SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-İran münaqişəsi: Üfüqdə müharibə görünürmü

İranın açıq döyüşdə ABŞ və müttəfiqləri qarşısında müqavimət göstərməsinin mümkünsüz olacağı görünür
Sputnik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, İranla danışıqlara hazırdır. "Əgər onlar danışıqlar istəyirlərsə, mən açığam", - deyə Tramp jurnalistlərə bildirib.

Xatırladaq ki, mayın əvvəlində ABŞ prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib.

Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.

İran ətrafında mənzərə yenidən formatlaşdırılır - Üç ölkə prezidenti bir araya gəlir

İran isə neft ticarətinə maneələr yaradılacağı təqdirdə Fars körfəzini neft ticarəti üçün bağlayacağını bildirib.

Buna cavab olaraq, ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub. Aviasiyadaşıyıcı zərbə qrupuna "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir.

Əgər ABŞ və İran arasında savaş çıxarsa, Vaşinqtonun bölgədə bir neçə mühüm müttəfiqləri var. Bunlar uzun müddətdir İranla rəqabətdə olan Səudiyyə Ərəbistanı və İsraildir. İsrail əslində Vaşinqtonu bu savaşa təhrik etməyə çalışır. İrana ağır zərbə vurmaq, onun mövcud rejimini dəyişmək istəyən İsrail üçün Vaşinqtonu bu savaşa inandırmaq çox mühümdür. Səudiyyə Ərəbistanı isə ən böyük regional düşməninə qarşı hərbi hərəkata dəstək verəcək. Hətta Misirin də müəyyən qədər İrana qarşı əməliyyata qoşulması mümkündür. Qahirə ABŞ-dan daha çox yardım almaq üçün bu əməliyyata qoşula bilər.

ABŞ hərbi bazaları hazırda faktiki olaraq İranı dörd tərəfdən mühasirəyə almış hesab olunur. Körfəz ölkələrində ABŞ-ın 5-ci hərbi dəniz bazası yerləşir. Bundan başqa Küveyt, İraq, Əfqanıstan, Pakistan və Türkiyə ərazisində leqal ABŞ hərbi bazaları var. Bunların yanında bir də gizli hərbi bazalar, kəşfiyyat mərkəzləri mövcuddur ki, bütün bunlar ehtimal olunan savaş zamanı böyük güc deməkdir.

İran ətrafında gərginlik müharibə ilə nəticələnə bilərmi – politoloq şərhi

Bütün bunları bir yerə cəm edəndə İranın açıq döyüşdə ABŞ və müttəfiqləri qarşısında müqavimət göstərməsinin mümkünsüz olacağı görünür. İranın ən son texniki göstəricilərə malik ABŞ təyyarələri qarşısında Hava Hücumundan Müdafiə Sistemləri belə yoxdur.

İran İslam Respublikası mövcud olduğu 38 il ərzində çox geniş gerilla təcrübəsinə malikdir: İran-İraq savaşı, Livan və Fələstində İsrailə qarşı savaşçı qrupların hazırlanması, eləcə də 1990-cı illərdə Balkan yarımadasında Serbiya, Kosova, Bosniya və Herseqovinada, Yəmən, Əfqanıstan, İraq və daha neçə ölkədə silahlı müqavimət dəstələrinin hazırlanması. Təlim keçən İran ordusunun bu istiqamətdə böyük təcrübəsi ilə yanaşı Yaxın Şərq coğrafiyasında təlim verib hazırladığı böyük militan qrupları var. İran generallarından biri 5 region ölkəsində 200 mindən artıq silahlı savaşçının olduğunu bildirmişdi. Ehtimal olunan savaşda İranın nizami qüvvələrinin ABŞ və müttəfiqləri qarşısında uzun müddət dayanması mümkün görünməsə də, savaşın sonrakı mərhələsində gerilla savaşında vəziyyət dəyişə bilər. Çünki iranlılar uzun müddətdir bu savaşa hazırlaşır, regionda körfəz keçidləri də daxil olmaqla ABŞ-ın bütün maraq nöqtələrini bilir və onları hədəfə çevirəcək. Bu isə bölgədə uzun müddətli və amansız müharibə deməkdir. İraq və Əfqanıstan işğallarını, eləcə də İsrailin Livana hücumları zamanı baş verənləri nəzərə alsaq, o zaman bu mərhələnin amerikalılar üçün də ağır keçəcəyini söyləmək olar. Üstəlik, savaşın uzanması və baş verəcək dağıntılar, kütləvi insan ölümləri müsəlman dünyasında Amerika əleyhinə düşmənçiliyi daha da gücləndirə, kütləvi təpkiyə səbəb ola bilər.

Bölgə inamla fəlakətə sürüklənir: Kimin əlinin kimin cibindən çıxacağı bəlli deyil

Göründüyü kimi, mənzərə müharibənin xeyli dərəcədə ağır və riskli olduğunu əks etdirir. Hər nə qədər Tramp qeyri-standart bir prezident olsa da, Vaşinqtonda onu bu savaşdan çəkindirəcək güclər var. Bu mənada artan təhdidlər və savaş çağırışları heç də müharibənin xəbərçisi ola bilməz. Ancaq risk də hər zaman qalır. İranın rəqibləri ona qarşı ən ağır zərbənin daxildəki çaxnaşma ola biləcəyinə inanırlar.

Çünki istənilən halda dərin dövlətçilik təcrübəsi, ideoloji gücü olan ölkəyə hər hansı kənar müdaxilə İranı daha da gücləndirir. İranda etnik qruplara dəstək çağırışı, bəhreynli deputatın azərbaycanlılara müstəqillik çağırışı, son günlər İranın ərəblər yaşayan Əhvaz bölgəsində davamlı etirazlar İranı içəridən zəiflətmək planının elementləridir. Qarşıdakı dövrdə bu cür fəaliyyətlər daha da artacaq, etnik qruplar içərisində iğtişaşlar, etirazlar artacaq. Buna qarşı Tehranın reaksiyasının nə olacağı da maraq doğurur. İran hakimiyyətinin kənardan təzyiqlərə qarşı içəridə təpki yaratmaq kimi təcrübəsi var. Odur ki, bu təzyiqləri xaricə qarşı müqavimətə çevirmək və ya toqquşma arealını Yaxın Şərqin başqa bir nöqtəsinə daşımaq mümkündür. Hər halda bunu da qarşıdakı aylarda görəcəyik. İran dəfələrlə sınaqdan keçirtdiyi sınaqlardan bu dəfə də faydalana bilər...