RUSİYA

Rusiya-Türkiyə-İran birliyini sınayan proses - "İdlib başağrısı"

Əgər strateji əhəmiyyətdən söhbət gedirsə, onda Suriya rejiminin ordusu İdlib əvəzinə, PKK və PYD güclərinə qarşı vuruşmalıdır
Sputnik

Tehranda keçirilən İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü dünya mətbuatının gündəmindədir. Prezidentlərin görüşündə regional, eləcə də qlobal xarakter daşıyan Suriya problemi müzakirə edilib.

Türkiyə-Rusiya-İran prezidentlərinin Suriya məsələsi ilə bağlı Zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olan Rəcəb Tayyib Ərdoğanın sammit öncəsi Vladimir Putinlə və Həsən Ruhani ilə görüşüb.

NATO, KTMT, Qoşulmama Hərəkatı: Gəmimiz aysberqlər arasında üzür

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, regional məsələlər və regional əməkdaşlıq, Yaxın Şərqdəki, Suriya məsələsi, xüsusən də son günlərdə İdlib ətrafında yaranmış durum müzakirə edilib. 

Sammitdə çıxış edən Ərdoğan bəyan edib ki, Rusiya və İranla dostuq, ancaq Türkiyənin maraqları nəzərə alınmadan İdlibi vursalar, Ankara Astana prosesindən uzaqlaşa bilər, çünki hava bombardmanları nəticəsində həm xeyli mülki vətəndaş öləcək, həm də milyonlarla suriyalı yenə Türkiyəyə axın edəcək. Ona görə də Ərdoğan İdliblə bağlı yeni üçlü plan hazırlanana qədər Rusiyaya atəşkəs təklif edib. "Bu gün gərginliyin aradan qaldırılması üçün geriyə yalnız İdlib qaldı. Təbii ki, burada müxalifət regionda baş verən proseslər səbəbini anlamadıqlarından özlərinın aldadıldıqlarını düşünür. Türkiyə olaraq şəhidlər verdiyimiz və ciddi fədakarlıq göstərdiyimiz bu prosesin bu andan etibarən çox riskli bir mərhələyə gəldiyini görürük. Ona görə də İdlibin qan gölünə dönməsini heç vaxt istəmirik. Siz dostlarımızdan da bu səylərimizdə bizə dəstək olmağınızı gözləyirik" — Ərdoğan bəyan edib. O bəyan edib ki, "Astanada başlatdığımız işi davam etdirməliyik".

Cavabı ağır olacaq durum: Tram dünyanı niyə ABŞ-a düşmən edir?

"Biz Suriyanın siyasi birliyinin təmin olunması, ərazi bütövlüyünün qorunması və münaqişənin həllinə nail olmalıyıq. İdliblə bağlı ağlabatan bir çıxış yolu tapmalıyıq. Bu regionu öz xalqına qarşı qırğınları hələ də yaddaşlarımızda qalan Əsəd rejiminin insafına buraxılmasına razılıq göstərmərik. Qarantiya olan dövlətlərin Suriyada yeni zorakılıq dalğası, humanitar böhran yaşanmasına icazə verməyəcəyi mesajını bu zirvədən beynəlxalq ictimaiyyətə verilməliyik. PYD/YPG daxil olmaqla Suriyadan gələn hər cür terrora və Suriyanın ərazi bütövlüyünə qəsd edən təşəbbüslərə qarşı birgə olmalıyıq. Türkiyə Suriyanın siyasi, coğrafi və sosial bütövlüyü həqiqi mənada təmin olunana qədər bölgədəki varlığını qorumaqda qərarlıdır. İŞİD təhdidi və təhlükəsi qalmamasına baxmayaraq, Amerikanın bölgədə digər bir terror təşkilatını gücləndirməyə davam etməsindən çox narahatıq. Bütün dünyanın İdlibə çevrildiyi bir vaxtda Fəratın şərqində arzu etmədiyimiz hadisələr baş verir. Bir sıra xarici qüvvələrin regionda İŞİD-lə mübarizə bəhanəsi ilə atdığı addımların artıq tamamilə başqa bir istiqamətə yönəldiyi bir həqiqətdir. İdlibdə atəşkəs elan edilməsi sammitin ən mühüm addımlarından biri olacaq və mülki vətəndaşları ciddi rahatlaşdıracaq" – Ərdoğan fikrini yekunlaşdırıb. 

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, Suriyanın İdlib əyalətində terrorçular müxtəlif təxribatlar hazırlayır və törədir. Onun sözlərinə görə, ən təhlükəli məqam təxribatlarda kimyəvi silahlardan da istifadə olunmasıdır. V.Putin bildirib ki, hazırda ölkə ərazisinin 95 faizi terrorçulardan təmizlənib, 15 minədək sakin yurd-yuvasına dönüb. Rusiya prezidenti davamlı humanitar tədbirlərlə suriyalıların evlərinə qaytarılmasına tərəfdar olduğunu vurğulayıb: "Suriya probleminə dair daha əvvəl keçirilmiş iki zirvə görüşünün qərarları uğurla həyata keçirilir. Ölkədəki vəziyyətin sabitləşməsi istiqamətində xeyli irəliləyiş var".

"Tehran sammiti" ilə bağlı 12 bənddən ibarət bəyannamə qəbul edilib və "Astana razılaşması"na sadiq qalmaq fikri bir daha vurğulanıb.

Toqquşan maraqlar: Qarşıdurmanın sonucu hər şeyi aydınlaşdıracaq

Vurğulayaq ki, prezidentlərin görüşündə hər üç dövlətin maraqlarına toxunan məsələlər olub. Qlobal siyasətdə baş verən dəyişikliklər nəticəsində bu dövlətlərin maraqları üst-üstə düşsə də, onların müxtəlif mövqelərdən çıxış etmələri üçün də kifayət qədər əsaslar var. Göründüyü kimi, regionun ən iri dövlətləri öz siyasi təhlükəsizliklərini, iqtisadi maraqlarını qorumaq, bu gün bölgədə cərəyan edən qlobal siyasi proseslərdən itkisiz çıxmaq üçün cəhd göstərirlər.

Rusiya Yaxın Şərqdə və Xəzər dənizi ətrafında öz təhlükəsizlik zolağını formalaşdırmaq istəyir. Rusiya Xəzər dənizini öz təsir sferasında hesab edir və kənar qüvvələrin bura müdaxiləsini arzulamır. Rusiya Amerikanın təsir dairəsinə düşmüş Yaxın Şərqə nüfuz edərək bölgədə öz nüfuzunu bərpa etməyə çalışır. ABŞ isə Slavyan birliyinin əsas ölkəsi sayılan Ukraynada söz sahibinə çevrilmək istəyir. Rusiya buna mane olur. Bütün bu qarşıdurmalardan əziyyət çəkən isə kiçik ölkələr olur. Çünki kiçik ölkələrin qarşısında "ya ABŞ-ın, ya da Rusiyanın yanında yer almaq" tələbi qoyulur. ABŞ-ın yanında yer alan ölkə Rusiya tərəfindən, Rusiyanın yanında yer alan ölkə isə ABŞ tərəfindən sıxışdırılır. Onu da nəzərə alaq ki, dünyada yeni bloklar formalaşdırılır. Artıq bölgədə yeni bir üçbucağın yaranması sürətlənir. Türkiyə-İran və Rusiya üçbucağı yeni güc mərkəzindən xəbər verir. Azərbaycanın bu üçbucaqla hansısa formada əməkdaşlıq etməsi ölkəmizi xarici təhdidlərdən sığortalayır. Belə bir alyansın yaranması İranın da xeyrinədir. Belə ki, o, Türkiyə vasitəsilə öz neftini və qazını Avropaya çıxaracaq və böyük gəlir əldə edəcək. Bundan əlavə, İranla Türkiyənin yaxınlaşması və Rusiya ilə birlikdə ittifaq yaratması bütün müsəlman aləmində ciddi güc mənbəyinə çevrilə bilər. Bundan sonra Ərəb Ölkələri Birliyinin heç bir üzvü onların işinə qarışmağa cürət etməyəcək. İran regionda söz sahibinə çevrilə bilər. Bu da İranın iqtisadi, maliyyə, hərbi gücün artmasına gətirib çıxara bilər. 

Ermənilərin böyük dayağı yıxılmaq üzrədir

Tehran sammitində İdiblə bağlı Ankara və Vaşinqon arasında yaşanan gərginliyə baxmayaraq, Türkiyənin bu mərhələdə Rusiya ilə yaxınlaşma siyasətinin davam etdirəcəyi gözlənilir. Həmin kontekstdə Yaxın Şərqdə amerikalıların həyata keçirdiyi siyasətin bir sıra detalları üzərində dayanılaraq, Türkiyəyə zərər yetirəcək elementlərin olduğuna diqqət çəkilir. Əslində, Vaşinqonun ortaya atdığı "Kürdüstan" amili də İran və Türkiyəni yaxınlaşdırır. 

Suriyada və bölgədə Ankara və Tehrana qarşı mübarizə aparan bir neçə radikal kürd qruplaşması da mövcuddur. Yəqin ki, burada söhbət İrana qarşı hazırlanmış planların reallaşmağa başlamasından gedir. Deməli, Tehran artıq separatçılıq təhlükəsini öz üzərində hiss etməkdədir. Bu da təbii olaraq ABŞ-ın tərtib etdiyi və Yaxın Şərqdə həyata keçirilməli olan destruktiv planlarına qarşı region dövlətləri ilə əməkdaşlığı zəruri edir. Nəzərə alaq ki, Türkiyə də kürd separatizmindən əziyyət çəkir. İrandan fərqli olaraq bu ölkə uzun illərdir ki, aktiv surətdə terror məkanına çevrilib və burada əsas rolu kürd qruplaşmaları oynayır. İranla Türkiyə bu cür destruktiv fəaliyyətə qarşı çoxdan birləşməkdən başqa yolları qalmır.

Rusiyanın həmin məsələdə İranla Türkiyənin yanında olması mümkündür. Ən azından ona görə ki, burada ABŞ-ın planlarının pozulmasından söhbət gedir. Sirr deyil ki, hazırda regionda fəaliyyət göstərən əsas terror qruplarının Vaşinqton və onun yaxın müttəfiqləri tərəfindən idarə edildiyi barədə informasiyalar yayılır. 

Dünyanın diqqət mərkəzində olan səfərin gizlinləri...

Bütün bunlar Suriya məsələsində qüvvələr nisbətinin dəyişməsindənmi xəbər verir? Bu nəticəni çıxarmağa xeyli əsas vardır. Lakin unutmaq olmaz ki, Türkiyə təhlükəsizlik və müdafiə sahəsində Qərbə çox inteqrasiya olunub. Onun tamamilə həmin sistemdən aralanması ilk növbədə özünün milli maraqlarına uyğun deyil. Çətin ki, Tehran və Moskva da Ankaradan bunu tələb etsin. Burada əsas məqam ondan ibarətdir ki, illərdir Vaşinqtonun Yaxın Şərqdə apardığı geosiyasi oyunlara son qoyulsun. Yerli xalqları bir-birinə düşmən edib, məzhəb savaşını alovlandırmaqla qlobal təhlükəsizlik üçün də ciddi təhdidlər yaradılır.

Unutmaq olmaz ki, kürd separatçıları bölgənin əksər xalqları ilə düşmən vəziyyətindədirlər və bu amil isə müstəqil dövlət quruculuğuna apan yolda ən böyük əngəldir. Bu kontekstdə Rusiya, İran və Türkiyə əməkdaşlığı hər üç dövlətə faydalıdır. Eyni zamanda, Yaxın Şərq kimi böyük və əhəmiyyətli regionun təhlükəsizliyi naminə vacib addımdır. Lakin bu məsələdə də hər bir ölkə öz maraqlarından çıxış etməlidir. PKK terrorçuları ABŞ-ın dəstəyi ilə Suriyanın ən əhəmiyyətli torpaqlarına yiyələniblər. Terrorçular həmin ərazilərdə olan neft bölgələrinə nəzarət edirlər. Əgər strateji əhəmiyyətdən söhbət gedirsə, onda Suriya rejiminin ordusu İdlib əvəzinə, PKK və PYD güclərinə qarşı vuruşmalıdır. Çünki bölgə üçün ən böyük təhlükə məhz kürd terrorçulardı. Kürd terrorizmi artıq bütün bölgənin baş ağrısına çevrilib. Ankara artıq dolayısı ilə bəyan edib ki, onun maraqları nəzərə alınmasa, İdlibdə açıq hərbi əməliyyatlara başlaya bilər…