BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".
Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.
"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.
Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.