Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?

© Sputnik / Elvin AhmadPensiyaçı qadın, arxiv
Pensiyaçı qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 10.01.2025
Abunə olmaq
Deputat bildirib ki, pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır. Belə ki, bu artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək.
BAKI, 10 yanvar — Sputnik. Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək.
Bunu deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib.
O deyib ki, pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır: "Belə ki, bu artımlar 1,1 milyon vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı ğözlənilir".
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 09.01.2025
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Deputat diqqətə çatdırıb ki, bununla belə, pensiyaların indeksləşdirilməsi yanvar ayının 1-dən hesablansa da artımlar fevral ayından ödəniləcək: "Bunun səbəbi nədir? Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əməkhaqqında artım faizinə uyğun indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz həmin aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək".
"2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq", - o qeyd edib.

Deputat əlavə edib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur: ""Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaş növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
Sərəncama əsasən:
-2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata,
-2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. Mövcud qanunvericiliyə əsasən, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu, o deməkdir ki, 2025-ci ilin yanvar ayında əmək pensiyalarındakı artımlar 2024-cü ildəki orta aylıq nominal əməkhaqqının illik artım faizinə uyğun olaraq həyata keçiriləcək.
Xatırladaq ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir.
Xəbər lenti
0