YAZARLAR

Revanş gününə hazırlıq: Tərəflər razı qalsalar da, razılıq əldə etməyiblər

Putinin amerikalı həmkarı ilə dialoqla bağlı heç bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir
Sputnik

BAKI, 18 iyul — Sputnik. Dünyanın diqqəti iyulun 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında keçirilən təkbətək görüşə yönəlmişdi. Görüş planlaşdırılandan artıq – 2 saat 10 dəqiqə çəkdi. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.

Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdılar. ABŞ prezidenti Donald Tramp bildirdi ki, Rusiyanın güclü ordusu olmasına baxmayaraq, onun iqtisadiyyatı bununla müqayisədə elə də böyük deyil. O, həmçinin Rusiyanı "düşmən" adlandırmaq istəmədiyini bəyan etdi.

Tramp Rusiyanı düşmən adlandırmaqdan imtina etdi

"Onların güclü ordusu var, lakin onların iqtisadiyyatı, bildiyiniz kimi, Çindən dəfələrlə kiçikdir. Mən, hətta "düşmən" sözünü belə, işlətmək istəmirəm. Biz hamımız birgə işləyə, hər şeyi çox gözəl şəkildə həll edə və hamımız sülh içində yaşaya bilərik" — deyə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

Rusiya və ABŞ prezidentləri danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçiriblər, lakin birgə bəyanat qəbul etməyiblər.

Tramp Putinlə sanki dost dilində danışmağa üstünlük verib. Putin isə bütün məsələlərə daha sərt yanaşıb. İki tərəfi də maraqlandıran məsələlərdən ən mühümü beynəlxalq münasibətlərdəki qarşıdurmanın səngidilməsi olub. Bu kontekstdə həm Suriya məsələsinə, həm də Ukraynanın şərqindəki məlum problemlərə diqqət yetirilib.

Rusiya prezidenti Suriya məsələsində Astana prosesindən imtina etməyəcəklərini və beləliklə də Suriya məsələsində hər hansı kompromisə getməyəcəklərini bəyan edib. Beləliklə, Suriya məsələsində irəliləyiş əldə etmək mümkün olmayıb. Eləcə də Ukrayna məsələsində də verilən açıqlamalardan belə çıxır ki, tərəflər razılığa gələ bilməyiblər. Ukrayna məsələsində Tramp israrlı mövqedə dayanmayıb.

Putin bəyan edib ki, Moskva iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır. Məsələn, Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu, sistemli şəkil alsın. İran məsələsində də razılaşma əldə olunmayıb. Deməli, Tramp İrana zərbə endirmək fikrindən daşınmayacaq.

Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır. Görüşün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək. Trampa və Putinə də elə bu lazım idi.

Ancaq Putinin amerikalı həmkarı ilə dialoqla bağlı heç bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir. Amerikadakı siyasi mərkəzlər və media ABŞ prezidentinin Putinlə dostluğunun və sıx dialoqunun əleyhinədir.

Onu da qeyd etmək lazımdır ki, tərəflər ilk növbədə Suriya münaqişəsinin çözülməsində maraqlı görünüblər.

Rusiyada əminlik yoxdur: Tramp Putinə verdiyi sözü hər an dəyişə bilər

ABŞ və Böyük Britaniya, o cümlədən İsrailin maraqlarını əks etdirən planın Rusiya tərəfindən masaya qoyulmasını nəzərə alsaq, böyük güclər arasında Suriya üçün "dağıdıcı sülh" planının razılaşdırılmasında yekun mərhələnin başladığı istisna deyil. Qərbin bu nöqtədə əsas məqsədi Qətərdən başlayaraq, Suriya və Türkiyə üzərindən keçməklə Rusiya nəhəngi "Qazprom"a rəqib olacaq qaz xəttinin çəkilməsi üçün bu ölkədə lazım olan regionlara nəzarəti əldə saxlamaqdır.

Suriyada savaş başlar-başlamaz Rusiya Bəşər Əsədin yanında mövqe tutaraq, Qərbin "Qətər layihəsi"nin qarşısında böyük sədd çəkdi. Rusiya digər tərəfdən isə İsrail, Kipr və Yunanıstan da daxil olmaqla Şərqi Aralıq dənizində yeni kəşf olunmuş təbii qaya qazının bu xətlə kəsişən nöqtələrində möhkəmləndi.

Bir sözlə, Vaşinqton və Moskvanın razılığa gələ bilmədiyi məqamlar çoxdur. Burada bir detala da nəzər yetirək. Görüş Rusiyanın regional supergüc statusundan imtina etməyəcəyini göstərdi. Putinlə görüşdə zəif görünən D.Tramp isə ölkəsində ciddi tənqidlə üzləşib.

Onu da vurğulayaq ki, danışıqların davam etdirilməsi haqqında ümumi razılıq əldə edildi, lakin tərəflər, demək olar ki, heç bir önəmli məsələdə razılığa gələ bilmədilər. Ehtimal etmək olar ki, növbəti görüşə qədər Tramp revanş götürmək istəyəcək…