Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan fındığının Avropa bazarlarında rəqabət qabiliyyəti artacaq

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidFındıq satışı, arxiv
Fındıq satışı, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Abunə olmaq
Fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı görülən işlər müsbət nəticə verir.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, həmin çərçivədə AQTA tərəfindən həyata keçirilən, o cümlədən fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı görülən işlər müsbət nəticə verir. Bu ilin ötən dövründə Avropa İttifaqının (Aİ) "Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi"ndə ölkəmizdən İttifaqa üzv olan dövlətlərə ixrac edilən fındıqda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb.
Bu, respublikamızda qida məhsullarının ixracı zamanı tətbiq olunan nəzarət tədbirlərinin gücləndirilməsinin birbaşa nəticəsidir. Eyni zamanda, ölkəmizdə fındıq istehsalı və ixracı sahəsində təhlükəsizlik və keyfiyyətin artırılmasına, beynəlxalq tələblərə uyğunluğun təmin edilməsinə, qida təhlükəsizliyinin daha yüksək səviyyədə qorunmasına dair həyata keçirilən genişmiqyaslı tədbirlərin uğurlu göstəricisidir. Əldə olunan nəticə isə respublikamızda istehsal edilən fındığın Avropa bazarlarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, məhsul yığımı və emalı mərhələlərində fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınması məqsədilə AQTA tərəfindən "Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları" adlı tənzimləmə sənədi qəbul olunub. Fındığın vaxtında və optimal şəraitdə yığılması, optimal temperaturda və rütubətdə, kif göbələklərinin yayılmasının qarşısını alan şəraitdə qurudulması məhsulun minimum keyfiyyət və təhlükəsizliyinin qorunmasını təmin edir. Bununla yanaşı, respublikamızda ixrac üçün nəzərdə tutulan fındığın laboratoriya analizlərinin sayı artırılıb, istehsalçılarla ixracatçıların maarifləndirilməsi və təlimatlandırılması həyata keçirilib. Bu da öz növbəsində bu sahədə görülən tədbirlərin daha səmərəli təşkilinə və fındıq ixracı imkanlarının genişləndirilməsinə gətirib çıxarır.
Xatırladaq ki, ötən il Azərbaycandan Aİ ölkələrinə ixrac olunmuş fındıqda aflatoksin aşkarlanması ilə bağlı müvafiq sistemdə cəmi 2 bildiriş qeydə alınıb. Bu isə 2022-ci illə müqayisədə 6 dəfə azalma deməkdir.
Ölkədə fındıq istehsalı artır
Əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə ölkədə fındıq istehsalı 2022-ci ilə nisbətən 4,6% artaraq 75,4 min ton olub. Keçən il Azərbaycandan fındıq ləpəsi ixracının 55,6%-i Rusiyanın, 16,7%-i Almaniyanın, 12,1%-i İtaliyanın, 15,6%-i isə digər ölkələrin payına düşüb.
"İlk dəfə superintensiv texnologiya əsasında fındıq bağları salınır"
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, keçən il Azərbaycanda ilk dəfə yeni superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına başlanılıb. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı bildirib ki, fındıq bitkisinin superintensiv texnologiya əsasında becərilməsi tinglərin sıxlaşdırılmış əkini hesabına torpaqdan daha səmərəli istifadəyə imkan verir. Bu, 1 hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır. Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Aİİ ölkələrinə fındıq ləpəsi ixrac edir - Sputnik Azərbaycan, 1920, 30.04.2024
İNFOQRAFİKA
Azərbaycan Aİİ ölkələrinə fındıq ləpəsi ixrac edir
Xəbər lenti
0