YAZARLAR

Türkiyə kimin silahını almalıdır: Rusiyanın, yoxsa ABŞ-ın

Türkiyə çətin seçim qarşısındadır: S-400-ləri alsa, uzunmüddətli müttəfiqlərini itirəcək, sanksiyalara məruz qalacaq, almasa, Ərdoğan uduzacaq
Sputnik

“Bizim atdığımız addım bəllidir. İmzalanmış bir müqavilə var. Buradan geri addım atmaqdan söhbət belə gedə bilməz”,- bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Biz ABŞ-a da təklif etdik, “heyət formalaşdıraq” dedik. “Patriot da verin” dedik. “Ancaq şərtləri də ən azı Rusiya qədər müsbət olmalıdır” dedik. Müsbət olsa, “Patriot”lar barədə də addım ata bilərik. Təəssüf ki, ABŞ tərəfi S-400 qədər müsbət təklif vermədi. Biz də Türkiyənin mənfəətlərini düşünərək addım atacağıq”, - Ərdoğan əlavə edib. Türkiyə prezidenti bu fikirləri Ankaranın niyə Rusiyadan S-400-ləri aldığı halda, ABŞ-dan “Patriot”ları almadığına aydınlıq gətirərkən deyib.

İran ətrafında mənzərə yenidən formatlaşdırılır - Üç ölkə prezidenti bir araya gəlir

Qərb mətbuatı vurğulayır ki, əgər Ankara ABŞ-dan oxşar raket sistemlərini almaqdan imtina edərsə, Qərbin sanksiyaları ilə üzləşə bilər. Vaşinqton Türkiyədən S-400 raketlərindən imtina etməsini və onun əvəzində Patriot raketlərini almağı tələb edir. Əgər Ankara bu addımdan qaçsa, Vaşinqton 5-ci nəsil F-35 qırıcı təyyarələrin Türkiyə ilə birgə istehsalından və 100 ədəd F-35 təyyarəsini ona satmaqdan imtina edəcək. Paralel olaraq, Ankara ABŞ-ın sanksiyaları və NATO ilə ciddi problemlərlə üzləşəcək.

Məlumata görə, bu, Dövlət Departamentinin Türkiyəyə son təklifidir. Araşdırmaçılar əmindirlər ki, NATO rəsmiləri bu sövdələşməyə bir növ uğursuz zarafat kimi baxmalı idilər. NATO rəsmiləri bildirirlər ki, Ərdoğanın hökuməti istədiyi yerdən silah ala bilər. Ancaq onlar silahın Rusiyadan alınmasına o qədər də rəğbətlə yanaşmadıqlarını büruzə verirlər. Ekspertlərin fikrincə, S-400 NATO-nun havadan müdafiə sisteminə qətiyyən uyğun gəlmir. NATO hərbi komitəsinin sədri Petr Pavel bu yaxınlarda xəbərdarlıq edib ki, Türkiyə S-400 sistemini almaq qərarında qalsa, bunun "qeyri-müəyyən nəticələri" ola bilər. O, Rusiya raketlərinin Türkiyə torpağında olmasının müttəfiqlərin təyyarələri üçün ciddi çətinlik yaradacağını deyib.

Bölgə inamla fəlakətə sürüklənir: Kimin əlinin kimin cibindən çıxacağı bəlli deyil

İlk növbədə belə bir alqı-satqı Amerikanın Rusiyaya qarşı sanksiyalarının ziddinədir. Burada bəzi ölkələr üçün istisna qaydaları olsa da, Türkiyədə insan haqlarının vəziyyəti və ABŞ-la pis münasibətlərinə görə Ankara problemlər yaşaya bilər. Türkiyənin NATO ilə də münasibətləri qaydasında deyil. Amerika rəsmiləri çoxdan bu qənaətdə idilər ki, Türkiyənin hava məkanının qorunması üçün ən yaxşı variant Ankaranın Patriot raketlərini alması olardı. Bu raketlər artıq Almaniya, Hollandiya, Yunanıstan və Səudiyyə kimi ölkələrin cəbbəxanasına daxildir. Türkiyədə də Patriot-un daha təkmil sistem olduğunu başa düşürlər. Amma Ankarada belə güman edirlər ki, ruslar türklərə S-400-ün daha çox texnoloji sirlərini açacaqlar, nəinki amerikalılar Patriot-un. Üstəlik, Türkiyə S-400-ün daha münasib qiymətə olduğunu bildirir. Türkiyə rəsmilərinin sözlərinə görə, Rusiya ilə sazişə müvafiq olaraq Ankara Moskvadan 2 milyard dollara 4 raket batareyası alacaq. Lakin bu raketləri NATO-nun radar sisteminə qoşmaq mümkün olmadığından, raketlər Türkiyə səmasının yalnız kiçik bir hissəsini müdafiə edə biləcək.

Qərb analitiklərinə görə, Ərdoğanın S-400 sistemini almağa belə həvəsli olması ölkənin milli müdafiəsindən daha çox, onun şəxsi müdafiəsi ilə bağlıdır. Türkiyə prezidenti baş tutmamış çevriliş cəhdi zamanı F-16 təyyarəsinin onun Ankaradakı sarayını atəşə tutması kimi halların təkrar oluna biləcəyindən narahatdır. Bir sıra analitiklər onu da vurğulayırlar ki, əgər Türkiyə S-400 sistemini alsa, batareyalardan birini Ankara yaxınlığında yerləşdirmək işə yaraya bilər və bu batareyanın əsas missiyası hakim elitanı qorumaq olacaq. Xatırladaq ki, 2017-ci ilin sonlarında Ankara və Moskva S-400 raketlərinin 4 divizionunun alınması barədə saziş imzalamışdı. Dəyəri 2,5 milyard dollar olan müqavilə ABŞ və NATO ölkələrinin ciddi narazılığına səbəb olmuşdu.

Bu gün ekspertləri belə bir sual düşündürür - S-400, yoxsa Patriot - Hansı daha güclüdür? Raket Əleyhinə Müdafiə sistemləri arasında dünyanın ən inkişaf etmiş iki texnologiyasının adı hallanır.

Ermənistan yeni reallıqda: Mübarizə qaldığı yerdən davam edəcək

"S-400 Triumf" - (rusca: "C-400 Триумф"; NATO kod adı: "SA-21 Growler") və ya digər adı "S-300 PMU-3" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli "40N6" (400 km), uzun mənzilli "48N6" (250 km), orta mənzilli "9M96" (120 km) və qısa mənzilli "9M96E" (40 km) raketləri. "S-400" hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur. Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi Patriot yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

"MIM-104 Patriot" - ABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-ın əsas müdafiə sənayesi şirkətlərindən biri olan "Raytheon" tərəfindən istehsal edilir. "Patriot" sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli "MIM-14 Nike-Hercules" və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan "MIM-23 Hawk" komplekslərini əvəz edib. Bütün bunlara əlavə olaraq, "Patriot" sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunub. "Patriot" kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz edilib.