Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 28 yanvar — Sputnik. Çində koronavirusun yayılması ilə əlaqədar olaraq bu gün bir çox ölkələr Çinlə əlaqələrini müvəqqəti olaraq dayandırıb. Artıq Azərbaycanda da koronavirusa qarşı müəyyən qabaqlayıcı addımlar atılıb. Bu gün Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə APA-ya açıqlamasında Çin restoranlarına getməyi müvəqqəti olaraq dayandırmağın labüdlüyünü vurğulayıb:
"İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər. Koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər".
Maraqlıdır, belə olan şəraitdə ölkədə fəaliyyət göstərən Çin restoranlarının durumu necədir?
Bununla bağlı olaraq Sputnik Azərbaycan kiçik bir sorğu keçirib. "Wall of China"dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, onlar Çindən heç bir məhsul gətirmirlər: "Yeməklər Çin üsulu ilə bişirilsə də, bizə Çindən heç nə gətirilmir. Ət Çində də var, burada da var. Eyni ilə digər məhsullar da. Bizdə, demək olar ki, ət məhsulları satılır. Toyuq, mal, quzu əti, krevetka, kalmardan müxtəlif məhsullar satılır. Krevetka ilə kalmar bizə Azərbaycana ən yaxın ölkələrdən gətirilir. Ümumiyyətlə, Çindən mal gətirmək heç bizə sərf eləməz axı".
"Menyumuzun qiymətləri 5-78 manat arasındadır. Müştərilər öz istəklərinə uyğun olaraq məhsul tapa bilərlər. 78 manata isə bütöv ördəkdir. Bu xörək də Pekin mətbəxinə uyğun olaraq, Çin üsulunda bişirilir", - deyə restorandan verilən məlumatda bildirilib.
"Hong Kong Çin Restoranı"ndan aldığımız məlumata görə, onlar müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar. Restorandan bunun təmirlə əlaqədar olduğu bildirilib: "Ehtimal ki, təmirdən sonra fəaliyyətimiz davam edəcək. Amma restoran niyə bağlanıb, necə bağlanıb, bu kimi məlumatları mən verə bilməyəcəyəm".
"Jasmin Çin restoranı"ndan isə bildirilib ki, öncəki aylarla müqayisədə müştərilərin sayında azalmalar var: "Bizim həm yerli, həm də əcnəbi müştərilərimiz var. Lakin son bir ayda müştərilərimizin sayı azalıb".
"Bizim məhsullarımız da nisbətən yaxın ölkələrdən, şəhərlərdən gətirilir. Amma bu günədək heç vaxt Çindən məhsul gətirməmişik", - deyə verilən məlumatda bildirilib.
Restorandan verilən məlumatda qiymətlərdə heç bir dəyişikliyin olmadığı vurğulanıb.