Siçan pişiyə hər zaman düşmən gözü ilə baxıb. Qovub onu şikarına çevirməsin deyə, yuvasından çıxmamağa çalışıb. Mingəçevirdə isə fərqli mənzərə yaşanır. Zibillikdə qidalanan siçan və siçovullar pişiklərin gözü önündə rahat hərəkət edirlər. Yenicə abadlaşdırılan həyətin asfaltını deşik-deşik edib, sanki düşmən hesab etdiyi pişiklərə acıq verirlər.
Mingəçevirin M.Maqomayev 54 ünvanında 9 mərtəbəli binada yaşayan sakinlər siçovulların əlindən təngə gəliblər. Sözügedən ünvanda yaşayan Dusiya Alıyeva Sputnik Azərbaycan-a bildirib ki, siçanlar günbəgün artmaqla yanaşı, sanki vəhşiləşirlər. Uşaqlara, böyüklərə hücüm edirlər:
"Doqquz mərtəbəli binada yaşayırıq. Elə vəziyyət yaranıb ki, binaya girib çıxanda həyəcan, qorxu keçiririk. Ən əsas da uşaqlar qorxur, çölə çıxa bilmirlər, həyətdə oynuya bilmirlər. Hamısı körpə uşaqlardır. Birini dişləsə, onun qorxusu, həyəcanı belə, bəs edər. Bu yaxın günlərdə yuxarı mərtəbədə yaşayan bir qadını siçovul barmağından yapışıb buraxmırdı. Elə qışqırdı ki, yüyürüb özümüzü zorla çatdırıb onu xilas etdik. Yazıq qadının qorxusundan ürəyi sıxıldı. Mən ikinci mərtəbədə yaşıyıram, divarla dırmaşıb eyvana girir. Özümüz dəfələrlə zibil tökülən yerə dərman alıb səpirik, faydası yoxdur. Binada olan zibil tökülən yer ləğv edilməsə, siçovullar biz sakinlərə hələ çox ziyan vuracaq", - deyə o bildirib.
Sakinlərin qorxulu kabusuna çevirilən siçovullar doqquzuncu mərtəbəyə qalxıb mənzillərə daxil olurlar. Hündür mərtəbəli binanın sakini Etibar Əhmədov Sputnik Azərbaycan-a nəvələrinə görə narahat olduğunu bildirib. O, siçovulun xəstəlik, virus mənbəyi olduğunu deyib:
"Şəxsən mən evimdə 9-cu mərtəbədə qapını açan kimi mənzilə girdi. Təsəvvür etmək olmur o qədər hündürlüyə necə qalxır. Qida qalıqlarını yeyib, günbəgün çoxalırlar. Nəvələrim qapını açmağa qorxurlar ki, hər an, hər dəqiqə siçovullar evə soxulacaqlar. Buna bir çarə tapmaq lazımdır. Zibil qabları qoyulsa, binanın qarşısında belə vəziyyət yaranmaz. Dərmanı da özümüz alırıq, aidiyyəti qurumlar gəlib dərmanlamırlar".
Şəhərin M.Maqomayev 54 ünvanında yaranan problemlə bağlı Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin baş mühəndisi Ramiz Hüseynov məsələyə aydınlıq gətirib:
"Yuxarı mərtəbədə olan sakinlərin əksəriyyəti zibil yerlərinin bağlanmasına narazlıq edirlər. Ona görə də biz zibil yerlərinin bağlanmasına nail ola bilmirik. Sakinlər yazılı şəkildə müraciət etsinlər. Əgər sakinlərin hamısı razılıq verərsə, bu haqda tədbir görüləcək", - deyə o bildirib.
Həmçinin oxuyun: