BAKI, 3 fevral — Sputnik.
"7x7" rubrikası həftənin əsas hadisələrini yazır.
Biz nə yeyiriksə, oyuq!
Çində yayılan koronavirus həftə ərzində bütün dünyanı təşviş içərisində saxladı.
Profilaktik tədbirlərə rəğmən, dünyanın müxtəlif yerlərində bu virusa tutulanlar aşkarlandı.
Bu virusun digər supergücün Çin iqtisadiyyatını zəiflətmək üçün istifadə etdiyi alət və hətta Çinin özünün əhalisini "azaltma proqramı" olduğu ehtimalını kənara qoyub, qeyd edək ki, Çində ekoloji vəziyyət kəskinləşməkdə davam edir. Məsələn, həyat mənbəyi hesab olunan su mənbələri bu ölkədə istifadəyə yararsız həddə qədər çirklənib. Məlumata görə, sənaye müəssisələrinin fəaliyyəti, tullantıları səbəbindən Çində çayların 80 faizində həyat əlaməti yoxdur…
İlkin məlumatlarda qorxunc virusun insanlara yarasalardan keçdiyi deyilir. Çin əhalisinin isə rasionunda yarasa ətindən bişirilmiş suplar üstünlük təşkil edir.
Beləliklə, populyar ifadəni xatırlamaya bilmirik: Biz nə yeyiriksə, oyuq!
Bizim həkimin virusu
Məlum olduğu kimi, bir neçə gün öncə İstanbul da koronavirus həyəcanı yaşadı. Daha sonra aydın oldu ki, Türkiyəyə həyəcanı azərbaycanlı həkim assistentin kompüter xətası yaşadıb. Xəstəni kompüter sisteminə azərbaycanlı həkim assistent qeydiyyata salıb və o, "ön diaqnoz" yerinə "dəqiq diaqnoz" qeyd edib və bütün ölkə bir-birinə dəyib. Həmvətənlimiz haqqında cinayət işi açılıb.
Mütəxəssislərimizin qardaş ölkənin tibb sektorunda belə məsul vəzifələrdə qərarlaşması sevindiricidir. Ümid edirik (!), həkimlərimiz Türkiyə səhiyyəsinə əl gəzdirərək, qabaqcıl dünya standartlarına yaxınlaşmaq yolunda olan Türkiyə tibb müəssisələrini tezliklə "Semaşko", "Neftçilər", Sumqayıtın "45"-i səviyyəsinə qaldıracaqlar.
Zibil yeşikləri
Ötən həftə Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün maraqlı görüntüləri yayıldı. Həkimi gözləyərkən sürücünün yaxınlıqdakı zibil qutularını eşələdiyi görünür. O, nələrisə zibilin içindən seçib götürür və onları təcili tibbi yardım maşınına gətirir.
Onların içində koronavirus olmasa belə, dəqiqdir ki, yüzlərlə bakteriya var. Sürücü isə hətta açıq yaralı xəstələrin də daşındığı maşını "zibil maşını" kimi istifadə edir.
Bəli, belə halda kimsə openentlik edərək, deyə bilər ki, ehtiyacı var. Amma nəzərə almalıyıq ki, heç kəsin maddi ehtiyacı, başqasının sağalmaq və həyata qalmaq ehtiyacını və hüququnu əlindən almamalıdır.
Erkən nikah yeni problemdirmi?
Ötən həftənin ən dramatik hadisəsi 16 yaşlı Fatimə Qəmbərovanın 19 yaşlı əri İman Məmmədov tərəfindən boğularaq öldürülməsi idi.
Bəzən statistikalarda və ekspertlərin təhlillərində erkən nikah hallarının artması qabardılır. Ancaq gəlin, etiraf edək ki, bu, bizim mental xüsusiyyətdir və bu günün problemi deyil. Əsrlər boyu erkən nikahlar bu coğrafiyada yayğın olub. Sadəcə, rəsmi kəbinlər, statistikalar sistemli aparılmadığından və dəyərlər zəncirində erkən nikahın təhlükəli olması həlqəsi olmadığından ciddi SOS siqnalı da eşidilməyib. Əksinə, bu gün - müasirləşən cəmiyyət indi buna daha konservativ və rasional yanaşır.
Həşəratdır da…
"Orada həşəratlar yox, bir dənə tarakan olub. O tarakanı mənim obyektimin içərisində axtaran oğlanı heç restoranımda da görmək istəmirəm".
Həftənin ən maraqlı açıqlamlarından biri idi bu. Hansı ki, Bakıdakı restoranlardan biri orada antisanitar vəziyyətin olduğuna dair iddialara cavab olaraq bildirmiş və əlavə etmişdi: "Həşəratdır, hər yerdə var. Neyləyək, bütün günü düşək o həşəratın arxasınca?!"
Bax, koronaviruslar təxminən belə yayılır…
Şəxsi məlumatla təzyiq?
Bir neçə gün öncə əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyi fəaliyyətsizlikdə ittiham etmişdi.
BNA da etmədi tənbəllik, Ə.Şükürovun yol-hərəkəti qaydalarını pozması ilə bağlı məlumatları araşıdırdı və ictimailəşdirdi. BNA-nın mətbuat katibi Mais Ağayev mediaya açıqlamasında bildirdi ki, Ədalət Şükürov son bir ildə dayanma və durma qaydalarını 11 dəfə pozduğu üçün barəsində inzibati tənbeh tədbiri görülüb.
Çox pakizə! Amma BNA-nın özünümüdafiəsinin də müdafiəyə ehtiyacı var. Birincisi, il ərzində 11 dəfə qayda pozuntusu şişirdiləcək qədər ciddi say deyil. İkincisi, Ədalət Şükürovun qaydaları pozması barədə məlumatı ictimailləşdirmək qanunazidd addım idi. Belə çıxır ki, sabah kim bu qurumu tənqid etsə, mediada pozduğu qaydaların siyahısını görəcək.
Sonda idman haqqında
Ötən həftə AFFA-nın XXVIII növbəti konfransı çərçivəsində qurum rəhbərliyinə seçkilər də baş tutdu. Əvvəlki rəhbərlik yenidən AFFA-ya rəhbərlik hüququ qazandı.
Əlbəttə, futbolumuzun dinamik inkişaf etdiyi, milli komandamızın Avropa nəhənginə çevrildiyi halda, ölkədə inqilabi xarakterli islahat dalğası başlansa belə, futbol sənayesində radikal islahata nə hacət?! Qalib komandanı dəyişməzlər!