Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bəşər getdi, xaos qaldı: ərəblər və kürdlər Suriyanı bölə biləcəklərmi?

© AP Photo / Hassan AmmarBəşər Əsəd
Bəşər Əsəd - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Suriya müxalifətinin hakimiyyəti bölüşdürərkən ortaq məxrəcə gələ biləcəyi və ya Livandakı bənzər siyasi parçalanma müşahidə edilib-edilməyəcəyi hələlik bəlli deyil.
BAKI, 9 dekabr — Sputnik. Hamı üçün və ilk növbədə, artıq keçmiş Prezident Bəşər Əsəd üçün gözlənilmədən Suriyada hakimiyyət dəyişikliyi baş verib və bir çox müxalif qüvvələrin təxminən 14 ildir ki, etməyə çalışdığı işi hərbiləşdirilmiş "Həyat Ət-Tahrir Əş-Şam" (HTŞ)* təşkilatının yaraqlıları 10 gün ərzində həyata keçirib.
Bu gün müxalif qruplar paytaxt Dəməşq, sahilyanı Latakiya vilayəti və Tartus şəhəri də daxil olmaqla, demək olar ki, bütün böyük əyalət və şəhərlərə nəzarəti ələ keçirib. Ərazilərin bir hissəsini artıq kürd silahlı qruplaşmaları idarə edir.
Suriyada Bəşər Əsəd hakimiyyətinin əleyhdarları sevinərkən, dövlət mediası "dəyişdirilir" və hakimiyyətin tədricən Baş nazirdən HTŞ rəhbərlərinə keçməsi baş verir. Eyni zamanda, burada əsas sual yaranır - bundan sonra nə olacaq? – heç kim bu suala cavab verə bilməz və ölkədə, regionda vəziyyətin inkişaf ssenarisi barədə ancaq təxmin etmək qalır.
İran Suriyanı, Suriya isə İran neftini itirdi
Əsəd üçün əsas xoşagəlməz sürpriz Suriyanın əsas müttəfiqi olan İranın HTŞ ilə qarşıdurmada fəal iştirak etməməsi olub. Düzdür, İslam Respublikasının hakimiyyət orqanları yaraqlılarla döyüşmək üçün ordu göndərməyə hazır olduqlarını bəyan ediblər və İran hərbçilərinin bir hissəsi Dəməşqin şiə bölgəsi olan Seyid Zeynəb uğrunda sona qədər mübarizə aparıb.
Lakin Suriyada vətəndaş müharibəsinin əvvəlki illərində olduğu kimi İran qoşunları arasında genişmiqyaslı hərbi qarşıdurma baş verməyib. Belə bir versiya da var ki, Bəşər Əsəd öz ordusunun HTŞ-yə müqavimət göstərməyəcəyini anlayaraq özünü müdafiə etməyib və İrandan müttəfiqlərini köməyə çağırmayıb.
Ancaq Tehranda İran mediası tərəfindən yayılan başqa bir izah da var: əsas tezis odur ki, Bəşər Əsəd son vaxtlar İrandan uzaqlaşıb və Fars körfəzinin ərəb ölkələri və əslində onu təhlükə altına qoyan Qərblə əməkdaşlığı seçib.

"Əsas dəyişiklik Bəşər Əsədin özündə baş verib. İranın ali dini lideri Əli Xamneyi bu il iyunun 10-da onunla sonuncu görüşü zamanı Suriya prezidentinə mühüm və əsaslı xəbərdarlıq edib. İran da Əsədə terrorçuların güclənməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib, hətta ona lazımi təkliflər verib, lakin onlar eşidilməyib", - "Fars News" qəzetindəki məqalədə deyilir.

Bir sıra digər KİV-lər yazır ki, Yaxın Şərqdə İsraillə HƏMAS hərəkatı arasında gərginliyin başlanmasından və Livanın "Hizbullah" hərəkatının münaqişəyə cəlb edilməsindən sonra İran İsrail ordusunun imkanlarını zəiflətmək üçün Suriyaya Colan təpələrində İsrailə qarşı daha bir cəbhə açmağa dəvət edib. Lakin Əsəd iqtisadi problemləri və ordusunun zəiflədiyini əsas gətirərək İsrail ilə müharibəyə getməkdən imtina edib. Media xəbər verir ki, bu, Tehran və Dəməşq arasında fikir ayrılıqlarının kəskinləşməsi üçün həlledici məqam olub.
Hszırda Suriyada silahlı müxalifətin hakimiyyətə gəlməsi ilə İran ən qibtə olunmaz vəziyyətdədir. Hətta mediaya müsahibə verən HTŞ liderləri Suriyada heç bir əcnəbinin təhlükə altında olmadığını, lakin heç kimin Suriyadakı İran vətəndaşlarının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini də bildiriblər. Bundan əlavə, dünən yaraqlılar İranın Dəməşqdəki səfirliyini qarət ediblər və bir daha açıq şəkildə bəyan ediblər ki, burada iranlılar xoş qarşılanmır.
Cavabın gəlməsi çox çəkmədi - İran mediası qeyd edir ki, Tehran ilk növbədə Suriyanı pulsuz neft və neft məhsulları ilə təmin etməyi dayandırıb.
Belə ki, Suriyanın neft və neft məhsullarının illərlə pulsuz tədarükü üçün İrana nə qədər borcu olduğu barədə KİV-də fəal müzakirə olunur. Məsələ burasındadır ki, kürd qruplaşmaları və onlara dəstək verən ABŞ ordusu neft bölgələrini zəbt etdikdən sonra Dəməşqin yataqları ilə əlaqəsi kəsilib. Nəticədə uzunmüddətli kredit əsasında Suriyaya neft və neft məhsullarının tədarükü ilə bağlı İranla razılıq əldə olunub. Aydındır ki, İrana kredit ödənilməyib, halbuki İran Suriyaya hər il 5 milyon tondan çox xam neft və 1 milyon tondan çox neft məhsulları tədarük edib.
Eyni zamanda neftin bir hissəsi inanılmaz qiymətə - bir barel üçün 2,5 dollara satılıb, lakin İran mediasının məlumatına görə, İran xəzinəsinə bu pul da daxil olmayıb. Nəticədə Suriya hökumətinin İrana 1,3 milyard dollardan çox borcu yaranıb.
Bundan əlavə, İranda 2012-ci ildən bəri Tehranın hər il Dəməşqə 6 milyard dollar yardım göstərdiyi, 2012-ci və 2013-cü illərdə isə 14 milyard dollar və 15 milyard dollar hərbi yardım ayırdığı təxmin edilir. Hazırda İranın müxalif mediası Tehranın Əsədə nə qədər xərclədiyini və bunun nə ilə nəticələndiyini hesablayır.
Kürdlər və ərəblər Suriyanı bölə biləcəklərmi?
Maraqlıdır ki, Suriya ordusu bəzi ərazilərdən geri çəkilərək onları kürd yaraqlılarına təhvil verib, bu da Əsəd rejiminin süqutundan əsas faydalananların iraqlılardan nümunə götürərək öz muxtariyyətlərini yaradan Suriya kürdləri olacağı təəssüratını yaradıb. Ancaq silahlı müxalifət hakimiyyətə gəldikdən dərhal sonra HTŞ yaraqlıları kürdləri bir sıra bölgələrdən fəal şəkildə sıxışdırmağa başlayıblar.
Məlum olduğu kimi ABŞ-ın dəstəklədiyi və təmin etdiyi kürd qüvvələrinin Suriya əyalətlərindən çıxarılmasına Türkiyənin də qoşulacağı gözlənilir. Burada bəlkə də ABŞ və Türkiyə müəyyən şərtlərlə razılığa gələ biləcəklər və ABŞ qüvvələri bu bölgələrdən geri çəkiləcəklər. Üstəlik, bu neftli ərazilərdə mövcud olduğu illər ərzində ABŞ hərbçiləri Suriyanın karbohidrogen sərvətlərini qeyri-qanuni olaraq ölkədən kənara çıxararaq yataqları demək olar ki, tükəndiriblər, Vaşinqtonun isə artıq bu ərazilərdə daha çox qalmasına ehtiyac yoxdur.
Lakin hazırlıq və təchizat zamanı kürd hərbiləşdirilmiş birləşmələri də güclənərək ölkədə əhəmiyyətli hərbi gücə çevrilib və onların işğal olunmuş ərazilərdən bu qədər asanlıqla imtina edəcəyini gözləməyə dəyməz. Bununla yanaşı, cəmi on gün ərzində ölkənin demək olar ki, bütün ərazisinə nəzarəti bərqərar edən Suriya müxalifəti çətin ki, strateji əhəmiyyətli əraziləri kürdlərə buraxsın.
Digər tərəfdən, kürd yaraqlılarının da İsrail tərəfindən dəstəkləndiyi məlumdur. Çox güman ki, fürsətdən istifadə edərək Suriya ilə sərhəddə mövqelərini möhkəmləndirən və bəzi əyalətlərdə hücuma keçən Təl-Əviv kürdlərin dəstəyindən əl çəkməyəcək və onları yeni Suriya hakimiyyətinə təzyiq qolu kimi buraxacaq.
Eyni zamanda qeyd etmək lazımdır ki, HTŞ hələ Suriyada hakimiyyətə gəlməzdən əvvəl də İsraillə münasibətləri normallaşdırmaq niyyətində olduqlarını bəyan edib və əgər tərəflər bütün fikir ayrılıqlarına baxmayaraq, razılığa gələ bilsələr, o zaman kürdlər heç bir dəstək olmadan qala bilərlər.
Məgər HTŞ artıq terrorçu hərəkat deyilmi?
Cəmi bir həftə əvvəl HTŞ bütün mediada terrorçu adlandırılıb və ABŞ təşkilatın lideri Əbu Məhəmməd Əl-Culaninin harada olduğu barədə məlumat üçün 10 milyon dollar vəd edib. Lakin bu təşkilatdan getdikcə "terrorçular" damğası götürülür və hətta İran mediası onları "hərbiləşdirilmiş qruplar" adlandırır.
Qeyd edək ki, Əsəd qoşunlarına qarşı hücumun əsasən HTŞ yaraqlıları tərəfindən həyata keçirilməsinə baxmayaraq, onlar bütün müxalif hərəkatları və qüvvələri öz ətraflarına toplamağa nail olublar, Suriyada və onun hüdudlarından kənarda isə onların sayı çoxdur. Suriya müxalifəti bu gün bir çox hərəkatla təmsil olunur - radikal islamçılardan tutmuş mötədil müxalifətə, azad orduya, liberallara və s.-yə qədər.
Əl-Culani ətrafında bu birliyin davam edib-etməyəcəyi və ya bütün bu hərəkatlar arasında parçalanmanın başlayacağı hələ məlum deyil. Həmçinin, hakimiyyəti bölüşdürərkən, Suriya müxalifətinin ortaq məxrəcə gələ biləcəyi və ya Livandakı bənzər siyasi parçalanma müşahidə edilib-edilməyəcəyi hələlik bəlli deyil.
Hələlik cavablardan daha çox suallar var, ancaq ümid etmək lazımdır ki, hazırda müşahidə etdiyimiz Suriya xalqının sevinci keçici olmayacaq.
*Rusiyada terrorçu təşkilat kimi tanınıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0