Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Deputat: 2025-ci ildə daha çox ailə ünvanlı sosial yardım üçün müraciət edə biləcək

manat - Sputnik Azərbaycan, 1920, 04.01.2025
Abunə olmaq
Deputat bildirib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin 2025-ci ildən artmasına səbəb olacaq.
BAKI, 4 yanvar — Sputnik. "Azərbaycan Prezidenti 2025-ci il üçün ehtiyac meyarı həddini təsdiq edib. 2025-ci ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir".
Bunu deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin 2025-ci ildən artmasına səbəb olacaq: "Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək".
Deputat qeyd edib ki, məsələn, 2024-cü ildə 5 nəfərlik ailənin rəsmi aylıq gəliri 900 manatdırsa, ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda həmin ailə ayda dövlətdən 450 manat yardım ala bilirdi: "Amma bu yardımın məbləği 2025-ci ildən artacaq. Belə ki, həmin ailənin aldığı aylıq yardım 525 manata çatacaq. Bu artım sosial qayğıya ehtiyacı olan ailələrin daha yaxından dəstəklənməsinə xidmət edir".
V.Bayramov onu da əlavə edib ki, 2025-ci ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olar. Ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur.
2025-ci ildə də ehtiyac meyarı ilə yaşayış minimumu bərabər olacaq - 285 manat
Qeyd edək ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat müəyyənləşib. Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Beləliklə, ehtiyac meyarının həddi 270 manatdan 285 manata qaldırılıb. 2024-cü il üçün ehtiyac meyarının həddi isə 270 manat məbləğində təsdiq edilib. 2023-cü ildə ilk dəfə olaraq ehtiyac meyarının həddi yaşayış minimumunun məbləği ilə bərabər olub. Bununla da, ehtiyac meyarının həddi yaşayış minimumunun məbləği ilə bərabərləşdirilib. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. 2025-ci il üçün yaşayış minimumunun məbləği də ölkə üzrə 285 manat müəyyən edilib.
Bir müddət öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik: "Bu, bir mexanizmdir, alətdir. Hələ ki, qarşımızda böyük çağırışlar var, bunu alət olaraq saxlayırıq".
Ekspertlərin fikrincə, ehtiyac meyarının ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi növbəti mərhələdə ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə edilməsinə imkan yaradacaq. Bu halda daha məqsədəuyğun olar ki, ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə olunsun.
Ünvanlı sosial yardım kimlərə şamil edilir?
Xatırladaq ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisidir. Ailənin son bir il ərzində əldə etdiyi gəlirinin 12 aya bölünməsi yolu ilə tapılır. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Sosial yardım 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
-tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
-axtarışda olan şəxslər;
-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan vətəndaşları;
-əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Xəbər lenti
0