YAZARLAR

“Heykəl müharibəsi”: bu günün qəhrəmanı sabah zibillikdə yer ala bilər

Tarixə baxış bucağı dəyişirsə, keçmişdə qəhrəman kimi qəbul etdiyimiz pərəstiş obyektinə də münasibət dəyişməlidir
Sputnik

BAKI, 30 iyun — Sputnik. ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölməsi ölkənin bir sıra şəhər və ştatında polislə ciddi qarşıdurmaya, talan və yanğına səbəb oldu. ABŞ-da proses səngisə də, etiraz dalğası başqa ölkələrə yayıldı. Avropa Birliyi və Böyük Britaniyada etiraz edənlər əsasən irqçiliyə və polis zorakılığına qarşı çıxış etdilər. Bu etiraz aksiyalarının qəribə bir təzahürü də ortaya çıxdı. Polisə qarşı yönəlmiş etiraz birdən-birə istiqamətini dəyişib “heykəl müharibəsinə” çevrildi.

Qaradərili fəalların lideri "ABŞ-ı yandırmaqla" hədələdi

Bir gün öncə Xristofor Kolumbun heykəli də məhv edilmişdi

İlk növbədə ABŞ-ın Virciniya ştatında yerləşən Riçmond şəhərində bir neçə heykəl zədələndi. Amerika Konfederativ Ştatlarının prezidenti Ceferson Devisin və konfederasiyanın daha 4 tərəfdarının heykəli dağıdıldı. Bir gün öncə isə Riçmonda Amerika qitəsini ilk dəfə dünya üçün kəşf edən Xristofor Kolumbun heykəli də məhv edilmişdi. Kolumbun heykəlləri həmçinin Boston və Sent-Pole şəhərlərində də darmadağın edilib. “Black Lives Matter” (“Qaraların həyatı önəmlidir”) təşkilatının fəalları dəfələrlə Kolumbu yerli əhalinin soyqırımında ittiham ediblər.

ABŞ-da bir sıra tarixi şəxsiyyətə ucaldılmış heykəllərin sökülməsi, tarixi adların dəyişdirilməsi üçün ciddi tələblər irəli sürülüb. Afroamerikalıların irqçilik və quldarlığın rəmzi kimi qəbul etdiyi ABŞ prezidentləri Corc Vaşinqton və Tomas Ceferson bu dövlətin qurucuları olaraq ağdərili əhalinin hörmətlə yanaşdığı şəxsiyyətlər sırasında yer alıblar. Tarixə yanaşmada hansı mövqedə qərarlaşmaq məsələsi olduqca mübahisəlidir.

Kolstonun var-dövləti məhz qul alveri üzərində qurulmuşdu

Böyük Britaniyada da “heykəl müharibəsi” geniş vüsət alıb. İlk zərbə Bristolda yerləşən, 17-ci əsrdə yaşamış ingilis taciri Edvard Kolstonun heykəlinə dəyib. Narazı kütlə Kolstonun heykəlini postamentdən atıb. Edvard Kolston vaxtilə həm Britaniya parlamentinin üzvü, həm də xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. Vaxtilə bir sıra məktəb, xəstəxana, kilsəni inşa etdirib. Amma Kolstonun var-dövləti məhz qul alveri üzərində qurulmuşdu. 84500 insanı Afrika qitəsindən Britaniya məxsus gəmilərdə daşıyıb özünə böyük sərvət qazanıb.

İnternetdə hətta “Topple the Racists” (“İrqçiləri devirin”) hərəkatına məxsus sayt da yaradılıb. Britaniya adalarında irqçilikdə ittiham olunan bütün tarixi şəxsiyyətlərə ucaldılmış heykəllərin xəritəsi bu saytda yerləşdirilib. “Biz quldarlar və müstəmləkəçilərə ucaldılmış bütün heykəllərin yığışdırılmasının tərəfdarıyıq. Britaniya öz keçmişi barədə həqiqəti bilməlidir, bu, həm də günümüzün düşüncəsini formalaşdırır”, - deyə saytda müraciət yer alıb.

ABŞ-da "taxtdan endirilmə" növbəsi daha bir prezidentə çatdı

Britaniyanın məşhur siyasətçisi Vinston Çörçilin də heykəlinə qarşı hücum olub, altında “irqçi” ifadəsi yazılıb. İngiltərə tarixinin ən görkəmli şəxsiyyətləri bu gün hər tərəfdən zərbə alırlar. Hazırda britaniyalı feldmarşal, lord Kitçenerin də heykəlinin demontaj olunması təklifi irəli sürülüb. O vaxtilə Afrikada burlara qarşı gedən müharibədə dinc əhali üçün ilk dəfə əsir düşərgəsi yaratması ilə tarixə düşüb. İlk hərbi düşərgələri almanlar yox, məhz ingilislər icad ediblər. Oksfordda isə Britaniyanın müstəmləkəçi siyasətini Cənubi Afrikada reallaşdıran Sesil Rodsun da heykəlinin yığışdırılması təklifi irəli sürülüb. Vaxtilə onun adı Şimali və Cənubi Rodeziyaya verilmişdi. Rods yerli əhalini almaz mədənlərində işə cəlb etmək üçün hər bir sakin üçün mütləq olan vergi də tətbiq etmişdi. Rods pulun nə olduğunu belə bilməyən afrikalıları ağır işlərə cəlb etməyə bu yolla stimullaşdırırdı.

II Leopoldu “10 milyon konqolunun həyatına son qoymuş cəllad” adlandırırlar

Antverpen şəhərinin rəhbərliyi Belçika kralı II Leopolda ucaldılmış heykəli demontaj edib. Şəhər meriyası ölkədə irqçilik və polis zorakılığına qarşı etiraz aksiyalarına belə reaksiya verməli olub. Belçikada II Leopoldun şəxsiyyəti uzun müddətdir ölkədə mübahisə mövzusuna çevrilib. 1865-1909 illərdə hakimiyyətdə olan II Leopold Afrikanın hazırda Konqo Demokratik Respublikasının yerləşdiyi ərazini zəbt edib, burada olduqca qəddar üsul-idarə rejimi yaradıbmış. Bir sıra mənbədə yerli əhalinin sayının xeyli azaldığı, milyonlarla insanın öldüyü bildirilir.

Belçikada fəaliyyət göstərən “Reparons L'Histoire” (“Tarixi təmir edək”) təşkilatı ölkədə krala quraşdırılmış bütün heykəlləri yığışdırmağı tələb edir. Hərəkatın nümayəndələri II Leopoldu “10 milyon konqolunun həyatına son qoymuş cəllad” adlandırırlar.

Fransa müqavimət hərəkatının lideri, 5-ci Respublikanın ilk prezidenti Şarl de Qollun da heykəlinə qarşı hücum olub. De Qollun büstünü sarı rənglə bulayan etirazçılar “Quldarlıq tərəfdarı” sözlərini də postamentin üzərinə həkk ediblər.

Çörçili irqçi da adlandırmaq olar, Britaniyanı faşizmdən xilas etmiş şəxs də

Putindən ABŞ-dakı iğtişaşlara reaksiya: "Qubernatorlar deyirlər, rədd ol"

Belə bir prosesin baş verməsininin, əslində, çox aydın səbəbi var. Tarixə baxış bucağı dəyişirsə, keçmişdə qəhrəman kimi qəbul etdiyimiz pərəstiş obyektinə də münasibət dəyişməlidir. Tarixin keşməkeşli anlarında güclü liderlərə, müharibədə qalib gələ biləcək şəxsiyyətlərə ehtiyac yaranırsa, bir az sakit dövrdə bu insanlara yanaşma dəyişir. Belə yanaşmanın ədalətli və ya ədalətsiz olduğunu söyləmək də çətindir, amma belə dövrdə adətən ən böyük zərbəni siyasi liderlər, dövlət rəhbərləri, hərbçilər alır, çünki hakimiyyətdə olan şəxs qeyri-populyar, bəzən qəddar qərar da qəbul etməyə məcburdur. Dövründə düzgün sayılan qərar sonra mütləq başqa nəzər altında analiz edilir.

Çörçilin irqçi baxışlarının olmasna dair məlumat az deyil, amma bu, əsasən, siyasətçinin gənclik dövrünə aid edilir. Sonralar çox güclü bir siyasi lider kimi formalaşan Çörçilin baxışlarında xeyli dəyişikliyin olduğu da məlumdur. Məhz polad iradəsinin hesabına Çörçil nasist Almaniyası ilə heç bir razılığa getmədi, müharibənin sonuna kimi davam gətirdi. Onu irqçi da adlandırmaq olar, Britaniyanı faşizmdən xilas etmiş şəxs də.

Kommunist liderlərinin heykəllərinə daha rast gəlinmir

Yeni ideologiya və düşüncə tərzi mütləq köhnə fikirləri inkar etməlidir. Hər hansı heykəlin yığışdırılması, küçə və şəhər adlarının dəyişdirilməsi tarixin silinməsi yox, sadəcə həmin məkanda baş verən hadisələrin başqa cür şərh edilməsinə bağlıdır. Bu günün qəhrəmanı sabah düşmənə çevrilə bilər. Vaxtilə ABŞ özü də Böyük Britaniyanın müstəmləkəsi olub. Kral III Georqun heykəlləri də bir çox yeri bəzəyib. Sonra hamısı ortadan götürülüb. İndi isə o dövrün qəhrəmanlarının heykəllərini yığışdırmaq tələbi gündəmə gəlib.

Kommunizm dövrünün simvolları ilə mübarizə vaxtilə Azərbaycanda da geniş vüsət almışdı. Lenin, Stalin və digər kommunist liderlərinin heykəllərinə daha rast gəlinmir. Hətta azərbaycanlı kommunist Məşədi Əzizbəyovun həm heykəli yığışdırılıb, həm də adında olan metro stansiyası, küçə və rayonun adı dəyişdirilib. Keçmiş simvollardan tək Nəriman Nərimanov və Ayna Sultanovanın heykəlləri yerində durmaqdadır. Ara-sıra onların da demontaj edilməsi təklifi irəli sürülür.

ABŞ-da etirazlar: Məsələyə "Ku Kluks Klan" da qarışdı

Heykəl müharibələrində sənət adamları, şair və yazıçıların, bir də mifik qəhrəmanların abidələri daha az zərbəyə məruz qalır. Hətta ölkələr arasında mövcud razılaşmalar əsasında abidə və heykəllərin quraşdırılması adi haldır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 4 abidəsi Rusiyanın müxtəlif şəhərlərində ucaldılıb, eyni zamanda böyük rus şairi Aleksandr Puşkinin heykəli də Bakının mərkəzində yüksəldilib.

Bir heykəl götürülüb yerinə başqası yüksəldiləcək

Bəzən böyük mütəfəkkir və şairlərin də heykəlləri zərbəyə məruz qalır. Burada heç bir siyasi motiv və ya əsaslı səbəb olmur. Müasir dövrün vandalları da bəyənmədikləri abidələri dağıtmaq və ya təhqir etməklə məşğul olurlar. Bu ya adi xuliqanlıq hadisəsidir, ya da hər hansı bir kütləvi tədbirdən sonra baş verə bilər. Futbol fanatları sevimli komandanın məğlubiyyətindən sonra qarşıya çıxan hər bir maneəni dağıda da bilərlər. Heykəllər də bu halda hücuma məruz qalırlar.

Azərbaycanın böyük şairi Xurşidbanu Natəvanın Belçikanın Vaterleo şəhərində yüksəldilən abidəsi də vandalların hücumuna məruz qalıb. Özü də bu hadisə bu 2020-ci ilin 8 mart ərəfəsində baş verib. Əlbəttə, bu hadisənin konkret olaraq Natəvana qarşı törədilən bir xuliqanlıq olduğunu da düşünmək doğru olmazdı. Yəqin beynəlxalq qadın gününə olan münasibətin nümunəsidir.

Tarixə yanaşma dəyişdikcə, həmin dövrün görkəmli şəxsiyyətlərinə münasibət də dəyişəcək. Bir heykəl götürülüb yerinə başqası yüksəldiləcək. Növbəti dalğa gələnəcən o da öz növbəsini gözləyəcək.