Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan yaş xurma ixracını niyə azaldıb? Ekspert real səbəbi açıqladı

Abunə olmaq
Aqronomlar çarəni tapanda artıq gec olub, xurma bağlarına ziyan dəyib.
BAKI, 28 yanvar — Sputnik. Azərbaycanda ən çox ixrac olunan məhsullardan biri də təzə xurmadır. Lakin keçən il təzə xurma ixracında azalma müşahidə edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, keçən il ölkəmiz 114 milyon dollar dəyərində 154283 ton təzə xurma ixrac edib. Bu, 2023-cü illə müqayisədə dəyər baxımından 10.6%, miqdar baxımından 6.4% azdır.
Azalmanın səbəbləri nədir?
Məsələ ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda təzə xurma ixracının azalmasının səbəbi keçən il ölkədə əsəsən, Aran bölgəsində xurma ağaclarında xəstəliyin yayılması olub: "Bu xəstəlik Aran bölgəsində yaş xurma bağlarının demək olar ki, yarısından çoxunu əhatə edib. Meyvələr yetişməmiş, təxminən iyul-avqust aylarında sulanıb yerə tökülüblər. Çoxlu aqronomlar bu xəstəliyi araşdırmağa başlayıb və sonra çarəsini tapıblar. Lakin artıq gec idi, xurma bağlarına ziyan dəymişdi. Ona görə də yaş xurma ixracında azalma qeydə alınıb. Amma keçən il təzə xurmaya tələbat çox olub və məhsulun alış qiyməti də münasib idi. Yəni fermerlərdən normal qiymətə xurmanı alırdılar. Sadəcə məhsul az oldu və ona görə də ixrac azaldı".
Ekspert qeyd edib ki, bu il həmin xəstəliyin qarşısı alınmasa, yenə də yayıla bilər: "Çünki xəstəlik elədir ki, qarşısı alınmayanda yavaş-yavaş yayılır. Güman edirəm ki, bu il artıq fermerlər daha məsuliyyətli olarlar, bağlara vaxtında qulluq edərlər və xəstəlik olmaz. Şimal bölgəsində isə fermerlər aqrotexniki qulluğu vaxtlı-vaxtında həyata keçirirlər. Amma Aran bölgəsində hələ də bir sıra fermerlər bu məsələlərə səhlənkar yanaşırlar. Ona görə də Aran bölgəsində bu xəstəlik çox oldu. Ümid edirəm ki, bu il vaxtlı-vaxtında aqrotexniki qulluq həyata keçiriləcək və ixrac da artacaq".
Xurma bağlarının salınması subsidiyalaşdırılır
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında xurma xüsusi çəkiyə malikdir: "Ölkəmiz üçün ənənəvi bazarlar sayılan postsovet məkanında xüsusilə Azərbaycanda istehsal olunan xurmaya maraq böyükdür. Azərbaycanda xurma istehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurma bağlarının salınması subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında salınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası ən azı 2 hektarda salınan, hər hektarda damcı suvarma sistemi quraşdırılan, hektar üzrə ən azı 650 ting əkilmiş xurma bağlarına şamil ediləcək".
Əsas ixrac bazarı Rusiya olub
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin 11 ayında Azərbaycanın cəmi təzə xurma ixracının 86,3%-i Rusiyanın payına düşüb. Yəni Azərbaycan xurmasının əsas ixrac bazarı Rusiya olub. Komitə bu istiqamətdə hələlik 12 aylıq məlumatı açıqlamayıb. 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb.
Xurma bağlarını sığortalamaq mümkündür
Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır. Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən sığorta edir. Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir. Məsələn, Göyçay rayonunda yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun sığota haqqı illik 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.
Xəbər lenti
0