CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar iki min manatadək cərimələnəcək

© Sputnik / Igor ZaremboAlkoqollu içki
Alkoqollu içki - Sputnik Azərbaycan, 1920, 05.12.2024
Abunə olmaq
Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 800 manat, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə edilir.
BAKI, 5 dekabr — Sputnik. Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir.
Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 455-1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Qeyd edək ki, Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. Arağın minimum qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilib. Sənədə əsasən, bu dəyişiklik alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.
Qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 7 fevral 2023-cü il tarixli Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində hazırlanıb. Bu layihə spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.
"Əhalinin sağlamlığı üçün təhlükə yaranır"
Sənədin izah hissəsində deyilir: "Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ-hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədi ilə hazırlanıb:
"Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlı müvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq".
Komitə sədri vurğulayıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir.
"Bazarda litri 1 manata olan araqlar var"
A.Əmiraslanov deyib ki, alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır:
"Qiymətin formalaşmasının prinsiplərinə görə, istehsalçı müəssisənin istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisənin özünün qoyduğu qiymət nəzərə alınacaq. Bu qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Bazarda litri 1 manata olan araqlar var. Amma hazırda 1 litr arağın aksiz vergisi 4,18 manatdır. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir. Sahibkar qanunsuz sahibkardırsa, keyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerli istehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edə bilirlər, stabil bazarları var, amma onlar yerli bazarda öz məhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuz sahibkarlıqdır".
Xəbər lenti
0