BAKI, 8 oktyabr — Sputnik. İnsanlar bəzi dini tabularla bağlı xoşagəlməz hisslər keçirir, onları gerilik, arxaizm, unudulması lazım olan qaydalar kimi qəbul edirlər. Dini qadağalar həm də bir növ azadlığın qarşısını alan bir sərhəd kimi də anlaşılır. Azad olmaq istəyənlər dini qaydalara qarşı dözümsüzlük də ifadə edirlər.
Sosial mediada din, demək olar, həmişə müzakirə mövzusudur. Xüsusilə Məhərrəm, Ramazan aylarında, Həcc ziyarəti dövründə, Qurban bayramı ərəfəsində söhbətlər bir az da qızışır.
Şəbəkədə dindən yazan dəstələr də olur
Haradasa terror aktı oldusa, hansısa ölkədə hicab və ya niqab qadağası reallaşdısa, hər hansı bir məşhur şəxs dinlə bağlı qeyri-adi görünən fikir bildirdisə, diskussiya daha da qızışacaq. Tanınmış müğənni Akif İslamzadənin bu günlərdə bildirdiyi “Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır” fikri növbəti dəfə sosial şəbəkəni çalxaladı. Qadınlar olduqca sərt reaksiya verdilər. “Qadınların daşı ağır olub ona görə” kimi ifadələrə addımbaşı rast gəldik.
Hamı dindən yazır, fikir bildirir. Bilən də, bilməyən də. Adətən şəbəkədə dindən yazan dəstələr də olur. Məsələn, kimsə özünü ateizmlə eyni tutur, ətrafına öz dəstəsini toplayır, bəlkə də bilərəkdən yox. Sadəcə hər dəfə bir qəzəbli dindarı blokladıqca, tədricən çevrəsində yalnız həmfikirləri qalır. İnternetə nə qədər azad məkan desək də, əslində, totalitar düşüncə burada da hakim olur insanların beyninə. “Mənim kimi düşünmürsənsə, onda dostluğumda sənin kimisinə yer yoxdur” ifadəsi reallığı tam əks etdirir.
Yəqin deyər, nə cənnət, nə cəhənnəm?
Dini mövzuda yazılan statuslara dindar çevrənin reaksiyası bəzən daha sərt olur, amma hər hansı bir dini mövzuda informasiya da dindar olmayan insanlarda qeyri-adekvat münasibət doğurur. Məsələn, qadınların cəhənnəmdə çoxluq təşkil edəcəkləri barədə postun niyə bu qədər sərt qarşılanması, əslində, təəccüb doğurur. Axı, bunu bəyənməyənlərin çoxundan “cənnət və cəhənnəmin varlığını qəbul edirsənmi” deyə soruşsaq, yəqin deyər ki, nə cənnət, nə cəhənnəm? Həyat bu dünyadadır, o dünyada heç nə yoxdur, heç o dünyanın özü yoxdur, bunlar hamısı dindarların uydurmasıdır. “Məncə, cənnət də, cəhənnəm də bu dünyadadır. O biri dünyadakı cənnət-cəhənnəm barədə deyilənlər, yazılanlar heç vaxt mənə inandırıcı gəlməyib” yazan birisinə nə fərqi var o dünyada nə olacaq? Bunun mövcudluğuna inanmırsan axı?
Dini mövzu həm də hər hansı bir ciddi partlayışdan sonra da aktuallaşır. Hər hansı radikal qruplaşma terror aktı ilə bağlı bəyanat yaydısa, sosial mediada neqativin səviyyəsi birə on yüksəlir. Dində olmayan, hər hansı bir dini mərasimi icra etməyən, hətta özünü ateist və ya dünyəvi adlandıran insanların dinlə bağlı bir sıra qorxuları var. Adətən paylaşımlarda bunu müşahidə edirik. “Radikal islam”, “radikal dindarlar”, “yaraqlılar”, “terrorçular” kimi ifadələrə addımbaşı rast gəlirik.
Dindar olmayanlar nədən qorxurlar?
Niyə din, xüsusilə də islam dini insanlarda bu qədər qorxu yaradır? Dindar olmayanlar nədən qorxurlar? Əgər nə vaxtsa, dünyada dini qayda-qanun tam bərqərar olsaydı, qorxan insanlar nəyi itirərdilər, hansı azadlıqdan məhrum olardılar?
35-40 il öncə hər hansı islam terror qruplaşması barədə kiçik bir informasiya eşitmək müşkül məsələ idi. Qərb mətbuatının o dövrdə əsas hədəfi SSSR, kommunizm təhlükəsi, “qırmızı briqada“lar, solçu terrorçular idi. Solçu ideyalar dünyada çox populyar olduğundan Çe Gevara kimi qəddar, hər zaman döyüşə atılmağa hazır olan inqilabçı-terrorçu insanlarda romantik hisslər doğururdu. ABŞ-ı ənənəvi sevməyən Latın Amerikasında Çe Gevara əsil qəhrəman idi. İmkanları nə qədər az olsa belə, Sovet İttifaqı dünyada mövcud olan kommunist partiyaları və solçu hərəkatları dəstəkləyirdi. Ötən əsrin 70-80-ci illərində islam terrorçuluğu deyilən bir anlayış yox idi. Hərdən bir ayrı-ayrı epizodlar telekanallarda göstərilirdi. Fələstininin lideri Yasir Ərəfat hətta 1994-cü ildə Nobel mükafatını İsrailin Baş naziri İshaq Rabinlə və Xarici İşlər naziri Şimon Pereslə bölüşmüşdü. “Time” jurnalı isə onun haqqında “kimin üçün terrorçu, kimin üçünsə azadlıq mücahidi” ifadəsini işlətmişdi. Yasir Ərəfatın başçılığı ilə onlarla terror aktı törədilib, amma heç kim ona “islam terrorçusu” damğası vurmayıb.
Sovet İttifaqının dağılmasından sonra sol hərəkatlar, demək olar, tam tənəzzülə uğradı. Ortada real düşmən olmadı deyə, bu obrazı uydurmaq lazım gəldi. İllərdir dünya mətbuatı insanları məhz islam təhlükəsi ilə qorxudur, bu qorxular elə bizim informasiya məkanına da transfer olunub.
Bir çox qorxunun heç bir real əsası yoxdur. Onu formalaşdıran faktorlar var, bunların də sırasında televiziya, internet, sosial media ilə ötürülən “mif”lər durur. Həmin terrorçu dediyimiz insan, əslində, əlindəki qılıncla lazer silahı ilə qorunan bir qalaya hücum edən birini xatırladır. Kim bu insana silah satırsa, o da əsası olmayan qorxuları informasiya məkanında yayır. Hətta bir güllə ilə iki dovşan vuran dövlətlər var. Öz silahını yox, strateji rəqibinin silahını gizli yolla istehsal edib terror qruplarına satan, sonra isə bu işdə başqasını ittiham edənlər kimi.
Dini qadağalar “azad” insan üçün ağır bir yük kimi qəbul edilir
Amma insanları dinə qarşı qorxunu yaradan digər səbəblər də az deyil. Niyə özünə oxumuş, savadlı deyən birisi dini tabulardan qorxmalıdır?
Dini qadağalar “azad” insan üçün ağır bir yük kimi qəbul edilir. Çünki orta ofis işçisinin bir istəyi, bir diləyi var. İşini tez bitirib özünü yaxınlıqdakı paba çatdırsın, pivədən vurub dostlarla mənasız söhbətlərə baş vursun. Pivənin yanında siqareti, marixuanası, islamda haram buyurulmuş qidalar, sonda isə özü kimi tənha qadınla tanışlıq paketi olur. Əgər geydirsə, qadını kişi əvəzləyəcək. Bu insan yolu da düzgün yerdən keçir, zibili də küçəyə atmaz, özünü da ağıllı-kamallı aparar, amma bircə onun narkotik qəbul etmək azadlığını əlindən almayın, yoxsa üsyan edər, aləmi dağıdar.
Dindən qorxanlar rahat şəkildə günaha batmaq imkanının itirilməsindən qorxurlar
İslam dini bir insanın digərinə yalan danışmasını qəti qadağan edir, xüsusilə ticarətdə yalan demək, çəkidə aldatmaq, müştəriyə düzgün olmayan məlumat vermək böyük günahlardan sayılır. Yəni müştərini çəkidə aldadan satıcının cəhənnəm odunda yanacağı birmənalı olaraq dində təsdiqlənir.
İslam dini qumarı və hər hansı bir asılılıq yaradan oyunları qadağan edir. Amma dünyəvi dediyimiz ölkələrdə kazino, oyun avtomatları, müxtəlif buna bənzər totalizatorlar açıq fəaliyyət göstərir. Bu “azadlığı” qumarbazların əlindən necə alasan? Onlar bu dərdə dözə bilməzlər. Həm də bu biznesi quranların maraqları alt-üst olar.
Dində olmayan insanları terror təhlükəsindən daha çox narkotik qəbul etmək, azad intim münasibətlərdə yaşamaq, qumar oynamaq, sələmlə pul vermək kimi imkanların itirilmə təhlükəsi qorxudur. Azad olmaq istəyən həmişə azaddır, amma nəfsinin qurbanı olanlar elə qul həyatı sürürlər. Dindən qorxanlar, əslində, rahat şəkildə günaha batmaq imkanının itirilməsindən qorxurlar.
Dinin hansı tələbi sizdə qorxu yaradır?
İnsan doğru etmədiyini dəqiq bilir, çünki qırılmaz tellərlə Yaradana bağlıdır, amma özü ilə bacara bilmir. Hətta özünü dinlə bir tutan insanların günahları da dini qəbul etməyənlərdən heç də az deyil. Hamı günaha batır, hər kəs bir yolverilməz iş törədir. Sadəcə dini qadağalar sistemində böyüyən insan bəzi əməlləri sadəcə “bunu etmək olmaz” deyə etmir. Çünki Allahın varlığını, cənnət və cəhənnəmi, günah törətməyin cəzasını çəkəcəyini apriori olaraq qəbul edir. Günaha batanda da heç olmasa tövbə edir, namaz qılır, günahının bağışlanmasını Allahdan diləyir.
Əslində, dünyəvi ölkələrdə də hər məsələyə birmənalı yanaşma yoxdur. Yəni marixuananın istifadəsinə icazə verən və qəti qadağan edən, Sinqapur kimi siqareti və saqqızı tam qadağan edən, kazino fəaliyyətinə açıq və qismən icazə verən, tam qadağa edən ölkələr az deyil.
ABŞ-da yeniyetmə ilə istənilən intim münasibət olduqca sərt cəzalandırılır, amma Yaponiyada 14 yaşını ötmüş məktəb tələbəsi öz istəyi ilə intim həyat yaşaya bilər. ABŞ-da hətta kompüterin yaddaşında uşaq pornosu saxlamağa görə belə cinayət işi qaldırıla bilər, amma bir sıra ölkələrdə buna daha yumşaq münasibət göstərilir. Yəni islam ölkəsində evində erotik jurnal saxlayan birisinə bəlkə də heç bir cəza verilməz, amma ABŞ-ın bəzi ştatlarında buna görə insan problem yaşaya bilər. İslamda daha çox insanın əməlinə görə cəzalanması tələbi var.
Əgər insanlardan “dinin hansı tələbi sizdə qorxu yaradır” sualına səmimi cavab verməyi xahiş etsəydik, yəqin narkotik və azad münasibət qurmaq “azadlığı”na, qumar oynamağa, yalan danışmağa qoyulan tabular ilk yerdə qərarlaşardı.
Sosial mediada cənnət, cəhənnəm söhbətlərinin müzakirəsinin heç bir mənası yoxdur, çünki bunun bilməyin cəmi bir yolu var: o da bu dünyanı tərk etməkdir. Əgər həyatın boyu günaha batıb pis əməl törətmisənsə, onda sorğu-sual edən mələklər başının üstünü alacaq və qiyamət günü sorğu-suala çəkiləcəksən.
İnanmayanlar isə hələlik günaha batmaqda davam edə bilərlər. Bu dünyadan köç edib, o dünyanın qapıları önündə boynubükük dayanacaq günəcən.