Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əhali arasında yeni yayılmış virusla bağlı xəbərdarlıq! Vaksin olunmasanız...

© Getty Images / Dalibor DespotovicƏlində termometr olan qadın
Əlində termometr olan qadın - Sputnik Azərbaycan, 1920, 06.01.2025
Abunə olmaq
Səhiyyə Nazirliyi bəyan edib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir.
BAKI, 6 yanvar — Sputnik. Azərbaycan Səhiyyə Nazirliyi metapnevmovirusla bağlı əhalini vaksin olunmağa səsləyib. Yeni yayılan respirator virusla bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.
Xəbər verdiyimiz kimi, Çində insan metapnevmovirusu (HMPV) yayılıb. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, artıq Qazaxıstanda da yeni yayılan virusa yoluxma faktı qeydə alınıb. Belə ki, 30 nəfərdə metapnevmovirus aşkarlanıb.
Sputnik Azərbaycan son günlər əhali arasında narahatlığa səbəb olan virusun səbəbini araşdırıb.

Nazirlikdən Sputnik-ə bildirilib ki, hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.

"Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. Immun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər", nazirlikdən bildirilib.
Nazirlikdən verilmiş cavabda o da qeyd olunub ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır:

Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur. Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur. Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.
Tibb üzrə fəlsəfə doktoru, dosent həkim-infeksionisti Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metapnevmovirus yeni yayılmış virus deyil. Belə ki, bu virusun insanlarda xəstəlik törətməsinə 2001-ci ildə Hollandiyada rast gəlinib. Onun sözlərinə görə, həmin ildə Hollandiyada Metapnevmovirus infeksiyasına yoluxmuş 28 azyaşlı uşağın tənəfüs yolu seliyində bu virus aşkarlanıb. 2001-ci ildən sonra bu virus dünyanın müxtəlif ölkələrində- Avstraliya, Fransa, Kanada, İsraidə rast gəlinib. 2016-cı ildə ABŞ-da 5 yaşa qədər uşaqlar arasında tənəffüs yollarının kəskin xəstəliyini törədib. Virus daha çox aşağı yaş qruplarında, uşaqlarda xəstəlik törədir. 1 yaşa qədər uşaqlarda kəskin xəstələnməyə səbəb olur. Xəstəliyə qış və yaz aylarında daha çox rast gəlinir.
© Sputnik / Nigar IskanderovaVüqar Cavadzadə
Vüqar Cavadzadə - Sputnik Azərbaycan, 1920, 06.01.2025
Vüqar Cavadzadə
Dosent V. Cavadzadə bildirib ki, son vaxtlar Çində rast gəlinən bu virus 14 yaşa qədər uşaqlarda daha çox müşahidə olunur. Həkim-infeksionist qeyd edib ki, ayrı-ayrı ölkələrdə hətta 2-3 aylıqdan 6-12 aylıq uşaqlara kimi də bu virusa yoluxma müşahidə edilib. Onun sözlərinə görə, əvvəlki illərdə bu virusa yoluxma tək-tək rast gəlinsə də, 2024-cü ilin sonlarından bu virusa yoluxanların sayı artmaqdadır.
Həkim-infeksionist risk qrupuna kimlərin daha çox aid olduğunu da açıqlayıb.

"Hansı uşaqlarda bronxial asma, ağciyərin xroniki xəstəlikləri varsa, həmin uşaqlar bu virusa yoluxduqda xəstəliyi ağır keçirir. Həmçinin yarımçıq doğulmuş uşaqlar, immun sistemi zəif olan uşaqlar və 65 yaşdan yuxarı insanlar risk qrupuna daxildir. Bu virus RNT tərkibli, tək zəngirli virusdur. Pnevmoviridae ailəsinə daxil vuruslardır. Dörd alt tipi məlumdur. Bunlara A1,A2, B1 və B2 aiddir. Bu alttiplərin hansının daha çox ağır xəstəlik törətməsi bəlli deyil. Bu da onu göstərir ki, bu hələ elim-tədqiqatlarla öyrənilməyib", - deyə V.Cavadzadə bildirib.

Xəstəliyin əlamətlərinə gəlincə, V.Cavadzadə bunun qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxmuş xəstələrin əlamətlərinə bənzədiyini bildirib: virusa yoluxmuş xəşslərdə 3-6 gündən sonra ümumi əlamətlər başlayır. "Xəsətlik ümumi halsızlıq, əzginlik, öskürək, zökəm, baş və boğaz ağrısı kimi əlamətlərlə başlayır. Xəstələrdə rinofaringit, laringit, larinqotraxeit, bronxiolit, bəzən də qastroenterit və qaraciyər və dalağın böyüməsi (hepatosplenomeqaliya) müşahidə edilir. Uşaqlarda isə bu əlamətlərlə yanaşı bəzən konyuktivitə də rast gəlinir. Əgər ağırlaşmalar müşahidə olunarsa, uşaqlarda pnevmoniya fonunda kəskin tənəffüs çatışmazlığına səbəb ola bilər. Pnevmoniya, irinli konyuktivid və infeksion kardiomiopatiya kimi ağırlaşmalar da inkişaf edə bilər".
Virusun yayılma yollarına gəlincə, müsahibimiz qeyd edib ki, metapnevmovirusa yoluxmuş xəstə şəxsdən virus sağlam şəxsə öskürmə, asqırma, təmas vasitəsilə yoluxa bilər. İnsanın metapnevmovirusa yoluxub-yoluxmadığını dəqiqləşdirmək üçün isə burun-udlaqda selikdən götürülmüş yaxma ilə PZR müayinəsi aparılmalıdır. Dosent V. Cavadzadənin sözlərinə görə, virusun müalicəsində konkret antiviral preparat mövcud deyil. Amma əvvəllər bu virusun quş tipində Ribavrin preparatı istifadə olunub. Bu preparatın nə qədər səmərəli olması isə elmi-tədqiqat üsulu ilə təsdiqlənməyib.
Müsahibimiz bildirib ki, virusdan qorunmaq yollarına tibbi maskadan istifadə etmək, insanların çox toplaşdığı qapalı məkanlardan uzaq durmaq, xəstə şəxsləri izoliyasiya etmək və gigiyenik qaydalara riayyət etmək lazəmdır.
Hazırda vaksinasiya mövcud deyil.

O, ki qaldı virusun COVID-19-dan daha ağır keçməsinə, Cavadzadə bildirib ki, metapnevmovirusun yoluxduruculuq qabiliyyətinin COVID-19-dən daha sürətli olmasına dair məlumatlar var: "Hətta metapnevmovirus infeksiyasının əlamətləri COVID-19 və digər kəskin respirtor virus infeksiyalarının əlamətləri ilə çox oxşar olduğundan bu infeksion xəstəliyin ağırlaşması onu daha təhlükəli edir. Əgər bu xəstələrdə ağırlaşma olarsa, pnevmoniya və infeksion kardiomepatiya kimi ağırlaşmalar inkişaf edə bilər.

Cavadzadə bildirib ki, virusun qonşu ölkələrdə yayılması mümkündür.
"Ümumiyyətlə infeksion xəstəliklər sərhəd tanımır. Metapnevmovirus da sərhədləri aşaraq digər ölkələrə yayıla bilər. Metapnevmovirus infeksiyasında yoluxuculuq yüksək ola bilər, amma ölüm halları az rast gəlinir. Metapnevmovirus infeksiyası ölkəmizdə rast gəlinmir və yayılması barədə rəsmi təsdiqdə yoxdur. Odur ki, rəsmi məlumatlara istinad etməliyik. Bununla belə, ölkələr arasında tursitik səfərlərin və əlaqələrin olması virusun daşınmasına səbəb ola bilər. Hər bir halda hələki virus ölkəmizdə qeydə alınmadığı halda, hansısa bir məhdudiyyətlərin tətbiq edilməsindən danışmaq düzgün olmazdı.", deyə mütəxəssis bildirib. Əhalinin təşvişə düşməyinə də heç bir əsas yoxdur.
Xəbər lenti
0