CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Türk axını", dünya müharibəsi riski və ərinin mal-qarasını oğurlayan qadın…

Yerləşdiyimiz regionda olduqca arzuolunmaz hadisələr baş verir. Ümid edək ki, bundan sonra toqquşmalar İranın bəyanatları - Trampın tvitləri platformasında davam edəcək
Sputnik

7x7 ilin ilk iş həftəsinin ən yaddaqalan 7 hadisəsini şərh edir

"Türk axını"

Həftənin ən mühüm hadisələrindən biri geopolitik əhəmiyyətli “Türk axını” layihəsinin açılışı idi. Rusiya təbii qazının Türkiyəyə nəqli və bu ölkə ərazisindən keçərək Avropaya ötürülməsini nəzərdə tutan layihə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsində olduqca mühüm hadisə olmaqla paralel regionda yeni strateji müttəfiqlik formatına doğru əhəmiyyətli addımdır.

"Türk axını" işə düşdü: Bəs qazın qiymətləri necə olacaq?

Ötən ilin noyabrın 30-da TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı oldu və Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazın avropalı istehlakçılara çatdırılması baxımından vacib addım atıldı. Dəhlizin sonuncu (hələlik sonuncu) adlandıra biləcəyimiz TAP layihəsinin də işə düşməsi ilə Azərbaycan qazı Avropaya çıxacaq.

Beləliklə, proqnozlaşdırılır ki, bu iki nəhəng layihə gələcəkdə vahid infrastruktur kimi birləşə bilər. Prezident İlham Əliyevin dekabrın 24-də “Rossiya-24” televiziyasına müsahibəsində səsləndirdiyi “Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturu müəyyən mərhələdə ortaq infrastruktura çevrilə bilər” fikri də bu proqnozun gerçəkləşmə ehtimalını möhkəmləndirir.

Region üçün risk!

Bir neçə gün öncə ABŞ pilotsuz təyyarəsindən endirilən raket zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymani öldürüldü. Daha sonra isə İran ABŞ-ın İraqdakı hərbi bazasını bombaladı. İnsan itkisi olmasa da, İran tərəfi azı 35 raketin atıldığı və 15 hədəfin vurulduğunu bildirib. Ardınca İran ərazisində Ukraynaya aid mülki təyyarə vuruldu. İlkin məlumatlarda, təyyarəni ABŞ-ın vurduğu bildirilsə də, İran təyyarəni səhvən vurduğunu etiraf etdi.

ABŞ və İran arasındakı gərginlik o həddə çatdı ki, proses üçüncü dünya müharibəsinin başlanğıcı kimi şərh olunmağa başlandı.

İran etiraf etdi: “Ukrayna təyyarəsini səhvən vurmuşuq”

Bəli, yerləşdiyimiz regionda olduqca arzuolunmaz hadisələr baş verir. Ümid edək ki, bundan sonra toqquşmalar İranın bəyanatları - Trampın tvitləri platformasında davam edəcək.

Nərmin SOS-u

Təəssüf ki, həftənin ən yaddaqalan hadisələrindən biri neqativ, hətta olduqca ürəkağrıdıcı idi. Tovuz rayonunun Dondar Quşçu kəndində 21 noyabr tarixində itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın yanvarın əvvəllərində yanmış meyiti evinin yaxınlığında tapıldı. Bir neçə gün sonra isə qətli törətməkdə şübhəli bilinən şəxs saxlanıldı.

Bu faciənin detalları, yəqin ki, istintaq başa çatdıqdan sonra məlum olacaq. Amma hadisə ilə bağlı ən müəmmalı məqam odur ki, ay yarım ərzində qızın valideynləri hansı səbəbdən susqunluq göstəriblər? Bütün ölkəni ayağa qaldırmaq əvəzinə taleyin hökmü ilə barışmaq üçün bu qədər səbr haradan qaynaqlanıb? Və daha bir sual: yerli polis orqanları “açılmamış cinayətlər” qovluğunu qalınlaşdırmamaq üçün bu hadisəni ört-basdır etmək əvəzinə, daha peşəkar, daha səylə araşdırmağa başlamalı deyildimi?!

Üç əcnəbi

Ötən həftə Bakıda mənzildə baş vermiş yanğın nəticəsində 3 əcnəbi tələbə tüstüdən zəhərlənərək həyatını itirdi. Hadisə növbəti dəfə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin qənaətbəxş olmadığı məsələsini aktuallaşdırdı.

Şri-Lankadan olan, ölkəmizə təhsil üçün gəlmiş gənclərin vətənlərinə, çox təəssüf ki, cənazələri qayıdacaq.

Hindistanlı turistlər

Digər hadisə də xaricilərlə bağlıdır. Azərbaycana səfərə gələn bir qrup hindistanlı gənc Şəhidlər Xiyabanında klip çəkdirib. Onlar musiqi sədaları altında rəqs edib əylənərək Şəhidlər Xiyabanından keçiblər.

Hindistan səfirliyi Şəhidlər Xiyabanındakı hadisəni araşdırır

Turizmin inkişafında, turistlərin ölkəmizə daha çox gəlməsində maraqlıyıq. Amma milli dəyərlərimizə hörmətdə heç bir istisna olmamalıdır. Bu məsələdə mühafizəkar yanaşma nümunəsi göstərməliyik – gənclərə xəbərdarlıq edilməli, Hindistan səfirliyinə etiraz təqdim olunmalıdır.

Ərinin mal-qarasını oğurladı

Mal-qaranı müqəddəs hesab edən hindistanlıların yolverilməz hərəkətindən mal-qara ilə bağlı bu həftə Şəmkirdə baş vermiş hadisəyə keçək. Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxslərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan beş baş iribuynuzlu mal-qaranı oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus beş baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyyən edilərək sahibinə qaytarılıb.

Xanım, yəqin ki, tarixə düşdü – ilk qadın mal-qara oğrusu kimi, həm də keçmiş ərindən oğurlamaqla!

Güclülər siyahısında

Nəhayət, gəlin xronikanı pozitiv ruhda bitirək.

Baş ofisi ABŞ-da yerləşən "U.S. News & World Report" adlı media şirkəti "BAV Group" və "The Wharton School of the University of Pennsylvania" ilə birlikdə 2019-cu ilin "Ən yaxşı ölkələri"nin siyahısını açıqlayıb. Siyahıda yer almış dünyanın 80 ölkəsi arasında Azərbaycan da var.

Siyahı dünya üzrə 20.000-dən çox müxtəlif ölkə vətəndaşları ilə aparılmış sorğu əsasında müxtəlif kriteriyalar üzrə, o cümlədən vətəndaşlıq, mədəni təsir, sahibkarlıq, biznes üçün açıqlıq, güc, həyat səviyyəsi kimi meyarlar əsasında hazırlanıb. Təqdirəlayiq haldır ki, ölkə gücünün qiymətləndirilməsində Azərbaycan bir çox aparıcı ölkələri geridə qoyaraq 45-ci yeri tutub. Gücün qiymətləndirilməsi zamanı lider, iqtisadi baxımdan təsirli, siyasi baxımdan təsirli, güclü beynəlxalq müttəfiqlik və güclü silahlı qüvvələr amilləri nəzərə alınıb. İqtisadiyyatın inkişaf tempi baxımından isə ölkəmiz 35-ci yerdə qərarlaşıb.