SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

O molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir - İlham Əliyev

İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
Prezident qeyd edib ki, İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi. Hadisədən iki il keçir, lakin bu günə qədər terror aktını törədən şəxsə verilən hökm yerinə yetirilməyib.
BAKI, 7 yanvar - Sputnik. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunub.
Dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”.
Azərbaycan Prezidenti əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi ilə bağlı bəzi məqamları da xatırladıb.
O qeyd edib ki, İranda səfirliyimizə qarşı terror aktı törədilib və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi.
“Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu” - dövlətimizin başçısı diqqətə çatdırıb.
Prezidentin diqqət çəkdiyi məqamlardan biri də İranın Ərdəbil üzrə imam-cüməsi Ayətullah Həsən Amilinin canlı yayımda Azərbaycan və Türkiyə prezidentlərini, eləcə də bu iki qardaş xalqı nalayiq ifadələrlə təhqir etməsi olub.
Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirib ki, bu cür təhqiramiz və təxribat xarakterli hərəkətlərə göz yummaq olmaz:
"O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir."
Qeyd edək ki, Ərdəbilin imam-cüməsi Ayətullah Xameneinin birbaşa əmri ilə təyin olunur və ona tabe olaraq fəaliyyət göstərir. Prezident İlham Əliyevin bu açıqlamaları birbaşa Ayətullah Xameneiyə ünvanlanmış mesaj kimi dəyərləndirilir.
Ayətullah Həsən Amilinin təxribat xarakterli açıqlamaları uzun müddətdir ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin sərt etirazına səbəb olub.
Xəbər lenti
0