BAKI, 25 mart — Sputnik, Qaliya İbrahimova. Şimali Atlantika Alyansı özü üçün təhlükə kəsb edən əsas ölkələri müəyyənləşdirib.
Gözlənildiyi kimi bunlar Rusiya və Çindir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, NATO ölkələrinin XİN rəhbərləri bütün güclərini məhz bu ölkələrin qarşısının alınmasına yönəltməyə qərar veriblər. Beləliklə, "NATO-2030" strategiyasında əsas təhlükə artıq beynəlxalq terrorizm deyil. Bəs Qərb hərbi-siyasi bloku yaxın gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərəcək? Bu barədə aşağıdakı təhlildə.
Gecikmiş qonaq
ABŞ dövlət katibi Entoni Blinken nəhayət ki, Brüsseldə NATO ölkələri XİN rəhbərləri ilə bir araya gəlib. Buna qədər tərəflər pandemiya üzündən yalnız onlayn görüşlərlə kifayətlənməli olublar.
Vəzifəyə təyin olunar-olunmaz Blinken Yaponiya və Cənubi Koreyaya səfər etmişdi. Beləliklə, Avropadakı müttəfiqlər başa düşürdülər ki, ABŞ-ın xarici siyasətində Asiya prioritet istiqamət olaraq qalacaq. Lakin Ağ Evin yeni administrasiyası Donald Trampın dövründə korlanmış Transatlantik əlaqələrin bərpası kursunu elan etdi.
Brüsseldə dövlət katibi, NATO baş katibi Yens Stoltenberq və müttəfiq ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Müzakirə olunan əsas məsələ Alyansın 2030-cu ilə qədər strategiyasıdır. Cari ilin fevralında müdafiə nazirlərinin düzəlişlər etdiyi sənəd hazırda XİN rəhbərləri tərəfindən müzakirə olunur. Sənəd razılaşdırıldıqdan sonra Alyans dövlət başçılarının hər il keçirilən və cari ilin yazına planlaşdırılan görüşündə qəbul olunaraq həyata keçirilməsinə başlanacaq.
NATO yeni onillikdə
Yeni strategiya qəbul olunmadığından Alyans hələ ki 2010-cu ildə Lissabonda qəbul olunmuş sənəd əsasında işini qurur. Lakin "köhnəlmiş" sənəddə müttəfiqləri qane etməyən məqamlar var. Məsələn, Çinin artan hərbi potensialı barədə strategiyada heç nə deyilmir. Həmin sənəddə rəsmi Moskva da Alyansın strateji tərəfdaşı adlandırılır. Bundan əlavə həmin strategiyada 2014-cü ildən sonra yaranmış geostrateji reallıqlar nəzərə alınmayıb. NATO üzvləri burada "Krımın qanunsuz olaraq Rusiyanın nəzarəti altına keçməsini" nəzərdə tuturlar.
"NATO-2030" strategiyasında Rusiya artıq əsas hərbi təhlükə kəsb edən ölkələr qisminə aid edilib.
"Rusiyanın qarşısının alınması üçün NATO kollettiv müdafiənin gücləndirilməsi istiqamətində ən irimiqyaslı tədbirləri görüb. Biz Moskvanın hərəkətlərinə qarşı birgə cavab verdiyimizi dəqiq bilməliyik", - deyə Stoltenberq XİN rəhbərləri ilə görüşündə vurğulayıb və onu da əlavə edib ki, NATO Rusiya ilə dialoqa hazırdır, lakin "ciddi şəkildə qarşısını alma və müdafiə tədbirləri ilə yanaşı olmaqla".
Bundan əlavə, hazırkı sənəd layihəsində isə "Çin amilinin Transatlantik həmrəyliyə qarşı birbaşa təhlükə olduğu" qeyd olunur. Odur ki, yeni strategiyada Rusiya ilə yanaşı Çin də təhlükə kəsb edən ölkələrə aid olunub.
Blinken güclənmiş Çinin Avropadan çox ABŞ-ı narahat etdiyini etiraf edib.
"Vaşinqton müttəfiqlərini Çinlə ABŞ arasında seçim etməyə vadar etməyəcək. Ölkələr qarşılıqlı maraq kəsb edən sahələrdə Pekinlə birlikdə iş apara bilərlər", - deyə Blinken bildirib.
Lissabon strategiyasında ilk yerdə duran beynəlxalq terrorizm təhlükəsi isə yeni sənəddə Rusiya və Çindən sonra yer alıb.
Bitmiş iş
"NATO-2030" strategiyasında daha bir məsələ - Alyansın Qara dəniz regionunda əsas müttəfiqi olan Türkiyə ilə əlaqələrin bərpası da yer alıb.
Blinkenin Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşü həssas mövzuların müzakirəsindən başlanıb. Blinken Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı ABŞ və Avropa müttəfiqlərinin narazılıqlarını ifadə edib və "S-400 zenit raket sistemlərini özündə saxlamamağa" çağırıb.
Çavuşoğlu isə həmin raket komplekslərinin Türkiyənin onlara kəskin ehtiyacı olduğu dövrdə alındığını və Türkiyə hökumətinin bu məsələni yenidən nəzərdən keçirməyəcəyini vurğulayıb.
"Bizim Rusiya ilə mürəkkəb məsələlərimiz var, biz danışıqlar aparır və ortaya çıxan ziddiyyətləri aradan qaldırırıq. S-400-lərə dair müqavilə isə bitmiş məsələdir", - deyə Çavuşoğlu fikrini tamamlayıb.
Sanksiya dostluğu
NATO rəhbərləri həmçinin "Şimal axını - 2" boru kəmərinin tikintisinə də münasibətlərini bildiriblər. Blinken ABŞ-ın layihənin başa çatdırılmasında maraqlı olmadığını bildirərək layihədə iştirak edən ölkələri yeni sanksiyalarla təhdid edib.
"Biz tikintinin başa çatdırılması və sertifikatlaşdırılması istiqamətində istənilən fəaliyyəti ciddi diqqətə alacağıq və əgər bu baş verərsə, məhdudlaşdırıcı tədbirlərin görülməsində daha da qətiyyətli olacağıq", - deyə Blinken bildirib.
Lakin heç də bütün müttəfiq nazirlər onunla razılaşmayıb. Konkret olaraq Almaniya XİN rəhbəri Hayko Mas Bundestaqın və alman iş adamlarının bu tikintinin başa çatdırılacağına ümid bəslədiyini dilə gətirib.
"Baydenlə dialoqun yaradılması"
"NATO üzvləri ümid edirlər ki, ABŞ-ın yeni administrasiyası səylərin birləşdirilməsinə kömək edəcək və Trampın dövründə meydana çıxmış problemlər aradan qalxacaq. Lakin Amerikanın yeni lideri çətin ki tamamilə sələflərinin mirasından imtina etsin", - deyə Rusiyalı politoloq Andrey Kortunov bildirib.
Onun fikrincə, NATO ilə Rusiya arasında dialoqun bərpası üçün perspektiv yoxdur və münasibətlər getdikcə gərginləşəcək. Lakin şərhçi onu da qeyd edir ki, "Rusiyanın bir çox beynəlxalq problemlərə təsirinin olduğunu nəzərə alaraq Alyans yəqin ki, dialoqdan, ən azı hərbçilər səviyyəsində imtina edə bilməyəcək".
Digər ekspert Orxan Qafarlı isə hesab edir ki, "NATO üçün Qara dənizdə möhkəmlənmək Türkiyəni geri qaytarmaq üçün zəruridir.
"Hazırda Alyans ilə Türkiyə arasında bir çox məsələlərə dair fikir ayrılığı var. Lakin hər iki tərəf əməkdaşlığın lazım olduğunu anlayır", deyə politoloq bildirib.
Qafarlının qənaətinə görə, NATO-da iştirak Türkiyə ilə Aİ ölkələri arasında qarşılıqlı ziddiyyətləri yumşaltmağa imkan verir. Eyni zamanda Alyans Ankaraya Yunanıstan, Kipr və Fransanın antitürk məzmunlu hərəkətlərinin qarşısını almaqda da kömək edir.
Ekspertlər bir fikirdə həmrəydirlər ki, hazırda NATO ölkələri üçün vacib məsələ Baydenlə dialoq qurmaqdır və bu mənada Alyans ölkələri dövlət başçılarının sammiti ilk sınaq olacaq.