Azərbaycan təhsili 2024-cü ildə nə qədər məsafə qət edib?
© iStock.com / Caiaimage/Chris Ryantələbə
© iStock.com / Caiaimage/Chris Ryan
Abunə olmaq
Təhsil sferasında əsas yadda qalan hadisə bu tədris ilindən Qarabağ Universitetinin məhz Qarabağda fəaliyyətə başlaması oldu.
BAKI, 31 dekabr — Sputnik. Yola saldığımız il təhsil sferasında da bir sıra yeniliklər baş verdi. Sputnik Azərbaycan 2024-cü ildə təhsil sahəsinin hansı yeniliklərlə yadda qaldığını araşdıdırb.
Qarabağ Universiteti Qarabağda fəaliyyətə başladı
Öncə qeyd edək ki, təhsil sferasında əsas yadda qalan hadisə bu tədris ilindən Qarabağ Universitetinin məhz Qarabağda fəaliyyətə başlaması oldu. İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılır. Universitetdə Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunur. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçirilir.
Digər yeniliklər məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı, elmi naliyyətləri olan alimlərə pul mükafatlarının verilməsi, eləcə də tərbiyyəçi müəllimlərin diaqnostikasının aparılması oldu. Cari ilin iyul ayından başlayaraq nazirliyin tabeliyindəki elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara hər ay 1000 manatadək ödənişlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, layihə çərçivəsində 17 müəssisədən 143 nəfərin mükafatlandırılması həyata keçirilib. 2024-cü ilin elmmetrik göstəricilərinə görə, dünya üzrə ən çox istinad alan (Top 10%) yerli elmi işlərin xüsusi çəkisinin faiz göstəricisinə görə, Azərbaycan alimlərinin xüsusi payı 1.8% artaraq keçən illə müqayisədə cari ildə 10.5% olub. Eləcə də ali və orta ixtisas təhsil pillələrində yeni ixtisasların yaradılması da ilin mühüm yeniliklərindən sayıla bilər. Belə ki, bu il ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılması barədə qərar verildi. Həmçinin 2024-2025-cü tədris ilindən etibarən peşə təhsilində 9 yeni ixtisas tədris olundu. Bura dronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə nəzarətçi, elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nasos qurğuları maşinisti aiddir.
Eyni zamanda ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayı artırıldı. 2024-2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən, 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib.
Bu il ölkə üzrə 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir. 2023-2024-cü tədris ilində yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. Hazırda ölkə ərazisində 1676 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
© AR Ministry of EducationMəktəbəqədər qrup
Məktəbəqədər qrup
© AR Ministry of Education
Məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modellərinin tətbiqi
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə dəstək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot qrant proqramı həyata keçirilir. Proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöl və Naxçıvanda icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.
Bununla yanaşı, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" elan edilib. Müsabiqənin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən 25-i qrant qazanıb.
"İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində 890 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 19 133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə 1088 tərbiyəçi-müəllim məşğul olur.
Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir.
Son iki il ərzində məktəbəqədər təhsil müəssisələrinə 700-ə yaxın tərbiyəçi-müəllim, 79 nəfər müdir təyin olunub. İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 10 000-ə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil olunub.
Pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi
2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib.
2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib. 93 211 uşaq məktəbəhazırlığa gedib. 2024-cü ildə 93 211 uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.
İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan "Tat dili" dərslikləri hazırlanıb.
Bununla yanaşı, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 322 adda 7 244 545 nüsxə dərsliyin çapı yekunlaşdırılıb və ümumtəhsil məktəblərinə çatdırılıb.
© Photo : Ministry of Science and Education Republic of AzerbaijanMüəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
© Photo : Ministry of Science and Education Republic of Azerbaijan
Yeni tikilən və təmir edilən məktəblər
Cari ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Elm və Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələri şəbəkələrinin genişləndirilməsi, yeni məktəblərin tikintisi və əsaslı təmir işləri yerinə yetirilib. Belə ki, 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı təmir olunub. 33 təhsil müəssisəsinin təmir-tikintisinin başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda 24 təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə yekunlaşması planlaşdırılır. Həmçinin, layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.
Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 215 təhsil müəssisəsində (10 peşə, 6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil) cari təmir işləri aparılıb. Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir.
Böyük Qayıdış üzrə I Dövlət Proqramı
2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 1000-dən çox şagird və 140-dək təhsilverən daxil olmaqla 6 ümumi təhsil müəssisəsi, 115 uşaq və 16 təhsilverən daxil olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Müəllimlərin yerdəyişməsi
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 210 nəfər uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib.
Müəllimlərin işə qəbulu
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində ümumilikdə 66 723 elektron müraciət qəbul edilib. 6283 namizəd müsabiqədə uğur qazanaraq işə qəbul olunub. Bu il keçirilən MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin üzərində olub.
Müəllimlərin sertifikatlaşdırılması
Cari ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24050, uğur qazanan isə 20 224 nəfər olub.
Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
IV və VI sinif şagirdləri üçün monitorinqlər
2024-cü ilin 18-19 may tarixlərində ölkə üzrə IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunub. Monitorinqlərdə ümumilikdə 300 000-dən çox şagird iştirak edib.
5 məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilib
Ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun öyrədici və sosial-psixoloji mühit yaratmaq məqsədilə 2024-2025-ci tədris ilindən 5 ümumi təhsil müəssisəsində fəaliyyət yalnız tam orta təhsil səviyyəsi üzrə təşkil edilir.
STEAM
STEAM layihəsi cari tədris ilindən 398 təhsil müəssisəsində tətbiq olunur və ümumilikdə 250 000 şagirdi əhatə edir. İlk dəfədir ki, layihənin ibtidai siniflərdə də (4-cü siniflərdə) tətbiqinə başlanılıb. Layihə bu ildən işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda da həyata keçirilir.
© Photo : Ministry of Science and Education Republic of AzerbaijanBeynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı başladı
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı başladı
"Rəqəmsal bacarıqlar"
2017-ci ildən ölkədə tətbiq edilən "Rəqəmsal bacarıqlar" layihəsi 2024-2025-ci tədris ilində əlavə 230 təhsil müəssisəsində tətbiq edilib. Hazırda layihə 510 000 şagirdi əhatə edir.
Peşə təmayüllü siniflər
2024-2025-ci tədris ilində 7541 şagird peşə təmayüllü siniflərdə təhsil alır.
Ümumi təhsil müəssisələrində yoxlamalar
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.
Məktəbdənkənar təhsil sahəsində elektron yenilik
2024-cü ildə məktəbdənkənar təhsil müəssisələrində uşaqların qəbulu ilk dəfə elektron qaydada həyata keçirilib. Pilot olaraq 20 müəssisəni əhatə edən elektron qəbul nəticəsində 10 000-ə yaxın təhsilalan məktəbdənkənar təhsil müəssisələrinə qəbul edilib.
Yenilənmiş dərnəklər
2024-2025-ci tədris ilində yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində 10 əsas istiqamət üzrə 73 adda dərnək yenilənib. Bu addım dərnəklərin müasir standartlara uyğunlaşdırılmasına və təhsilalanların yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlib.
İdman və yaradıcılıq tədbirləri
2024-cü ildə məktəbdənkənar təhsil çərçivəsində idman istiqaməti üzrə 1 014 000 məktəbli müxtəlif yarış və tədbirlərə cəlb edilib. Yaradıcılıq istiqaməti üzrə isə 66 500 məktəbli müsabiqə və sərgilərdə iştirak edib.
İdarəetmənin təkmilləşdirilməsi
2024-cü ildə 145 məktəbdənkənar təhsil müəssisəsindən 107-də monitorinqlər aparılıb və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70 faizində yoxlamalar aparılıb. Monitorinqin nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanıb, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib və 64 müəssisə rəhbərinə intizam tənbehi tədbirləri tətbiq edilib. 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və 5 müəssisə rəhbəri işdən azad edilib.
Məktəbdənkənar təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı
2024-cü ildə 595 ədəd kompüter avadanlığı 145 məktəbdənkənar təhsil müəssisəsinə paylanılıb.
Şagirdlərimizin yerli və beynəlxalq uğurları
Uşaq-gənclər inkişaf mərkəzlərinin 200-ə yaxın dərnək üzvü 2024-cü ildə Türkiyə, Qazaxıstan, Belarusiya, Polşa və Avstraliyada keçirilən beynəlxalq müsabiqə və tədbirlərdə diplom və medallarla mükafatlandırılıb.
Hesabat dövrü ərzində uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 386 qızıl, 357 gümüş, 511 bürünc, beynəlxalq yarışlarda 144 qızıl, 127 gümüş, 171 bürünc olmaqla, ümumilikdə 1696 medal qazanıblar.
Respublika fənn olimpiadaları
Olimpiadanın rayon (şəhər) mərhələsində 57 483, yarımfinal turda 12 238, final turunda isə 1025 nəfər iştirak edib. Onlardan 491 nəfər qalib olub. Qızıl medalçıların sayı 85, gümüş medalçıların sayı 162, bürünc medalçıların sayı isə 244 nəfərdir. "Birincilərin birincisi" nominasiyası üzrə 8 nəfər seçilib.
Beynəlxalq fənn olimpiadaları
Cari ildə milli komandalarımız 01.01.2024-cü il tarixindən 17.12.2024-cü il tarixinədək 22 fərqli beynəlxalq olimpiadalarda iştirak ediblər. Beynəlxalq olimpiadalarda birinci yer üzrə 6 medal, ikinci yer üzrə 22 medal, üçüncü yer üzrə 35 medal və 18 həvəsləndirici sertifikat qazanılıb.
Respublika fənn müsabiqələri
43 110 şagird müsabiqəyə qatılıb. Yarımfinalda 8610 şagird, finalda isə 1068 nəfər şagird iştirak edib. 307 şagird qalib olub. Onlardan biologiya fənni üzrə 45 nəfər, fizika fənni üzrə 42 nəfər, kimya fənni üzrə 43, informatika fənni üzrə 46, riyaziyyat VI siniflər üzrə 43 nəfər, VII siniflər üzrə 43 nəfər, təbiət fənni üzrə isə 45 nəfər qalib elan edilib. Ölkə üzrə 4234 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 1756 fiber-optik, 1701 simsiz və 777 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.
© iStock.com / smolaw11tələbə
tələbə
© iStock.com / smolaw11
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün 1000-dən çox müraciət
2024-2025-ci tədris ilində HTP çərçivəsində Macarıstanda 129, Çində 28, Latviyada 8, Qazaxıstanda 7, Türkiyədə 6 (YTB xətti ilə doktorantura üzrə), Rusiyada (MGIMO) 5, Rumıniyada 2, Slovakiyada 1, ümumilikdə isə 188 Azərbaycan vətəndaşı dünyanın 9 müxtəlif ölkəsinə aid 56 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.
Hazırda ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Ötən tədris ilinə nisbətdə təhsil alan əcnəbi tələbə sayında 10 faiz artım olub.
Tələbələr, əsasən, Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər.
TələbəPlus kartları
"TələbəPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.
Tələbələr "VISA"nın təqdim etdiyi xüsusi keşbek, promokod və endirimlərindən yararlana biləcəklər. Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və digər məkanlarda müəyyən güzəştlər ediləcək. Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170 000 tələbə "TələbəPlus" kartı ilə təmin edilməkdədir.
Təhsil tələbə krediti
Bu günədək 46 252 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Onlardan 16 024-ü sosial, 30 228-i standartdır. Kredit alanlardan 28 053-ü qadın, 18 199-u kişidir. Rəsmiləşdirilən kreditlərdən 32 389-u bakalavriat, 11 325-i magistratura, 2 371-i orta ixtisas, 167-si peşə təhsil pilləsinə aiddir.
Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə, 1313 TTK müqaviləsi üzrə 25 və 50 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 435 min manata yaxın vəsait bağışlanıb.
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Bu proqramlar üzrə ümumilikdə qəbul olan tələbə sayı 1041, məzun sayı isə 252 nəfər olaraq müəyyən edilib.
Beynəlxalq ikili diplom proqramları
Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 61 nəfər olub.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti ilə mühəndislik ixtisasları üzrə (aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat, aqronomluq) təhsil almaq hüququ qazananların sayı 330, məzun sayı isə 39 nəfər olub.
Magistratura səviyyəsində ikili diplom proqramı
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom proqramının təhsil və insan kapitalının inkişafı ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 127, məzun sayı 83 nəfər olub.