunla digər film layihələrinin rəhbərləri də maraqlana bilərlər. Kim bilir, bəlkə, ona hətta Hollivudda da nəzər yetirdilər və Zabit gələcəkdə kinoulduz oldu? İstənilən halda Zabit idman karyerasını bitirdikdən sonra əliboş dayanmayacaq.
Bu materialın dərc olunması yalnız Sputnik Azərbaycan redaksiyasının yazılı razılığı ilə mümkündür.
Ən maraqlı və vacib xəbərləri Яндекс.Дзен və Telegram kanallarımızda da axtarın.
Eləcə də oxuyun:
Azərbaycanın "Ağ canavarı": Şuşada DÇ səviyyəsində turnir planlaşdırırıq
Azərbaycanın ilk peşəkar boksçusu: "Həbsxanada olanda 7 il hər gün beynimdə vuruşdum"
Azərbaycanlı kikboksçu Konor Makqreqorla döyüşmək niyyətini bəyan edib
Zabit Səmədov əməliyyat olunub - FOTO