Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tamaşa, film, konsert və muzeyə ödənilən ƏDV-nin 50%-i geri qaytarılacaq

© Sputnik / Murad Orujovedvgerial.az saytının istifadəçisi
edvgerial.az saytının istifadəçisi - Sputnik Azərbaycan, 1920, 05.12.2024
Abunə olmaq
Dəyişikliyə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90% azadolma veriləcək.
BAKI, 5 dekabr — Sputnik. Vergi Məcəlləsinə təklif edilən və yeni ildən qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, mədəniyyət sektoruna böyük vergi güzəştləri tətbiq olunacaq. Məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu addım mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, dəyişikliyə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90% azadolma veriləcək: "Mövcud qanunvericilik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə qaldırılır. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilir".
"Ən vacib məqamlardan biri bu sektorda da gələn ildən ƏDV-nin geri qaytarılmasının tətbiq edilməsidir. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50%-i vətəndaşlara geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq" - deputat əlavə edib.
Dövlət Vergi Xidməti: "Hazırda güzəştin əhatə dairəsi 90%-ə qaldırılır"
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov mediaya deyib ki, mədəniyyət sektorunda bu günə qədər kino istehsalı və dublyaj sənayesinə münasibətdə 75% vergi güzəşti nəzərdə tutulub: "Hazırda bu güzəştin əhatə dairəsi 90%-ə qaldırılır. Bu güzəşt beş il müddətinə tətbiq ediləcək. Eyni zamanda, mədəniyyət sektorunda subyektlərin dairəsi də genişləndirilir. Yəni artıq burada muzey, teatr, simfonik orkestr fəaliyyətində və filmə münasibətdə isə film prodüserlərinə də mənfəət və gəlir vergisi üzrə güzəştlər beş il müddətinə şamil olunacaq.
"Təbii ki, biz burada istehlakçıları unutmamışıq. İstehlakçılar tərəfindən muzeylərə, simfonik orkestrin konsertinə, filmlərə baxışlara görə bilet əldə edərkən ödənilən məbləğlərdə ƏDV-nin 50%-nin "ƏDV geri al" qaydasında geri qaytarılması nəzərdə tutulur" - o əlavə edib.
Qeyd edək ki, təklif edilən dəyişikliyə görə, Azərbaycanda qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 2025-ci il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisini ödəməkdən azad ediləcəklər.
Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə ödənişlər yalnız nağdsız qaydada olduqda vətəndaşa ƏDV-nin bir hissəsi geri qaytarılacaq.
Dövlət Vergi Xidməti: "ƏDV geri al" layihəsi nağdsız ödəmələrin xüsusi çəkisini artırıb
Xatırladaq ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan "ƏDV geri al" mexanizminin tətbiqi uğurla davam edir. 2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Qeyd edilib ki, "ƏDV geri al" layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bundan başqa, "ƏDV geri al" layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 19,2 milyon manatdan çox olub.
ƏDV-ni necə geri qaytarmalı?
Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə), tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə edilən ödənişlər üzrə çekləri almaq lazımdır. Neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisnadır, yəni bu məhsulların alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.
Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 rəqəmli fiskal ID-ni daxil edin və ya skan etmək imkanı verən mobil əlavə ilə çekin üzərində olan QR kodu oxudun. Fiskal ID - simvollardan ibarət unikal identifikatordur, çekin üzərində çap olunması zəruri olan məlumatlardır.
30 gün sonra elektron kabinetinizdə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i əks olunacaq.
Xəbər lenti
0