Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub

© AR Ministry of Ecology and Natural ResourcesŞirvan Milli Parkında ceyranlar, arxiv
Şirvan Milli Parkında ceyranlar, arxiv - Sputnik Azərbaycan, 1920, 11.01.2025
Abunə olmaq
Şirvan və Abşeron milli parklarında quşların müşahidəsi üçün çox unikal şərait olub.
BAKI, 11 yanvar - Sputnik. Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək. Bunu Azərtac-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.
O bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektarı xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb:

"Ötən il milli parklarımızı ümumilikdə 24 min 638 turistin ziyarət etdiyini bildirən xidmət rəsmisinin sözlərinə görə, COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər. Həmin mövsümdə quşların müşahidəsi üçün çox unikal bir şərait mövcud idi, yəni quşların daha çox miqrasiya etdiyi dövrə təsadüf edirdi. Xarici turistlərin böyük əksəriyyəti məhz Şirvan və Abşeron milli parklarına səfər ediblər", - xidmət rəsmisi deyib.

R.Allahverdiyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Bunlar Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqlarıdır.

"Əlbəttə ki, həmin ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər aparılır. Hazırda tərəfimizdən Bəsitçay dövlət təbiət qoruğunun sanitar-mühafizə zonasının xəritəsi tam yekunlaşıb. Ərazidə artıq inventarizasiya, çöl-tədqiqat işləri aparılıb. Digər xüsusi mühafizə olunan təbiət ərazilərindən isə Daşaltı yasaqlığının xəritəsi hazırlanıb. Həmçinin Arazboyu dövlət təbiət yasaqlığında işlər davam edir. Bununla yanaşı, azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri, eyni zamanda, bioloji müxtəlifliyin bərpası istiqamətində də fəaliyyətimiz davam edir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümi xarakterli balıq buraxılışları həyata keçirilir”, - deyə R.Allahverdiyev bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0