CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nikola Yurçeviç Azərbaycanda qalıb-qalmayacağından danışdı

Azərbaycan yığmasının baş məşqçisi hesab edir ki, hakimin Uels millisinin qapısına təyin etmədiyi 11 metrlik cərimə zərbəsi oyunun nəticəsinə tamamilə fərqli təsir göstərə bilərdi
Sputnik

BAKI, 17 noyabr — Sputnik, Teymur Tuşiyev. Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Nikola Yurçeviç uğursuz oyunlara rəğmən AVRO-2020-nin təsnifat mərhələsindən sonra da millimizlə işi davam etdirməyə hazırdır.

Rayan Giqqz: Azərbaycana qarşı oyun bizim üçün çətin oldu

Sputnik Azərbaycan bildirir ki, bu barədə xorvat mütəxəssis AVRO-2020-nin təsnifat mərhələsində Uels millisi ilə 0:2 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

"Uelslilərlə oyundan sonra mən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ilə görüşməmişəm. Mənim AFFA ilə müqaviləm 2020-ci ilin fevralınadəkdir. Ona görə indi bu haqda danışmağın mənası yoxdur. Bunu son oyundan sonra müzakirə edərik. Mənim də, ailəmin də Azərbaycan xoşumuza gəlir, oyunçularla münasibətim normaldır.  Odur ki, mən razıyam", - Yurçeviç deyib.

Uels millisi ilə oyuna gəlincə, xorvat mütəxəssis etiraf edib ki, rəqib onun yetirmələrini üstələyib.

"Uels millisini haqlı qələbə münasibətilə təbrik edirəm, rəqib daha yaxşı görünürdü. Biz isə yenə də standart vəziyyətdən qol buraxdıq və rəqib qapısından qol keçirmək şanslarını da dəyərləndirə bilmədik", - məşqçi qeyd edib.

Xatırladaq ki, oyunun baş hakimi Deniz Aytekin qonaqların müdafiəçisinin öz cərimə meydanında əllə oyununa görə uelslilərin qapısına cərimə zərbəsi təyin etməyib.

"Həmin epizodu görmədim, amma köməkçilərimin sözlərinə görə, orada əllə oyun vardı. Reallaşdırılan 11 metrlik zərbə oyunun nəticəsinə köklü təsir edə bilərdi", - Yurçeviç vurğulayıb. O, həmçinin qeyd edib ki, bir sıra əsas futbolçuların, o cümlədən Maksim Medvedevin, Mahir Emrelinin və texniki səbəbdən yığmaya qatıla bilməyən Eddi İsrafilovun yoxluğu da komandasının oyununa təsir edib.

Buz kimi Bakıda qızğın döyüş: Azərbaycan və Uels millilərinin oyunundan kadrlar>>

"E qrupundakı bütün rəqiblərimizin səviyyəsi bizdən üstündür, bir çox futbolçuları Avropanın aparıcı klublarında oynayırlar, ona görə Azərbaycan millisinə onlara qarşı mübarizə aparmaq həddən artıq çətindir. Buna rəğmən, bizim daha çox xal qazanmaq imkanlarımız olub. Məsələn, keçən dəfə Macarıstanla oyunda bizim halal qolumuzu saymadılar", - Yurçeviç deyib. O əlavə edib ki, təsnifat mərhələsinin ötən oyunlarında xeyli sayda gənc azərbaycanlı futbolçudan istifadə edib, yəni onlar gələcəkdə Avropa səviyyəli güclü oyunçu ola bilərlər.

AVRO-2020-nin seçmə turunda son oyununu Azərbaycan noyabrın 19-da səfərdə Slovakiya millisinə qarşı keçirəcək.