Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda işçilərin aylıq maaşı 400 manatdan aşağı ola bilməz

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 07.01.2025
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib və işçilərin aylıq əməkhaqqı həmin məbləğdən az ola bilməz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydən Sputnik Azərbaycan-a məlumat verilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə dəyişiklik edilməsi ilə bağlı işəgötürənlərə müraciət edib.
Müraciətdə bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib: "Aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz. Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti minimum aylıq əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə dəyişiklik edilməklə "Əmək və məşğulluq" altsisteminə daxil edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır. Nazirliyin "Əmək və məşğulluq" altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Əmək müqavilələrinə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır. Bu altsistem əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir".
"Artımlar özəl sektoru da əhatə edir"
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir: "Bu, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır".

O bildirib ki, iqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əməkhaqları vahid tarif cədvəli əsasında dövlət büdcəsindən maliyyələşdirilir: "Vahid tarif cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının artımı bütün dərəcələr üzrə artımlara səbəb olur. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".

"Artımlar həmçinin özəl sektoru da əhatə edir. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz", - deyə deputat əlavə edib.
© Photo : Social media page of Vügar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 06.01.2025
Vüqar Bayramov
Nazirlər Kabineti yeni vahid tarif cədvəlini təsdiq edib
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, minimum əməkhaqqı artımı ilə əlaqədar Nazirlər Kabineti əməyin ödənilməsinin yeni vahid tarif cədvəlini təsdiq edib:

19 pillədən ibarət yeni cədvəlin pillələri üzrə maaşlar 16 faizədək artırılıb. Cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılmaqla digər pillələrdə də maaşlar artımlarla əksini tapıb. Əmək haqları vahid tarif cədvəli əsasında tənzimlənən işçilər sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlardır. Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları yeni artımlarla təsdiqlənib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.
2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb.
"Əmək və məşğulluq" altsistemi (ƏMAS) - Əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə zəmin yaradan elektron platformadır.
Xəbər lenti
0