SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyini yolverilməz adlandırıb

© Sputnik / Murad OrujovMilli Məclis, arxiv
Milli Məclis, arxiv - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Milli Məclis Parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfli yanaşmadan çəkinməyə və Azərbaycan ilə İsveçrə arasında münasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır.
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Respublikasının Milli Məclisi bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan "Dağlıq Qarabağ münaqişəsi"nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılmasından və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbul edilməsindən təəssüfləndiyini bildirir.
Bu, İsveçrə Parlamenti Milli Şurasının təklifinə Azərbaycan Respublikası Milli Məclisinin münasibətində yer alıb.
Milli Məclisin münasibətində deyilir:
"İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmiş deyildirlər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınmış və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunub. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulmuş, ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunub. Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalıb. Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranıb. İşğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası və reinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensiv işlər həyata keçirilir. Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də var. Aydın məsələdir ki, hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər", - Milli Məclisin məlumatında deyilir.
Həmçinin təəssüflə bu da qeyd olunub ki, erməni milliyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəst üzvləri XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük verib, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməyiblər:

"Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlar İsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrə dövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətə yönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkili standartların ifadəsi olan bu cür qərəzli mövqe tamamilə yolverilməzdir. Azərbaycan Respublikasının Milli Məclisi bunu da vurğulamağı zəruri sayır ki, İsveçrə Milli Şurasının 80 nəfər üzvünün təqdim edilmiş təklifin əleyhinə səs verməsi, 16 nəfərin isə bitərəf qalması, təklifin 96 səslə qəbul edilməsi Milli Şurada Cənubi Qafqaz bölgəsində cərəyan edən prosesləri obyektiv qiymətləndirən, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam düşüncəli deputatların da olduğunu göstərir. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Azərbaycan parlamenti İsveçrə hökumətinin məsələ ilə bağlı obyektiv mövqeyini qiymətləndirir. Hesab edirik ki, bu ölkənin xarici işlər naziri İqnasio Kassisin hökumət adından deputatlara sözügedən təklifi rədd etməyi tövsiyə etməsi İsveçrə dövlətinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq olduğunu, özünün neytrallıq statusu ilə beynəlxalq hüquqa sadiqliyi arasında tarazlığı gözlədiyini nümayiş etdirir".

Qeyd olunur ki, İsveçrə Milli Şurası tərəfindən qəbul edilmiş təklifin Kantonlar Şurasının müzakirəsinə də çıxarılacağını nəzərə alaraq, Milli Məclis Parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfli yanaşmadan çəkinməyə və Azərbaycan ilə İsveçrə arasında münasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır.

"Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq birliyin bütün üzvlərini Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yaradılması səylərinə mane ola biləcək təşəbbüs və hərəkətlərə yol verməməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət bəsləməyə səsləyir", - parlamentin münasibətində deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0