BAKI, 28 iyun — Sputnik. İdman Arbitraj Məhkəməsi (CAS) "Milan"ı Avropa Liqası yarışından kənarlaşdırıb.
Sputnik Azərbaycan məhkəmənin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə "fair-play"ini pozması olub. Məlumatda bildirilir ki, ötən ildən etibarən məsələ ilə əlaqədar "Milan"la UEFA arasında hüquqi mübahisə davam edirdi. Bu gün son qərar verilib.
CAS-ın qərarına görə, tərəflər arasında razılaşmaya əsasən, İtaliya klubu 2019/20 mövsümündə Avropa Liqasına buraxılmayacaq. Bu müddətdə klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.
Beləliklə, "Milan" Avroliqaya buraxılmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı "Roma" təmsil edəcək, "Torino" isə təsnifat mərhələsində mübarizəyə qoşulacaq.