Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclis Söyüdlü qızıl yatağı ilə bağlı Sazişi ratifikasiya edib

CC BY-SA 3.0 / Julian Nyča / Sotk gold mineSöyüdlü qızıl yatağı, arxiv
Söyüdlü qızıl yatağı, arxiv - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar veriləcək.
BAKI, 27 dekabr— Sputnik. Milli Məclisdə “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılıb.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, bu sənəd bu ilin dekabrın 10-da Bakıda "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Asian Mining Holding FZ" LLC və "AzerGold"un ortaq şirkəti arasında imzalanıb. Bu sənəd qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar veriləcək.
Qanun layihəsi səsverməyə çıxarılıb və bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur:

"Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. Zod yatağının ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Basarkeçər (Vardenis) rayonunun ərazisindədir. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub. Yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. Yatağın istismarına 1976-cı ildən başlanılıb. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə “GeoProMining” şirkəti rəhbərlik edib".

© Sputnik / Irade JELILAzərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli  - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli
O bildirib ki, Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib, bununla da iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulub. Ümumiyyətlə, Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.
Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurub. Filiz və qeyri-filiz yataqları talan olunub, heç bir texnoloji normalar qorunmadan istismar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0