NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Suriyada baş verən hadisələr nefti bahalaşdırır

© AP Photo / Dia Photo/Ugur YildirimSuriya
Suriya - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Keçən həftə ABŞ-də qazma qurğularının sayı sentyabrın ortalarından bəri ən yüksək həddə çatıb ki, bu da ABŞ-də hasilatın artmasına işarə edir.
BAKI, 9 dekabr — Sputnik. Suriyada baş verən hadisələr Yaxın Şərqə daha çox qeyri-müəyyənlik gətirməsindən sonra neft qiymətləri yüksəlib. Lakin neftin qiymətinin qalxması gələn il üçün azalan tələb proqnozu ilə məhdudlaşıb.
"Brent" markalı neft 36 sent bahalaşaraq 71,48 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 38 sent artaraq 67,58 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 97 sent azalaraq 74,43 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı əsas idxalçı Çində zəif tələbatın olması səbəbindən Asiyalı alıcılar üçün 2025-ci ilin yanvar ayı qiymətlərini 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə endirib.
Neft İxrac Edən Ölkələr Təşkilatı hasilatın azaldılmasını aprel ayına qədər uzadıb və hasilatın azaldılmasının tam ləğvini 2026-cı ilin sonuna qədər bir il uzadıb.
Onu da bildirək ki, keçən həftə ABŞ-də qazma qurğularının sayı sentyabrın ortalarından bəri ən yüksək həddə çatıb ki, bu da ABŞ-də hasilatın artmasına işarə edir.
Azərbaycanın hasilat kvotası 2026-cı ilin sonunadək sabit qalacaq
Energetika Nazirliyinin məlumatına görə, energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib. "OPEC plyus" ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən edib. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.
Həmçinin 8 ölkənin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın 2023-cü ilin aprel və noyabr aylarında elan edilmiş könüllü öhdəliklərinin davam etdirilməsi razılaşdırılıb. Beləliklə, 8 ölkə tərəfindən 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barel əlavə könüllü öhdəliklər 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barrel əlavə könüllü ixtisarlar isə 2025-ci ilin martın sonuna qədər qüvvədə qalacaq. Bu ölkələrin 2,2 milyon barellik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.
İclasda iştirakçı ölkələrin hasilatının üç müstəqil mənbə tərəfindən qiymətləndirilməsi müddətinin 2026-cı ilin noyabr ayının əvvəlinə qədər, həmçinin kompensasiyalar üzrə son tarixin həmin ilin iyun ayının sonunadək uzadılması barədə də razılıq əldə edilib.
Energetika naziri Pərviz Şahbazov "OPEC plyus" formatında tənzimləmə mexanizminin qlobal neft bazarında sabitliyin qorunub saxlanmasında mühüm rolundan, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun sədrliyi ilə bu əməkdaşlığın töhfələrindən bəhs edib. Bu təşəbbüsə "Əməkdaşlıq Bəyannaməsi"nin digər ölkələri də qoşulub və bu məqam iclasın yekun sənədində də əks olunub.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0