Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Spiker: Konstitusiya və Suverenlik İli vətəndaşların daha sıx birləşməsinə kömək edəcək

CC BY-SA 4.0 / Najaf Aliyar / Konstitusiya kitabıKonstitusiya kitabı, arxiv şəkli
Konstitusiya kitabı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Abunə olmaq
Xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb.
BAKI, 29 dekabr— Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezidentin bu qərarı xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında önəmli rol oynayıb. Xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olub. Bu hadisə həm də ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib.
"İnamla söyləmək olar ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək, ölkə vətəndaşlarının ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. Ölkəmiz tarixi mirasına, ötən dövrdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirəcək. Bununla yanaşı, Azərbaycanın Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcək", - Spiker əlavə edib.
Xəbər lenti
0