NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC-in iclasından sonra neft qiymətləri aşağı düşüb - Nə baş verir?

© iStock.com / TatyanaMishchenkoNeft buruqları, arxiv
Neft buruqları, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Abunə olmaq
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri dünən neft hasilatının artırılmasının başlanmasını aprel ayına qədər təxirə salıb və ixtisarların tam ləğvini 2026-cı ilin sonuna qədər uzadıb.
BAKI, 6 dekabr — Sputnik. "OPEC plyus" ölkələrinin tədarük artımlarını təxirə saldıqdan və hasilat azaldılmasını 2026-cı ilin sonuna qədər uzatdıqdan sonra neft qiymətləri aşağı düşüb. Aşağı tələb investorların diqqət mərkəzində olub.
"Brent" markalı neft 6 sent ucuzlaşaraq 72,03 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 1 sent dəyər itirərək 68,29 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 91 sent azalaraq 75,40 dollar təşkil edib.
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri dünən neft hasilatının artırılmasının başlanmasını aprel ayına qədər təxirə salıb və ixtisarların tam ləğvini 2026-cı ilin sonuna qədər uzadıb. OPEC 2024-cü ilin oktyabr ayından etibarən hasilat azalmasının ləğvinə başlamağı planlaşdırırdı, lakin qlobal tələbin xüsusən də Çində yavaşlaması və başqa yerlərdə hasilatın artması bu təşkilatın planı bir neçə dəfə təxirə salmağa məcbur edib. Qlobal tələb və təkliflə bağlı artan narahatlıqlar fonunda neft qiymətləri daha da azalıb.
Azərbaycanın hasilat kvotası 2026-cı ilin sonunadək sabit qalacaq
Energetika Nazirliyinin məlumatına görə, energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib. "OPEC plyus" ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən edib. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.
Həmçinin 8 ölkənin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın 2023-cü ilin aprel və noyabr aylarında elan edilmiş könüllü öhdəliklərinin davam etdirilməsi razılaşdırılıb. Beləliklə, 8 ölkə tərəfindən 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barel əlavə könüllü öhdəliklər 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barrel əlavə könüllü ixtisarlar isə 2025-ci ilin martın sonuna qədər qüvvədə qalacaq. Bu ölkələrin 2,2 milyon barellik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.
İclasda iştirakçı ölkələrin hasilatının üç müstəqil mənbə tərəfindən qiymətləndirilməsi müddətinin 2026-cı ilin noyabr ayının əvvəlinə qədər, həmçinin kompensasiyalar üzrə son tarixin həmin ilin iyun ayının sonunadək uzadılması barədə də razılıq əldə edilib.
Energetika naziri Pərviz Şahbazov "OPEC plyus" formatında tənzimləmə mexanizminin qlobal neft bazarında sabitliyin qorunub saxlanmasında mühüm rolundan, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun sədrliyi ilə bu əməkdaşlığın töhfələrindən bəhs edib. Bu təşəbbüsə "Əməkdaşlıq Bəyannaməsi"nin digər ölkələri də qoşulub və bu məqam iclasın yekun sənədində də əks olunub.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0