İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 20 dekabr — Sputnik. "Ticarət obyektlərinin hər biri sığortalanmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə giriş nitqində söyləyib.
O qeyd edib ki, ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin: "Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil".
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayevlə xidmətin ticarət mərkəzləri, bazarlar və s. obyektlərinin yanğından mühafizə istiqamətində gördüyü işlərdən danışıb.
Müsahibəni təqdim edirik:
- Elnur müəllim, bu il yaddaşlarda ticarət mərkəzləri, bazarların yanması ilə yadda qaldı. DYNX yanğın hadisələrinin qarşısının alınması məqsədilə nə işlər görüb?
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bu qurum öz fəaliyyəti dövründə qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib, obyektlərdə yanğın-texniki müayinələr keçirərək, yanğına qarşı çatışmazlıqların aradan qaldırılmasında, yanğınların qarşısının alınmasında, sayının minimuma endirilməsində ciddi tədbirlər həyata keçirib.
2015-ci il 1 noyabr tarixindən respublikamızda sahibkarlığın inkişafı məqsədini daşıyan qanunun qüvvəyə minməsi ilə bağlı yoxlamalar dayandırıldıqdan sonra Xidmətin səlahiyyətlərinə məhdudiyyətlər qoyulub. Obyektlərdə yalnız yanğına qarşı maarifləndirmə tədbirləri aparılıb, bu zaman müşahidə edilən yanğın təhlükəsi barədə rəhbərliyə tövsiyə xarakterli məktublar ünvanlanıb, çatışmazlıqların aradan qaldırılmasının vacibliyi diqqətlərinə çatdırılıb.
- Bu tədbirlər nöqsanların aradan qaldırılması istiqamətində hər hansı bir rol oynayırdımı?
- Açığı, inzibati tədbir görmək mümkün olmadığından, çox vaxt tövsiyə xarakterli məktublarda qeyd edilən nöqsanların aradan qaldırılması təmin edilmirdi. Bu da DYNX-nin fəaliyyətinin lazımi səviyyədə icrasında çətinliklər yaradır, yanğın riskini artırır və insanların həyatının, əmlakının etibarlı qorunması istiqamətində digər tədbirlərin görülməsi zərurətini tələb edirdi. 25 mart 2018-ci il tarixdə Rusiyanın Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzində dəhşətli yanğın hadisəsinin baş verməsi və bu yanğında 41-i uşaq olmaqla 64 nəfərin həlak olması məsələsinin doğrudan da ciddiliyindən xəbər verirdi və bu faciənin respublikamızda təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac vardı.
DYNX bu məqsədlə respublikamızın iri ticarət müəssisələrində obyekt rəhbərlərinin razılığı və iştirakı ilə obyektin real yanğına qarşı vəziyyətini əks etdirən videoçəkilişlər apardı, diqqəti təxliyyə yollarının, çıxış qapılarının, yanğına qarşı su təchizatı sistemlərinin, su mənbələrinin, avtomatik yanğınsöndürmə qurğularının mövcud vəziyyətinə, elektrik təsərrüfatının normativ sənədlərin tələblərinə uyğunluğuna yönəltdi. Videoçəkilişin surətinin elektron daşıyıcıda, yanğına qarşı nöqsanlar qeyd olunmuş akt və rəsmi məktubla sahibkara təqdim edilməsini təmin etdi. Bundan başqa, Dövlət Yanğından Mühafizə Xidmətinin plan qrafikinə əsasən iri ticarət müəssisələrində yanğın-taktiki təlim-məşgələlər uğurla həyata keçirildi, əməkdaşlar fövqəladə vəziyyətdə insanların təxliyyəsi üçün hansı tədbirləri görməli olduqları haqda məlumatlandırıldı, yanğın zamanı fövqəladə hallar orqanı əməkdaşlarının üzləşə biləcəyi çətinliklər, yanğına qarşı çatışmazlıqlar barədə müvafiq aktlar tərtib edilərək müəssisə rəhbərlərinə təqdim olunaraq, tez bir zamanda aradan qaldırılması tövsiyə olundu. Bir sözlə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının obyektlərdə yanğın-texniki müayinə aparmalarına qoyulmuş müəyyən məhdudiyyətlərə baxmayaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin icrasına nail olunması üçün qanundan irəli gələn tələblərin pozulmaması şərtilə təbliğat üsullarından istifadə edilərək müvafiq tədbirlər həyata keçirilib.
- DYNX-nin sığorta müqavilələrinin bağlanmamasına görə cərimə tətbiq etmək səlahiyyəti varmı?
- Qeyd etmək istəyirəm ki, indiki halda Dövlət Yanğın Nəzarəti orqanları sığorta müqavilələrinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin tələblərindən yararlana bilməməkdədir. İcbari qaydada sığorta olunmayanlarla bağlı nəzərdə tutulmuş cərimələrin məbləğinin bəzi hallarda, xüsusilə qeyri-yaşayış sahələri üzrə sığorta haqqından dəfələrlə az olması icbari qaydada əmlak mənafeyini sığorta etdirmək vəzifəsi üzərinə qoyulmuş şəxslərin qanunvericiliyin tələblərinə riayət etmələrinə nəzarətin gücləndirilməsinə maneə yaradır və sığorta sahəsində vətəndaş məsuliyyətinin artmasına təsir etmir. Sahibkarlar onlara cərimə tətbiqinin mümkünsüzlüyünü və Qanunvericilikdəki hazırki vəziyyəti əsas gətirərək, bir çox hallarda sığorta öhdəliyini yerinə yetirməkdən boyun qaçırırlar. Lakin hər bir sahibkar İcbari Sığortalar haqqında Qanunla tanış olmalı, bu Qanunun tətbiqinin nə qədər vacib olduğunu anlamalıdır.
- "EuroHome" ticarət mərkəzində, 3-cü mikrorayon bazarında yanğınlar baş verdi. Burada yanğın təhlükəsizliyi qaydalarına riayət edilirdimi?
- Doğrudur, son günlər "EuroHome" ticarət mərkəzində, 3-cü mikrorayon bazarında yanğınlar baş verib. Qeyd edim ki, həmin obyektlərin rəhbərlərinə dəfələrlə məktublar ünvanlamışıq, onlara yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin vacibliyini, yanğın baş verəcəyi təqdirdə faciəyə səbəb ola biləcəyini xatırlatmışıq. Amma təəssüf ki, həmin obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələbləri yerinə yetirilməyib.
İndi özünüz fikirləşin, əgər əməkdaşlarımız iri ticarət müəssisələrində təbliğat və təlim-məşq üsullarından istifadə edərək bu tədbirləri həyata keçirməsəydi, onda yanğınların sayı və miqyası necə olardı?!
Odur ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə Qanuna cari ilin may ayında müvafiq düzəliş edilib, gələn il yanvar ayının 1-dən obyektlərdə yanğın-texniki müayinələrin keçirilməsinə icazə verilib və əlbəttə ki, bu yanğın təhlükəsizliyinin etibarlı təminatına imkan verəcək.