Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Alatoranlıqda başlayıb qaranlıqda bitən dərslər: Elm və Təhsil Nazirliyi öz ampluasında

© iStock.com / seb_raMəktəbdə dərs prosesi, arxiv
Məktəbdə dərs prosesi, arxiv - Sputnik Azərbaycan, 1920, 05.12.2024
Abunə olmaq
Ekspertin fikrincə, erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər.
BAKI, 5 dekabr — Sputnik. Elm və Təhsil Nazirliyi dərslərin saat 9-da başlaması ilə bağlı təkliflərə cavab verib.
Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, dərslərin səhər saat 8-də başlanması məqsədəuyğundur.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə əsasən ümumi təhsil müəssisələrində dərslərin səhər saat 8-də başlanması məqsədəuyğundur. Eyni zamanda, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə"nin 3.1.2.9-cu və 4.1.1-ci bəndlərinə əsasən müəssisənin iş rejiminin müəyyənləşdirilməsi pedaqoji şuranın səlahiyyətləri daxilindədir. Bu səlahiyyətdən istifadə edərək hər bir ümumi təhsil müəssisəsinin özü pedaqoji şuranın qərarı ilə dərslərin başlanma vaxtını müəyyən edə bilər.
Bundan əlavə, hazırda dərslərin səhər saat 8-də başlaması digər sosial məsələlərdən də qaynaqlanır:
– həmin saatlarda nəqliyyatda tıxacın nisbətən az olması;
– övladlarını ümumi təhsil müəssisəsinə apardıqdan sonra işləyən valideynlərin (və ya digər qanuni nümayəndələrin) əksər hallarda saat 09:00-da işə başlaması.
Qeyd edək ki, dərslərin qış aylarında saat 9-da başlaması ilə bağlı təhsil eksperti Kamran Əsədov təklif səsləndirib.
"Dekabr ayıdır, tezdən saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında - yanvarda, fevralda, bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar".
Bu fikirləri təhsil eksperti Kamran Əsədov məktəblərdə dərs saatlarının səhər saat 7:30-da, 8:00-də başlamasına münasibət bildirərkən deyib.
© Sputnik / Murad OrujovTəhsil eksperti Kamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Təhsil eksperti Kamran Əsədov
Onun sözlərinə görə, səhər erkən saatlarda - alqaqaranlıqda dərsə getmək azyaşlı uşaqlara mənfi təsir göstərir:
"Bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır. Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur".
Ekspert deyir ki, qış aylarında dərsləri 1 saat gec başlamaq olar. K.Əsədov bu təklifini belə əsaslandırıb:
"Bu addım uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar, onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırardı. Həm də valideynlər üçün erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər".
K.Əsədovun sözlərinə görə, uşaqları sağlam və təhlükəsiz təhsil mühiti təmin etmək vacibdir:
"Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir".
Qeyd edək ki, Bakı və Abşeronda dərslərin səhər saat 8-də başlamasının səbəbi məktəblərin iki və üçnövbəli olması ilə izah edilir.
Elm və Təhsil Nazirliyinin son məlumatına görə, 2022/2023-cü tədris ilində II növbədə təhsil alan şagirdlərin sayı 309560 nəfər, III növbədə təhsil alan şagirdlərin sayı isə 7020 nəfər təşkil edib. 2022/2023-cü tədris ilində ibtidai sinif şagirdlərindən II növbədə təhsil alanların sayı 145405 nəfər olub.
Xəbər lenti
0