CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üstündən sükutla keçdiyimiz, gözardı etdiyimiz iki cinayət

Başımız pandemiyaya, koronovirusa, təcrid günlərinə lağ-lağı etməyə qarışıb, ciddi mətləbləri, ciddi problemləri gözardı edirik.
Sputnik

BAKI, 15 iyun — Sputnik. Artıq iki həftədir evdə qalmaq qadağasıyla üzləşdik, daha ciddi hadisələr yaddan çıxdı, az qala unuduldu. Polisin vətəndaşla qaçdı-tutdu oynaması, binaların damlarında məclis quran vətəndaşlar, mağazalardakı ölüm-qalım savaşı bir çox mətləblərin üzərindən sükutla keçməyimizə səbəb oldu. Artıq karantindən, COVİD-19-dan, pandemiyadan yazmaq, bu barədə müzakirələrdə işləmək canımı sıxır. Gördüyüm və anladığım odur ki, bu xəmir hələ çox su aparacaq.

Arvadını öldürməyə cəhd edən şəxsi prokurorluq cinayət məsuliyyətinə cəlb etdi

İş masamın arxasına keçəndən 28 dəfə asqırmışam. Qorxularım “koronavirus əlamətləridir” desə də, ağlım mövsümi allergiyamın fəsadlarından şübhələnir. Xülasə, bir dənə də tək səbir gətirib, ötən həftələrdə pandemiyadan da dəhşətli xəbərlərinə nəzər salmaq istəyirəm. Çoxlarının gözündən yayınan, üzərindən sükutla keçdiyimiz dəhşətli hadisələr...

İkisi də qadına qarşı şiddət, ikisi də cinayət...

...Ötən həftə Şirvan şəhərində qaynının 26 yaşlı qızı ilə qeyri-qanuni ər-arvad münasibətində yaşayan 61 yaşlı kişinin “qoçaqlıqlığı” ilə xəbər yayılıb. Bəli, qaynının – yəni həyat yoldaşının qardaşının qızı ilə ər-arvad münasibətində yaşayan Şirvan sakini 26 yaşlı qadını döyərək, ona xəsarətlər yetirib.

Xahiş edirəm, heç kəs bu 61 yaşlı çalsaqqala bəraət qazandımağa çalışmasın. Üzərində yaşadığımız torpaqlarda, məhz bu coğrafiyada bu hərəkətin əxlaqi baxımdan qətiyyən bəraəti yoxdur. İnsan nə qədər nadan, vecsiz olmalıdır ki, bu əməlindən utanmasın. Şəxsən mən bu cür münasibətləri olduqca iyrənc və əxlaqa zidd hesab edirəm. Bəlkə də, bu cür münasibətlər qanunla qadağan edilməyib, ancaq mənim dünyagörüşümə görə etik deyil. Üstəlik bu münasibətdə zorakılıq, vəhşilik, qadına qarşı şiddət varsa, artıq qanun keşikçiləri də bu məsələyə müdaxilə etməlidir. Bu, karantin qaydalarını pozan vətəndaşla qaçdı-tutdu oynamağa bənzəməz, bu artıq açıq-aydın cinayətdir.

Bu cür qeyri-insani, əxlaqa zidd, tərbiyəsiz davranışlar məni hər zaman hövsələdən çıxarır. Cəmiyyət olaraq bu cür nadan və cahil insanlara, bu pedofillərə qarşı bizim bir təpkimiz, reaksiyamız olmalıdır. 

Oğrular karantin vaxtı indi də ona dadandılar: 5 gün arayla eyni cinayət
Bekarçılıqdan mağazada çörək üstündə savaşa çıxanları qınayan ziyalılarımızın məhz bu cür məsələlərə reaksiya verməsi, bu barədə yazması, danışması vacibdir. Bu cür pedofillər ən sərt, ən amansız cəzaya layiqdir. Bu mənim düşüncəmdir.

Tezliklə 61 yaşlı nadanın, pedofilin cəzalandırılmasını, həm də ən sərt şəkildə cəzalandırılmasını gözləyirəm.

Ən xoşagəlməz xəbərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin 21 yaşlı üçüncü kurs tələbəsinin intiharı oldu. Sevmədiyi adamla ailə qurmağa məcbur edilən tələbə qızcığaz ümidlərinin, arzularının üstündən xətt çəkərək, yeganə çıxış yolunu özünü 18-ci mərtəbədən atmaqda görüb. Məni dəhşətə gətirən məqam isə valideynlərinin onun dəfnində “Vağzalı” çaldırması olub. Təsəvvür edirsiniz, evlənmək istəmədiyi üçün intihar etmiş qızcığazın dəfnində gəlin havası...

Nümunəvi, yaxşı oxuyan tələbə, gözəl-göyçək qızcığaz. Mənasız adətlərin, mentalitetin daha bir qurbanı... Bu necə adətdir, bu necə ənənədir ki, valideyn üçün övladından daha vacib, daha önəmlidir?

Düşünürəm ki, övladının bədbəxtliyinə, ölümünə səbəb olmuş valideyn də məsuliyyətə cəlb olunmalıdır. Çünki valideyn bəzən mənəvi məsuliyyət hiss etmir, mənasız adətlərə, mental dəyərlərə görə göz qırpmadan övladını qurban verir.

Hər iki cinayətdə adət-ənənələr qədər, valideynlər də günahkardır. 26 yaşlı qızın 61 yaşlı kişi ilə qeyri-qanuni münasibətinə göz yuman ata-ana, baba-nənə və digər yaxın qohumlar birbaşa məsuliyyət daşıyır. Qızını zorla sevmədiyi insanla evləndirmək istəyən və intiharına cahil valideyn də günahkardır.

16 bıçaq zərbəsi vurulan qadının səhhəti və cinayət işi Mehriban Əliyevanın nəzarətində

Yuxarıda qeyd etdiyim kimi, başımız pandemiyaya, koronovirusa, təcrid günlərinə lağ-lağı etməyə qarışıb, ciddi mətləbləri, ciddi problemləri gözardı edirik.

Bəli, bizim cəmiyyət olaraq ən böyük problemlərimizdən biri də, qadına münasibətdir. Qadına şiddət aradan qalxmadıqca, hüquqları pozulan qadınlar intiharı seçdikcə, biz cəmiyyət olaraq bəşəri dəyərlərdən söz düşəndə susmalıyıq. Qadının hüququ tapdalanan cəmiyyətin başqa məsələlərdə asıb-kəsməyə, böyük ideyalardan danışmağa haqqı yoxdur...