CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda şagirdlər arasında bıçaqlanma ilə bağlı rəsmi açıqlama

© iStock.com / imaginimaMəktəb, arxiv
Məktəb, arxiv - Sputnik Azərbaycan, 1920, 24.12.2024
Abunə olmaq
Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır.
BAKI, 24 dekabr — Sputnik. Dekabrın 22-də Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmə ayaq nahiyəsindən kəsici alətlə xəsarət alıb.
Hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, hadisə ötən gün küçədə qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər 29 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdinə küçədə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

"Xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilib, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Məktəb direktoru şagirdə baş çəkib, onun səhhəti ilə maraqlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - açıqlamada bildirilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub. Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır".

Xatırladaq ki, dekabrın 19-da Gəncədə məktəbliyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən saxlanılıb. Gəncə şəhərində 8-ci sinif şagirdi mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Hacıyev isə 10-cu sinif şagirdidir. Faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin X sinif şagirdi həmin məktəbin VIII sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Dekabrın 4-də isə Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib. Bu dekabr ayında məktəblərdə şagirdlər arasında qanla bitən üçüncü belə hadisədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0