İrina Alksnis, RİA Novosti.
BAKI, 19 fevral — Sputnik. Bütün tərəflər son beş ildə qurulmuş ənənələrə tam uyğun olaraq Minsk Sazişinin "Yarım yubileyini" qeyd etdilər. Qərb özünün təşkil etdiyi boşluqdan necə çıxacağını başa düşmədən çaşqınlıq içində tələsir. Rusiya sakitliyini qoruyur, buradan zəhərli "biz ki, xəbərdar etmişdik" ifadəsi şəffaf oxunur.
İstəsəniz, Moskvanın son addımlarında, əldə edilən razılaşmaların Kiyevin günahı ucbatından hələ də yerinə yetirilmədiyinə işarə edən mövqeyinin bir qədər sərtləşdiyini görə bilərsiniz. Dünən Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının bu problemlə bağlı iclası keçirilib. Ancaq Vladimir Zelenski ilə son telefon danışığında Vladimir Putinin Ukraynanın öhdəliklərini yerinə yetirmək niyyətində olub-olmadığına dair birbaşa sualı daha çox nəzərəçarpan idi.
Ancaq eyni müvəffəqiyyətlə, hər şey Moskvanın "Normand formatı" ətrafında Kiyevdəki növbəti səs dalğasını mülayimləşdirmək istəyi ilə izah edilə bilər. Təkcə son günlər orada səslənənlər: a) qüvvələrin bölünməsinin yeni versiyası; b) sərhədə nəzarəti bərpa etmək üçün işçi qrupunun yaradılmasının zəruriliyi; c) Donbasda Ukrayna-Rusiya birgə patrulunun yaradılması ideyası.
Şoyqu Ukrayna ilə müharibədən danışdı
Üstəlik, Ukraynanın bütün təşəbbüsləri aprel ayında "Normand dördlüyü"nin qərarının verildiyi toplantı ilə izah olunur. Bununla əlaqədar olaraq, Kreml ayrı-ayrılıqda hər kəsin "əllərinin üstünə vuraraq" bu sammitin yalnız dekabr ayında Parisdə qəbul edilmiş qərarların icrasından sonra məqsədəuyğun olacağını göstərdi. Faktiki olaraq, həmin qərarların icrası istiqamətində hər hansı irəliləyiş müşahidə olunmayıb.
Ukrayna beynəlxalq aləmdə çox əlverişli bir yer tutur
Kiyev yalnız böyük siyasətə sahib olmaq hissi və dünyanın ən nüfuzlu qüvvələrinə yaxın olmaq fürsətindən istifadə edir. Onun nümayəndələrinin getdikcə nümayişkaranə laqeydlik göstərməsi heç kəsi narahat etmir. Misal üçün Münhen konfransının təşkilatçıları indiki dövlət başçısının çıxış etdiyi salona Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun girməsinə icazə verməyib.
Eyni zamanda, Kiyev, yaranmış vəziyyəti öz xeyrinə dəyişmək üçün hər şansdan istifadə etməyə çalışır. Ukrayna hakimiyyətinin yerinə yetirmək istəmədiyi (və bəzi yerlərdə, yəqin ki, sadəcə olaraq mümkün olmayan) kağız üzərindəki Minsk razılaşmaları var. Nəticədə, beş il ərzində onlar ya razılaşdırılmış müddəaları əvəz etmək, ya da nələrsə əlavə etməklə öz mövqelərini daha sərfəli etmək üçün müxtəlif təşəbbüslər qaldırıblar.
Eyni zamanda, Kiyevin fırıldaqçılığı bütün maraqlı tərəflər üçün o qədər sadə və aydındır ki, eynilə Nigeriyanın "xoşbəxtlik məktubları" və ya vağzal üskükoynadanlarının səviyyəsi kimi yöndəmsiz görünür. Ancaq Ukrayna isteblişmentini burada heç bir şey narahat etmir.
Qərb mövcud çətin vəziyyətdə bağlı açıq-aşkar müvazinətini itirmiş vəziyyətdədir və Münhen Təhlükəsizlik Konfransındakı "Donbasda Sülh üçün 12 addım" adlı məruzə ilə bağlı qalmaqal da bunun daha bir sübutudur.
Ümumiyyətlə, məzmun baxımından olduqca məsum görünən sənədin altında demək olar ki, onlarla ekspertin - bunların arasında bir çox tanınmış və yüksək vəzifəli məmurlar, diplomatlar və hərbçilər, o cümlədən, konfransın sədri Volfqanq İşinger (Wolfgang Ishinger) də olmaqla - imzası vardı.
Lakin hesabat Ukrayna, Amerika Birləşmiş Ştatları ("Atlantic Council" nüfuzlu analitik mərkəzi xüsusilə fərqlənirdi) və tanınmamış Donbas Respublikasının nümayəndələri tərəfindən sərt tənqid olundu. Kimsə orada "Kremlin əlini" gördü, digərləri üçün bu, son illərdə yazılan tonlarla boş kağızdan biri idi.
Nəticədə sənəd əvvəlcə konfransın saytından silindi və bir neçə gün sonra geri qaytarıldı. Bu hərəkətlər (Münhen Konfransı kimi möhkəm bir forum üçün çox da uyğun deyil) Qərbin öz əlləri ilə təşkil etdiyi Ukrayna probleminin ümidsizliyini əks etdirir.
Və bu, həqiqətən də ümidsizdir.
Dövri olaraq, dünyanın müxtəlif yerlərində, olduqca yüksək ekspertlər səviyyəsində belə bir fikir ifadə olunur ki, Rusiya, Avropa və ya ABŞ-ın (və ya hamısının birlikdə) səbri tükənəcək və Ukraynaya qarşı hazırkı Qordi düyününü kəsəcək radikal tədbirlər görüləcək.
Müvafiq proqnozlar olduqca şübhəlidir. Çünki belə tədbirlər ən azı Ukraynanı öz balansına götürməyi tələb edir. Bunu arzulayan və buna hazır olan sadəcə, yoxdur. Qərb bu yükü Rusiyaya yükləmək ümidi ilə bir neçə il keçirdi, lakin bir müddət əvvəl səylərinin nəticəsiz olduğunu başa düşdü. Qərbin bu yükü öz üzərinə götürəcəyini gözləmək sadəlövhlükdür.
Buna görə də, dalandan prinsipial çıxış yolunun mümkünsüz olması səbəbindən mümkün qədər rahat olmaq vacib bir vəzifəyə çevrilir. İlk növbədə bu, boş səs-küy yaradaraq maksimum dərəcədə bonuslar qazanmaq və rahatlığını təmin etmək istəyən Kiyevə aiddir. Onun ətrafındakılar üçünsə bütün bunlar baş ağrısı və vaxt itkisindən başqa bir şey deyil.
Görünür, bu məsələdə Qərbin mövqeyi tamamilə Rusiyanın mövqeyi ilə üst-üstə düşür.