BAKI, 13 may - Sputnik. Bu gün Azərbaycanda Ramazan bayramı başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edib. Eydül-Fitr–Ramazan bayramı isə Şəvval ayının 1-də, yəni may ayının 13-də qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 13-ü və 14-ü bayram günü sayılır. Bayram namazı da mayın 13-də Zöhr namazına qədər qılına bilər.
Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.
İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.
Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
QMİ-nin fətvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.