Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kredit verilən zaman vətəndaşın sosial mediada fəaliyyəti nəzərə alına bilər

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 09.01.2025
Abunə olmaq
Deputat bildirib ki, davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur.
BAKI, 9 yanvar — Sputnik. Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.
Bu sözləri deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.
© Photo : Social media page of Vügar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 08.01.2025
Vüqar Bayramov
O bildirib ki, bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır:
"Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı? Davranış kredit modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni, vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu modeli dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir".
"Bu zaman ən ciddi çağrışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmlərdən istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron formularından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq", - o qeyd edib.
Deputat diqqətə çatdırıb ki, digər məqam, Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşmə limitlərinin müəyyənləşdirilməsidir: "Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27,3 milyard manat olduğunu nəzərə aldıqda orta hesabla 3 milyard manata yaxın kredit bu model vasitəsi ilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsi ilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil".
"Bütövlükdə, davranış kredit skorinqi modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılı olacaq", - deputat əlavə edib.
Qeyd edək ki, skorinq – statistik metodlara əsaslanan borcalanların yoxlanılması üçün banklar tərəfindən istifadə olunan xüsusi sistemdir. Əksər hallarda skorinq borcalanlar tərəfindən doldurulmuş xüsusi anketlərdəki məlumatların kompüter proqramına daxil edilməsindən ibarət olur və bu proqram həmin borcalana kredit verib-verməmək barədə qərar çıxarır.

Davranış modeli - borcalana dair məlumatlar (dövriyyəsi, xərcləri və s.) əsasında onun proqnozlaşdırılmış gəlirinin müəyyənləşdirilməsi üçün tətbiq olunan metoddur. Davranış modelinin hazırlanması prosesinə maraqlar münaqişəsinə yol vermədən bankın digər struktur bölmələrinin əməkdaşları və (və ya) kənar ekspertlər cəlb edilə bilər.

Modelin validasiyası - ehtimal olunan nəticələri faktiki nəticələrlə müqayisə etməklə tətbiq olunan modelin adekvatlığının müəyyən edilməsi üçün həyata keçirilən qiymətləndirmə prosesidir.
Davranış modelləri əsasında kreditləşmə...
Mərkəzi Bankın məlumatına əsasən, bank sektorunun sabit və təhlükəsiz fəaliyyətinin təşkili, tənzimlənməsi və nəzarəti, habelə müasir trendlər nəzərə alınmaqla daim inkişaf etdirilməsi Mərkəzi Bankın əsas prioritet istiqamətlərindən biridir. Bu xüsusda, Mərkəzi Bank bank sektorunun prudensial tənzimləmə çərçivəsinin yeni texnologiyaların sürətli inkişafı fonunda maliyyə sistemində yaranan meyillərə uyğun təkmilləşdirilməsi istiqamətində təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər sırasında borcalanların maliyyə əməliyyatlarından istifadə etməklə hazırlanmış davranış modelləri əsasında kreditləşmə üçün tənzimləyici çərçivənin formalaşdırılması məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklərin qəbul edilməsidir.
Müasir dövrdə banklarda proseslərin avtomatlaşdırılması, müştəri yönümlü olması, süni intellekt həllərin tətbiqi nəticəsində proqnozlaşdırılan məlumatların dəqiqliyinin daha da artımı ənənəvi bank xidmətlərinin alternativ kanallarla daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırır. Davranış modelləri üzrə qəbul edilmiş yeni prudensial tənzimlənmə çərçivəsi də bu imkanlardan istifadə edərək fərdi sahibkarlara və fiziki şəxslərə banklar tərəfindən onların proqnozlaşdırılan gəlirləri əsasında kredit verilişini təmin edəcək. Qəbul edilmiş dəyişikliklərdə davranış modelinin hazırlanması prosesinə, bankda bu sahədə potensialın artırılmasına, modelin validasiyasına və hesabatlığına dair tələblər, habelə davranış modeli əsasında verilmiş kreditlər üzrə risklərin azaldılması məqsədilə limitlər, daha sərt təsnifləşdirmə tələbləri və artırılmış kapital tələbləri müəyyən edilib. Belə ki, banklar məcmu miqdarı bankın kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit verilişini həyata keçirə biləcək. Bununla belə, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.
"Bütövlükdə, kreditləşmə prosesində davranış modellərindən istifadə müştərilərin bank kreditlərinə əlçatanlığının artırılmasına xidmət edəcək. Bu isə, öz nəvbəsində kiçik və orta sahibkarlığın maliyyə və məşğulluq imkanlarının genişlənməsinə, eləcə də resursların daha məhsuldar bölgüsünə köməklik edəcək. Həmçinin modellər vasitəsilə daha dəqiq və yeni məlumatlardan istifadə imkanı bankların biznes proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinə qənaətə, kredit anderraytinqi və skorinq proseslərinin sürətləndirilməsinə, dəqiqliyinin artırılmasına, bununla da kredit risklərinin azaldılmasına töhfə verəcək", - məlumatda qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0