SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İŞİD yeni formada və yeni yerdə: Mərkəzi Asiya “xilafəti” yarana bilərmi?

İŞİD-in Yaxın Şərqdə şəriət hökuməti elan etməsi digər müsəlman ölkələrinə də yayıla bilər
Sputnik

BAKI, 26 sentyabr — Sputnik. İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mərkəzi Asiyada "xilafət" yaratmaq istəyir və artıq daha əvvəl yaradılan hücrələri – "camaatları" aktivləşdirib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu MDB anti-terror mərkəzinin rəhbəri Andrey Novikov "İssık-Kul – Anti-terror – 2018" təlimlərinin ikinci mərhələsinin açılışında deyib.

O bildirib ki, İŞİD-in planları uzunmüddətli xarakter daşıyır və nəinki, Qırğızıstana, hətta bütün Mərkəzi Asiya regionuna təhdiddir. Qırğızıstanın baş nazirinin müavini Jeniş Razakov isə əlavə edib ki, Əfqanıstandan olan terror təhdidi artır: "Çünki beynəlxalq terror təşkilatının üzvləri Mərkəzi Asiya ölkələrinə keçirlər. Terror təşkilatının üzvlərinin vəziyyəti gərginləşdirmək üçün Əfqanıstanın şimalından Mərkəzi Asiya regionuna keçmək cəhdləri xüsusilə narahatlıq keçirir".

Suriya ordusu İŞİD-in son qalasına yaxınlaşıb - VİDEO

İŞİD, əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmasıdır. Qruplaşma 29 iyun 2014-cü il tarixində yeni "xilafət" yarandığını elan edərək, tanınmamış dövlət və terror təşkilatına çevrilib. ABŞ və müttəfiqləri 2014-cü ildə Suriyada İŞİD-ə qarşı "Sarsılmaz qətiyyət" adlı əməliyyat keçiriblər. 2015-ci ilin sentyabrın 30-da Rusiya Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə hərbi əməliyyatlara başlayıb və İŞİD-ə sarsıdıcı zərbələr endirib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriya və İraqda terrorizmə qarşı aparılmış uğurlu missiyaya rəğmən, İŞİD terror qruplaşması hələ də dünyanın müxtəlif regionlarında akt törədə biləcək gücə malikdir. O, İŞİD-in hərbi cəhətdən məğlub edilməsinə baxmayaraq, onun tez bir şəkildə taktikalarını dəyişdiyini və bir çox ərazilərdə müxtəlif tipli hadisələr törətməyə qadir olduğunu ifadə edib.

Terror təşkilatı olmasına baxmayaraq, İŞID qısa zamanda populyarlıq qazandı. Bu terror təşkilatının qəddarlığı gerçək xilafət tələblərinə cavab verməsə də, müsəlman aləmində sanki güclü oyanışa səbəb oldu. İŞİD-i cəlbedici edən nədir və xilafət anlayışı özündə nəyi ehtiva edir?

1258-ci ildə monqollar Bağdadı fəth etdikdən sonra şəhərin sonuncu xəlifəsini xalçaya bükərək atları ilə tapdalayıblar. O zamandan müsəlmanlar xəlifənin qisasını almaq barədə düşünüb. Xilafət institutları o vaxt qorunub saxlanmışdı. Abbasidlər sülaləsinin təmsilçiləri Məmlüklər tərəfindən Qahirəyə xəlifə təyin olunmuşdular. Xəlifələr Məmlüklərin hakimiyyəti üçün bir növ bəzək əlavəsi olsalar da, eyni zamanda onlar dünya müsəlmanlarını birləşdirən amil funksiyasını yerinə yetirirdilər. Bu səbəbdən, yeni İslam imperiyası yarananda xəlifə titulu qalmaqda davam edirdi. 16-cı əsrin əvvəllərində xəlifəlik növbəsi Osmanlı sultanlarına çatdı, növbəti 400 ildə İslam dünyasına onlar rəhbərlik etdi. Nəhayət, 1924-cü ildə Mustafa Kamal Atatürk xilafəti ləğv etdi. Buna baxmayaraq, avtokratik rejimlərdə yaşayan müsəlman dünyası üçün ədalətli xəlifə ideyası daima cəlbedici olub. Xilafətin müsəlmanlar üçün cazibərdarlığının daha bir sirri müsəlman aləminin keçmiş qüdrəti ilə bağlıdır.

Peyğəmbərin ölümündən keçən 70 il müddətində müsəlman aləmi İspaniya və Mərakeşə qədər, Mərkəzi Asiya və Pakistanadək genişləndi. Belə böyük qüdrətli imperiyanı cəmi bir adam – xəlifə idarə edirdi. Həmin müsəlman birliyi, müsəlman istiqlalı insanları cəzb edir və bəziləri düşünür ki, xəlifə institutu müsəlmanları yenidən qüdrətli edə bilər. Xilafət dövründə İslam dünyasında elm və mədəniyyətin güclü inkişafı müşahidə edilib — Bağdadda Abbasidlərin hökmranlıq etdiyi dövrdə ədəbiyyat və musiqiyə yüksək dəyər verilib, tibdə, riyaziyyatda, digər elmlərdə dünya güzəranını dəyişən səviyyədə nailiyyətlər əldə edilib.

Yaxın Şərqdə İsrail dövlətinin yaradılması ilə ərəb dünyası tənəzzülə sürükləndi. Əslində, ərəb ölkələri demokratiya uğrunda mübarizə aparmayıblar, onların məqsədi əvvəlki qüdrətlərini təmin etmək olub. Ərəb baharı zamanı Misirdə islamçı Mursi prezident seçildi və qısa zamanda general Əbdul Fəttah əs-Sisi tərəfindən devirdi, bundan sonra İraq və Suriyadakı qanlı xaos fonunda xilafət və İŞID ideyası yenidən gündəmə gəldi. İŞID hətta geyimində belə fərqlənirdi. İŞİD-in qara geyimləri və bayraqları məqsədli şəkildə Abbasidlərin 8-ci əsrdə istifadə etdiyi geyim və bayraq atributlarına bənzədilirdi.

İŞID xilafət qurduğunu elan etsə də, bütün fəaliyyət prinsiplərini terror üzərində qurub. Rəsmi məlumatlarda bildirilir ki, terror təşkilatlarının Azərbaycanda da tərəfdarları var, ölkədə onu açıq müdafiə edirlər.

Dünyanın ən varlı terror təşkilatı məlum oldu

Cinayətkar bir dəstənin, həm də ABŞ-ın, Qərbin siyasi məqsədlər üçün qurduğu, quldurluğa və terrora qurşanmış bir təşkilatın hər hansı bir formada müdafiə olunması yolverilməzdir. Sadəcə olaraq, Azərbaycanda bunun müdafiə edilməsinin səbəbi dini və etnik zəmində qarşıdurma yaratmağa cəhd edən insanların niyyətindən başqa bir şey deyil. Buradan da görünür ki, kimlərsə bu planı həyata keçirmək, ziyarətgahlara hücum etmək, ziyarətgahları dağıtmaq niyyətləri güdürlər və bununla da ölkədə məzhəb qarşıdurması alovlandırmaq fikrindədirlər. Bu məsələdə dövlət kifayət qədər ciddi və barışmaz mövqe qoyub, bu əməllərin qarşısı dərhal alınır. Çünki Suriyada və İraqda vuruşan və İŞİD-in tərkibində olan, onlarla əlaqəsi olan hər hansı bir insana qarşı kompromis mövqe sərgilənməsinin fəsadlar törədə biləcəyini ehtimal etmək olar.

İŞİD-in Yaxın Şərqdə şəriət hökuməti elan etməsi digər müsəlman ölkələrinə də yayıla bilər. Bu isə İŞID-i meydana gətirən Vaşinqtonun özünə də baş ağrısı gətirməyə bilməz.

İŞİD, əl-Qaida kimi təşkilatlarla müqayisədə sanki dünyəvi rəhbərlər (hətta diktator olsa belə) Qərb üçün daha münasibdir. Terrorçu təşkilatları isə uzun müddət idarə etmək mümkün olmur. Onlar nə vaxtsa, nəzarətdən çıxa bilirlər…