Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 17 iyul — Sputnik. ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında Helsinkidə baş tutan ilk təkbətək görüş hələ uzun müddət gündəmdən düşməyəcək. Hər iki ölkə prezidentinin görüşdən sonra mətbuat konfransında səsləndirdiyi fikirlər heç də birmənalı qarşılanmayıb.
Xüsusilə Qərb ölkələri və mətbuatı Trampın rusiyalı həmkarı Putinlə baş tutan konstruktiv danışıqlarını böyük narahatlıqla qarşılayıb. Ümumiyyətlə isə hər iki ölkənin liderinin baş tutan Helsinki görüşündən gözləntilər çoxdur.
Sputnik Azərbaycan görüşlə bağlı rusiyalı təhlükəsizlik məsələləri üzrə ekspert və siyasi şərhçi Yevgeni Mixaylovla həmsöhbət olub. O qeyd edib ki, hələlik ötən gün baş tutan görüşün Rusiya-BŞ münasibətlərinə müsbət təsir etməsindən danışmaq tezdir.
"Fikrimcə, Putin və Tramp arasında baş tutan ilk genişmiqyaslı görüşün Rusiya-ABŞ münasibətlərinə necə təsir edəcəyini qiymətləndirmək çətindir. Lakin baş tutan görüş dünya birliyində, beynəlxalq ictimaiyyətdə dünyanın ən böyük nüvə dövlətlərinin qarşılıqlı münasibətlərində və maraqlarında təmas nöqtələrinə dair hər hansı konsensus tapacaqlarına ümid yaradır" — deyə Mixaylov bildirib.
Rusiyalı ekspertin sözlərinə görə, görüşün təşkil olmasında hər iki tərəfin qarşılıqlı marağı var idi: "Prezident Vladimir Putin təcrübəli strateqdir və əgər o anlasaydı ki, Tramp qarşılıqlı güzəştsiz və razılığa hazır olmadan, yalnız Rusiyaya təzyiq etmək niyyətindədir, onda bu görüş qeyri-müəyyən müddətə, amerikalıların yenidən iki ölkənin liderləri arasında qarşılıqlı maraq şəraitində görüşün baş tutması barədə istəklərini ifadə edənə qədər təxirə düşəcəkdi".
Mixaylov qeyd edib ki, siyasət həmişə güzəşt tələb edir və Vladimir Putin ilə Donald Trampın baş tutan görüş barədə pozitiv danışmaları hər şeydən əvvəl onu deməyə əsas verir ki, liderlər qarşılıqlı əlaqələr üçün nöqtələri tapıblar: "Məhz bu qarşılıqlı nöqtələri inkişaf etdirməklə ölkələrimiz genişmiqyaslı qarşılıqlı tərəfdaşlıq əlaqələrini bərpa edə bilər. Bunu da vurğulmaq istəyərdim ki, Tramp doğrudan da Putin haqqında çox ehtiramla danışıb. Bu, özü də çox mətləblərdən xəbər verir. O anlayır ki, Rusiya Qərbi Avropadakı faktiki vassal dövlətlərdən fərqli olaraq güclü rəqibdir".
"Zənnimcə, görüşün həqiqi nəticələrini biz bir müddət sonra dəyərləndirəcəyik. Yalnız bir müddət keçdikdən sonra biz təkbətək görüş zamanı müzakirə olunan məsələlərin və əldə olunan müsbət razılaşmaların bütün dünyada vəziyyətə necə təsir etdiyini görə biləcəyik" — ekspert vurğulayıb.
Həmsöhbətizin sözlərinə görə, kələlik görüş faktının özü uzun müddət müzakirə olunacaq: "ABŞ prezidentinin verdiyi sözlərin həyata keçib-keçməyəcəyi bəlli deyil. Biz Rusiya prezidentindən fərqli olaraq, Trampın dəfələrlə öz qərarını bir gün içərisində necə dəyişdiyinin şahidi olmuşuq".
Qeyd edək ki, dünən Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüşü olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.
Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.