MƏDƏNİYYƏT

İndi gəl onlara izah et ki, bu, əxlaqsızlıq deyil

Görən bu adamlar özlərinə sual ediblərmi: nədir əxlaq?
Sputnik

BAKI, 11 yanvar — Sputnik. Fərqli oxuyan müğənni əxlaqsızdır! Fərqli yazan yazıçı əxlaqsızdır! Fərqli rollar canlandıran aktyor, aktrisa əxlaqsızdır! Fərqli rəsmlər çəkən rəssam əxlaqsızdır! Ümumiyyətlə, fərqli olan hər kəs əxlaqsızdır!

Azərbaycanda narkotiki və əxlaqsızlığı təbliğ edən "sənətçilər"

Bu əxlaqsızlıq damğası artıq zəhləmizi töküb. Cəmiyyətin tipik fərdləri, milli şüurun sədaqətli dostları, mentalitetçilər, ənənəçilər, xüsusən yaşlı nəslin bəzi nümayəndələri və onların tərbiyə etdiyi gənc nəslə mənsub şəxslər azca qeyri-adilik görən kimi "aha, əxlaqsızdır!" deyib şəhadət barmağını silkələyir. Nədir sənətə və fərdi yaşam tərzlərinə qarşı bu münasibət?

Ümumiyyətlə, nədir əxlaq? Lap şeyximiz demiş, mən bu yaşa çatmışam, cəmiyyətimizin əxlaq dedikdə nəyi nəzərdə tutduğunu hələ anlamamışam. Mən əxlaqın bütün müsbət insani keyfiyyətləri özündə birləşdirən, olduqca geniş anlayış olduğunu öyrənmişdim kitablardan.

Zaman-zaman mühitin əxlaqı cinsiyyət orqanlarına, seksual həyata bağladığını gördüm. O zaman anladım ki, onlar əxlaqsızlıq dedikdə özlərinin yaşam tərzlərinə uyğun olmayan bütün davranışları nəzərdə tuturlar. Əslində isə əxlaqın əsl mahiyyətinə görə başqalarının şəxsi həyatına müdaxilə etmək, önyarğılı olmaq, insanları şəxsi arzu və istəklərinə görə qınamaq, sənətə və sənətkara mühafizəkar münasibət bəsləyib onu daşqalaq etmək əxlaqsızlıqdır.

Onların öz həyatlarını mühafizə etdikləri çərçivələri var və əgər başqa biri öz həyat çərçivəsini onlarınkından azca geniş qurarsa, dərhal əxlaqsız olacaq. Məsələn, hansısa müğənni öz konsertində ayağı və sinəsi açıq geyimdə şou göstərərsə, deməli, əxlaqsızdır. Axı cəmiyyətin məlum nümayəndələri öz həyatlarında ayaqlarını və sinələrini heç kəsə göstərmirlər.

İndi gəl və bunlara izah et ki, bu, sənətdir. Başa sal ki, sənin olar-olmazlarının sənətə və başqalarına heç bir dəxli yoxdur. Bu, onların vecinə də deyil.

Bir rejissor tanışım çəkmək istədiyi filmdə cüzi erotik səhnəsi olan bir obrazı canlandırması üçün aktrisa axtarırdı. Adamın ümidi bir ona qalmışdı ki, seks işçisi olan qadınlardan birini çəksin bu rola. Ölkənin peşəkar gənc aktrisalarının heç biri rolu qəbul etməmişdi.

Bu məsələdə aktrisaları da qınamaq olmur. Kim istəyər ki, öz sənəti ilə məşğul olduğu üçün söyülsün, təhqir olunsun? Aktrisalar bilir ki, o səhnəyə baxan heç bir Azərbaycan tamaşaçısı aktrisanın oyun tərzini, hiss və həyəcanlarını, obraza münasibətini, canlandırdığı xarakteri nə qədər tanıya bilməsini müzakirə etməyəcək. Aktrisa əmindir ki, Azərbaycan tamaşaçısı onun sadəcə bədəninə baxacaq və bədəni göründüyü üçün onu əxlaqsız adlandıracaq.

Erotika və porno – sənət, yoxsa əxlaqsızlıq?

Qəribəsi odur ki, sonra həmin tamaşaçı bu mühitdə Monika Belluçi yetişməsini gözləyəcək. Sonra bu Monikanın Oskar almasını da arzulayacaq. Axı necə? Öz bütün rollarında cəmiyyətin gözündə əxlaqsız olmaması barədə düşünən bir aktrisa necə Monika Belluçi olsun, hələ üstəlik Oskar da alsın? Bu, səhradan balıq tələb etməyə bənzəyir.

Yəqin çoxunuz eşitmisiz, məşhur bir aktrisamız haqqında söhbət yayılmışdı ki, güya İran şahı onun göbəyində mürəbbə şirəsi içib. Kütlədəki fantaziyaya baxın! Sonra həmin aktrisa ömrü boyu İranda olmadığını açıqlamışdı. İndi kimdir əxlaqsız: sadəcə sənəti ilə məşğul olan həmin istedadlı aktrisamı, yoxsa onu öz təxəyülündə İrana aparıb göbəyindən şahlara mürəbbə şirəsi içirənlərmi?

Niyə bu sənət anlayışı olmayan, önyarğılı, radikal şəxslərin nəzərində həyatını istədiyi kimi quran şəxslər və azad yaradıcılıqla məşğul olmaq istəyən sənət adamları əxlaqsız olur? Görən bu adamlar özlərinə sual ediblərmi: nədir əxlaq?