BAKI, 13 may - Sputnik. “Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah bizə nəsib etsin ki, gələcəkdə də oruc tutaq, namaz qılaq”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Müzəffər ay
Şeyxülislam Hacı Allahşükür Paşazadənin sözlərinə görə, bu ayı ilk dəfədir müzəffər ay kimi qeyd edirik: “Erməni işğalçıları tərəfindən torpaqlarımız zəbt olunmuşdu. Biz çox xoşbəxtik ki, bu gün Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Allah bildirir ki, həqqin yolunda ol, həqqə çatdıraram. Biz bu aydakı duaların müstəcəb olduğuna inanırıq və Allah bizə belə zəfəri nəsib etdi. Prezident İlham Əliyevin adı fateh kimi tariximizə yazılacaq.
Qələbəni qazanmaq üçün dövlət və xalq birliyi, iman lazım idi. Azərbaycan xalqı bu qələbəni qazandı. Ali baş Komandanın dediyi kimi, bir yumruq kimi birləşdik və erməni faşizmini məhv edə bildik”.
Vətən müharibəsində dindarlar da öndə oldular
A.Paşazadə qeyd edib ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxışında bildirib ki, bu yumruğun içərisində dindarlarımız da var: “Buna görə Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Həqiqətən belə oldu. Din xadimlərimizə bu dövrdə fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm”.
QMİ sədri qeyd edib ki, din xadimləri arasında da şəhidlər, qazilər olub: “Din xadimlərimiz 44 gün ərzində cəmiyyətdən ayrılmadı, öndə oldular”.
“Bu gün Ağ şəhərdə Qənimətlər Parkı var. Biz bu qənimətləri saxlamalı, övladlarımıza göstərməliyik ki, hər zaman bir yerdə ola bilək”, - A.Paşazadə əlavə edib.
Kəbədən gələn Quran
A.Paşazadə Prezident İlham Əliyevin Ağdamda məscidə Quran hədiyyə etməsini xatırladıb: “Mən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəbədə olarkən Allahdan torpaqlarımızın işğaldan azad olunması üçün dua etdik. Prezident Kəbədən gətirilən Quranı Ağdam məscidinə hədiyyə etdi. Bu, həm də duamızın müstəcəb olması ilə bağlı idi. Biz hər zaman dua etməliyik. Qarabağda bütün məbədlərimiz bərpa olunacaq. Prezident İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda məscidin bünövrəsini qoydular. Dünən isə Prezident Şuşada yeni bir məscidin bünövrəsini qoydu. Şuşada Ramazan bayramı münasibətilə namaz qılınması, dua oxunması bizi çox şad etdi. İnşallah, Şuşada hər zaman dua edəcəyik”.
Kilsəyə, din xadiminə yalan danışmaq yaramaz
Şeyx qeyd edib ki, ermənilər müharibəni uduzsalar da, dünyaya Azərbaycanla bağlı yalanlar yaymağa davam edirlər, üstəlik, erməni kilsəsi bu sahədə xüsusilə aktivdir: “Erməni yalanlarına dövlətimiz, Xarici İşlər Nazirliyi cavab verir. Ancaq QMİ, dini konvensiyalar da yalanlara cavab verməlidir. Ermənilər iftira atır, yalan danışırlar. Kilsəyə, din xadiminə yalan danışmaq yaramaz. Guya onları torpaqlarından çıxarmışıq, xristian olduqlarına görə onlara əziyyət veririk, kilsələrini dağıdırıq. Bu yolla xristian dövlətlərindən dəstək almağa çalışırlar. Biz dünyanın müxtəlif dini qurumlarına müraciətlər göndərir, dini baxımdan həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”.
Pandemiya bir imtahandır
Qafqazın şeyxi koronavirus pandemiyasını imtahan adlandırıb və onu da keçəcəyimizi söyləyib. Şeyxülislam deyib ki, bu, pandemiya şəraitində keçən ikinci Ramazan ayıdır: “Allah bizə pandemiyanın sona çatmasında yardımçı olsun. Peyvənd də olunmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib ki, Operativ Qərargaha müraciət olunsun, məscidlərdə pandemiya ilə bağlı qaydalara riayət edilməklə namaz qılınsın. İnşallah, bu da reallaşar”.
Eləcə də oxuyun: