Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkimləri Azərbaycandan qaçaq salan ilginc səbəblər: Məsələ təkcə sosiskada deyil

© iStock.com / Morsa ImagesHəkim, arxiv
Həkim, arxiv - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Fidan Həsənovanın sözlərinə görə, Almaniyada həkimlərə yeni başlayanda 25000 avro verilir.
BAKI, 9 dekabr — Sputnik. Əvvəl Azərbaycandan Almaniyaya əsasən gənc həkimlər, rezidentlər gedirdilərsə, indi orta yaşlı həkimlər də ora işləmək üçün axışırlar.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Həkimlər İctimai Birliyinin sədr müavini, radioloq həkim Aydın Əliyev söyləyib.
Aydın Əliyev deyib ki, azərbaycanlı həkimlərin iş üçün Almaniyaya üz tutmasının əsas səbəbi yüksək əmək haqqı, öyrənmək imkanı və hüquqlarının təmin olunmasıdır.
3 mindən çox Azərbaycanlı həkim işləmək üçün Almaniyaya üz tutub
Qeyd edək ki, Azərbaycandan Almaniyaya işləmək üçün gedən həkimlərin sayı kəskin artıb. Məlumatlara görə, hazırda Almaniyada 3 mindən çox azərbaycanlı həkim çalışır. Azərbaycan Tibb Universitetinin tələbələrinin təhsil müddətində alman dili kurslarına getdiyi, gələcəkdə Almaniyada işləmək üçün dil biliklərini artırdığı bildirilir.
Xatırladaq ki, ötən il Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov 1400 həkimin işləmək üçün Azərbaycandan Almaniyaya üz tutduğunu açıqlamışdı. Bu sayın günü-gündən artması birmənalı qarşılanmır. Mütəxəssislər bunun gələcəkdə Azərbaycanda həkim çatışmazlığı problemini daha da dərinləşdirəcəyi qənaətindədirlər.
Bugünlərdə sözügedən məsələ Milli Məclisin iclasında da müzakirə edilib. Deputat Səyyad Aran bildirib ki, həkimlərin maaşı az olduğundan xaricə üz tuturlar:
"Azərbaycanda həkimlərin əməkhaqqı az olduğundan, xaricə üz tuturlar, nəticədə kadr çatışmazlığı yaranır".
Həkimləri ölkədən qaçaq salan səbəb nədir?
Aydın Əliyev bildirib ki, həkimlərin Azərbaycandan Almaniyaya getməsinin bir çox səbəbləri var.
"Tibb universitetinin tələbələri təhsil aldıqları dövrdə tibb müəssisələrinə təcrübəyə gedir, həkimlərin şəraitini, onlara münasibəti görürlər. Onlar Azərbaycanda çalışan həkimlərlə Almaniyada işləyən həkimləri müqayisə etdikdən sonra təhsillərini başa vuran kimi Almaniyaya üz tuturlar. Çünki, Almaniyada rezidentura oxuyan həkimlərin əmək haqqı Azərbaycandan dəfələrlə yüksəkdir. Həmçinin Almaniyada işləyən həkimlərin daha çox bilik əldə etmək imkanları var. Orada müasir xəstəxanalarda avadanlıqlar, şərait savadlı həkim yetişməsinə böyük imkanlar yaradır. Bundan əlavə Almaniyada insan azadlıqlarının, hüquqlarının qorunması tam təmin olunur. Gənclər bütün bunları ölkəmizlə müqayisə etdikdən sonra, Almaniyaya köçmək, orada işləmək qərarı verirlər" - Aydın Əliyev bildirib.
O, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqindən sonra həkimlərin çox işləyib az qazandığını söyləyir. Bildirir ki, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi xəstəxanalarda həkimlərə limitdən artıq xəstə qəbul etsələr də əlavə bonuslar verilmir. Belə hallar da həkimlərin Azərbaycandan Almaniyaya üz tutmasını sürətləndirir.
"40-50 yaşlı həkimlər də Almaniyaya gedirsə"
Onun sözlərinə görə, ən pis hal artıq 40-50 yaş arasında olan orta yaşlı həkim kontingentinin də işləmək üçün Almaniyaya üz tutmasıdır:

"Əgər 50 yaşlı həkim belə öz işini buraxıb dil öyrənməyə vaxt sərf edərək Almaniyaya işləmək üçün üz tutursa, bu, səhiyyə sistemində problemlərin çox ciddi olduğundan xəbər verir".

A.Əliyev vaxtında tədbirlər görülməzsə, gələcəkdə ölkəmizdə həkim çatışmazlığının ciddi problemə çevriləcəyini söyləyib:
"Biz həkimləri Azərbaycanda top-tüfənglə saxlaya bilmərik. Onların Azərbaycandan getməsinin səbəbləri araşdırılıb həll edilməlidir. Yoxsa Azərbaycanda həkim çatışmazlığı problemi daha da dərinləşəcək".
Niyə məhz Almaniya?
Hələ 2015-ci ildə Almaniyaya rezidentura təhsili almaq üçün gedən Fidan Həsənova da bu ölkədə işləyən azərbaycanlı həkimlərdəndir. "Friedrich-Alexander-Universität Erlangen-Nürnberg Doktorantı olan Fidan Həsənova ixtisasca ginekoloqdur. O, Almaniyada öz həkim-anestezoloq həyat yoldaşı və övladları ilə birgə yaşayır. Hazırda "Rottal-Inn Klinik Eggenfelden" də uzman-Facharzt( Faxarçt oxunur) vəzifəsində işləyən Fidan azərbaycanlı gənc həkimlərin işləmək üçün Almaniyanı seçməsinin səbəbini belə izah edir:
© Sputnik"Friedrich-Alexander-Universität Erlangen-Nürnberg Doktorantı olan Fidan Həsənova
Friedrich-Alexander-Universität Erlangen-Nürnberg Doktorantı olan Fidan Həsənova  - Sputnik Azərbaycan, 1920, 04.11.2024
"Friedrich-Alexander-Universität Erlangen-Nürnberg Doktorantı olan Fidan Həsənova
"İlk növbədə Almaniyada rezidentlərin əmək haqqı Azərbaycanla müqayisədə yüksəkdir. Bundan əlavə, Almaniyada rezidentura təhsili alan tələbələrin tibb sahəsində yüksək bilik əldə etmək imkanları var. Amma səbəblər bununla bitmir. Almaniya sosial dövlət olduğundan, burada yaşayan, işləyən insanların həyat sığortası da var. Almaniya dövləti öz vətəndaşının sağlamlıqla bağlı bütün problemlərini həll etməyi öz üzərinə götürür. Bütün bu amillər həkimlərin işləmək üçün Almaniyanı seçməsini şərtləndirir".
Fidan Həsənova deyir ki, Almaniyada bəzi xəstəxanalar rezidentura təhsili alan, həm də işləyən həkimləri altı ay müddətində qalmaq üçün yataqxana ilə belə təmin edir. Almaniyada həkimlərə yeni başlayanda ən aşağı maaş - 25 000 avro verilir. Tibb müəssisələrində şöbə müdiri, direktor yaxud digər vəzifələrə görə həkimlərin əmək haqqı 15 min avroya qədər artır.
Müsahibimiz deyir ki, Almaniyada həkimlərə əmək haqqı xəstə sayına görə ödənilmir.
"Almaniyada həkimlərin standart maaşları var. Azərbaycanla müqayisədə əmək haqqı kifayət qədər yüksəkdir. Məsələn, Azərbaycanda rezidentura maaşı ilə ailəni dolandırmaq olmaz. Almaniyada isə rezidentura maaşı ilə yaşamaq mümkündür. Azərbaycanda həkimlərə maaşdan əlavə xəstə sayına görə bonuslar ödənilir. Fikrimcə, bu, düz yanaşma deyil. Həkimin işi qəbul etdiyi xəstəni saymaq yox, ona keyfiyyətli tibbi xidmət göstərmək olmaldır. Həkimə maaş xəstə sayına görə verildikdə, artıq tibbi xidmətin keyfiyyəti ikinci plana keçir".
Həsənovanın fikrincə, həkimə standart yüksək əmək haqqı verilməldir ki, onun həyatı sığortalı olsun. Azərbaycandan həkimləri Almaniyaya gətirən bir əsas səbəb də budur:
"Almaniyada həkim standart əmək haqqı aldığından, xəstə sayı azalacağı təqdirdə gəlirinin azalacağından heç bir narahatlıq keçirmir. Hazırda mən sosial şəbəkəni izləyirəm. Azərbaycanda həkimlərin bir qismi daha çox pasiyent qəbul etmək üçün özlərini sosial platformalarda reklam edirlər. Həkimlər vaxtlarını daha çox öyrənməyə, keyfiyyətli tibbi xidmət göstərməyə sərf etməlidirlər, reklam olmağa yox! Bu, həkimlər üçün təhqiedici haldır. Həkim sosial şəbəkələrin reklam obyekti olmamalıdır".
Səbəb təkcə yüksək əmək haqqı deyil!
F.Həsənova gənc həkimlərin işləmək üçün Almaniyaya getməsinin bir əsas səbəbini də dövlətin sosial dəstəyinin güclü olması ilə əlaqələndirir. O, bildirir ki, Almaniyada ana olan qadınlara bir ildən üç ilədək analıq məzuniyyəti götürmək imkanı verilir. Bu müddətdə onların aldıqları əmək haqqının 65 faizi bölünərək hər ay yeni ana olan qadınlara ödənilir. O, sığortalı həyatın gəncləri Almaniyada işləməyə həvəsləndirdiyini söyləyir.
Müsahibimiz deyir ki, Azərbaycanda işləməklə bağlı ona da təkliflər gəlib. Amma o bu təklifləri qəbul etməyib:
"Azərbaycana dönməmə səbəbim təkcə maddiyyat deyil. Burada sığortalı həyatın olmasına əminlik var. Əminik ki, hər hansı sağlamlıq problemimiz olarsa, dövlət bunu yüksək tibbi xidmət göstərməklə məsrəflərin məbləğindən asılı olmayaraq qarşılaya biləcək. Bu, çox həlledici məsələdir".
O, Almaniyada rezidentura təhsili alıb işləyən həkimlərə uzmanlıq dərəcəsi aldıqdan sonra İsveçrə kimi ölkələrdə işləmək şansı yarandığını söyləyir.
Qeyd edək ki, son illər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Almaniyada çalışan həkimlərin vətənə qaytarılması istiqamətində tədbirlərə başlayıb. Bir müddət öncə Almaniyada çalışan ürək həkimi Nicat İbrahimovun orada 20 min avro əmək haqqı almasına baxmayaraq, Azərbaycanda işləmək qərarı verməsi və Vətənə qayıtması barədə məlumatlar yayılmışdı.
Xəbər lenti
0