CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Üç milyona yaxın vətəndaşın maaş və pensiyaları artacaq" - Baş nazir

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 16.12.2024
Abunə olmaq
Müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli, qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulub.
BAKI, 16 dekabr— Sputnik. Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində artan gəlirlərimiz hesabına əhalinin sosial müdafiəsi və rifah halının davamlı yaxşılaşması təmin edilir.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Əli Əsədov qeyd edib ki, 2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq: "Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək".
Bildirilib ki, ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir.
Baş nazir qeyd edib ki, 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək:

"Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 mlrd. manat olmaqla 4 milyon vətəndaşı əhatə edib. Müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli və qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulmuşdur. İqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi əmək bazarındakı vəziyyətdən və insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır".

Baş nazir bildirib ki, ölkəmizdə müasir, vətənpərvər gəncliyin inkişafı üçün innovativ, müasir təhsilə çıxışın artırılması, peşə təhsili və peşə hazırlığı ilə bağlı proqramların genişləndirilməsi, rəqəmsal biliklərin öyrədilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması istiqamətində büdcədən zəruri dövlət dəstəyi göstəriləcək.
Baş nazir qeyd edib ki, səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21% artım olub:
"Maliyyə təminatı nəzərə alınaraq xidmətlər zərfinin genişləndirilməsi daim Hökumətin diqqətindədir. Sağlamlıqla bağlı hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin zərfə daxil edilməsi hazırda hökumətin gündəliyindədir".
Qeyd edilib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir.
"2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait, o cümlədən 2025-ci ildə 4 mlrd. manat ayrılıb. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Bugünədək 2417 ailə 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb", Baş nazir qeyd edib.
Xəbər lenti
0