İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 20 avqust — Sputnik. Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub. Bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə qərarından sonra edilib.
Qərarda deyilir ki, qəza-bərpa və xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla, 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı hərəkəti məhdudlaşdırılıb.
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.
Amma günün istənilən saatında şəhərin, hətta mərkəzi küçələrində belə, ağırtonnajlı avtomobillərə rast gəlirik. Maraqlıdır, bu avtomobillər hansı şərtlərlə, güzəştlə və ya razılıqla şəhərə buraxılır?
Sputnik Azərbaycan bu məsələni araşdırıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, ağır tonnajlı yük maşınlarının şəhərə daxil olması ilə bağlı həftə içi vaxt məhdudiyyətinin tətbiqi Bakı Şəhər DYP tərəfindən tətbiq edilir. Bu vaxt məhdudiyyətinə uyğun olaraq bu qaydanı pozan sürücülərin paytaxta hərəkəti ilə bağlı tədbir müvafiq qaydada DYP tərəfindən görülür: "Dövlət Avtomobil Nəqliyyatı Xidməti isə öz növbəsində hazırda qüvvədə olan "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın tətbiq edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarının 1.3.-cü bəndinə əsasən, Avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nı təqdim edir”.
“Avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar" – DANX sözçüsü bildirir.
Allahyarova qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasına əsasən, avtomobil nəqliyyatı ilə yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrininin texniki vəziyyəti reysqabağı yoxlanılmalı, sürücüləri reysqabağı tibbi müayinədən keçməlidirlər.
“Belə ki, sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasına əsasən, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir” – DANX rəsmisi əlavə edir.
Hüquqşünas Fərid Həmidli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, "Yol hərəkəti haqqında qanun"a görə, daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır.
“Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. Yük daşınan zaman adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması, sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi nəzərə alınamalıdır” – hüquqşünas vurğulayır.
Onu da əlavə edir ki, Qanuna görə, daşınan yük səs salmamalı, toz qaldırmamalı, yolu və ətraf mühiti çirkləndirməməlidir: “Yyükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır".
Hüquqşünas qeyd edir ki, ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4, uzunluğu bir qoşqulu avtoqatar üçün 20, iki qoşqulu avtoqatar üçün 24 m-dən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 m-dən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir.
Hüquqşünas bildirir ki, qanunu pozan şəxslər müvafiq olaraq Dövlət Yol Polisi Tərəfindən cərimə edilir.
Yol-nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, buna dair heç bir güzəşt, icazə yoxdur: "Bakı şəhərində 200 yol patrul ekipajı var. 24 saat ərzində onlar Bakının girişini nəzarətdə saxlaya bilmirlər. Ancaq bildiyiniz kimi şəhərimizdə müşahidə kameralar var. Və bu kameralar vasitəsi ilə qanun pozan avtomobillər müəyyən edilir və cərimələnir. Yük avtomobilləri də gözdən uzaq olmaq üçün çox zaman yol patrul nəzarəti məntəqələrindən kənarda hərəkət edirlər”.
Allahverənovun fikrincə, istənilən halda nəzarət gücləndirilməli, zaman-zaman bu məsələ ilə bağlı reydlər keçirilməlidir. Çünki əks halda bu qarşısıalınmaz bir məsələyə çevrilə bilər.
Ekspert bildirir ki, yük avtomobillərinin standartdan artıq yüklənməsi xüsusi qapanlar –yük ölçən cihazlarla müəyyən edilir: "Təbii yük avtomobillərinin həddən artıq yüklənməsi yolların sıradan çıxmasın səbəb olur. Xüsusi ilə yay aylarında yolların asfalt kütləsi yumşaq olur və həddən artıq yüklənən avtomobillər tərəfindən defomasiyaya uğradılır. Yolların ağırtonnajlı yük avtomobillər tərəfindən deformasiyaya uğramasının qarşını almaq məqsədilə yük avtomobilləri üçün yeni alternativ və intensiv yol salınmalıdır”.
"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, günün istənilən vaxtında şəhərdə ağırtonnajlı avtomobillərlə qarşılaşmağımızın obyektiv və subyektiv səbəbləri var.
“Bakı şəhərində böyük tikinti bumu yaşanır. Bu işlər görülməlidir. Qadağa olan vaxtda şəhərə avtomobillər girməsə, axşam saat 9-dan sonra səs-küydən yatmaq olmaz. Elə məhəllələr var ki, onların ətrafı alınıb, yeni binalar tikilir. Əgər ağırtonnajlı avtomobillər saat 21.00-dən sonra işə başlasa, bu da narazılığa səbəb olacaq. Düşünürəm ki, bu problem də tənzimlənəcək” – E.Muradlı vurğulayır.