CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nalayiq ifadələri ilə gündəmə gələn Qəzvin imamcüməsi Abedini istefa verdi

Molla - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
Bu günlərdə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və Qəzvin imamcüməsi də daxil olmaqla bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
BAKI, 28 yanvar — Sputnik. İranın Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedini vəzifəsindən istefa verib. Bu barədə İran mediası məlumat yayıb.
Ayətullah Əbdülkərim Abedini Qəzvin əyalətinin sakinlərinə vida müraciəti edib.
Xatırladaq ki, yanvarın 25-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının" 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında anti-Azərbaycan kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imamcümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imamcüməsi də daxil olmaqla bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri "təhqir" adlandırıb.
"O ki, qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı" - İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində deyib.
"Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?" - deyə Prezident ritorik suallar verib.
Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedininin vəzifədən istefa verməsinin Azərbaycan və onun liderinə qarşı təhqiramiz ifadələr işlətməsi ilə əlaqədar ola biləcəyi ehtimal edilir.
Bakıda İran səfriliyinin binası, arxiv - Sputnik Azərbaycan, 1920, 25.01.2025
SİYASƏT
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Xəbər lenti
0