CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ən çox qəza törədənlər Türkiyə qeydiyyatlı avtomobillərdir

© iStock.com / sefa ozelQəza, arxiv
Qəza, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
İcbari Sığorta Bürosu bildirib ki, Türkiyə qeydiyyatlı avtomobillər Azərbaycanda 10 ayda 18 qəza törədiblər.
BAKI, 4 dekabr — Sputnik. Türkiyədə qeydiyyatdan keçmiş avtomobillər Azərbaycanda ən çox qəza törədən nəqliyyat vasitələri olub.
Bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında "Yaşıl Kart" beynəlxalq sığorta sisteminin iştirakçılarının təqsiri ilə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinə görə sığorta şirkətləri ümumilikdə 53276 manat ödəniş edib.
Bu dövrdə Türkiyə qeydiyyatlı avtomobillər 18 qəza törədib və nəticədə 31838 manat sığorta ödənişi həyata keçirilib. Ukrayna qeydiyyatlı avtomobillər 7 qəza törədib və bu qəzalar üçün 13869 manat ödənilib. Rusiya qeydiyyatlı avtomobillər isə 5 qəza törədərək ümumilikdə 7569 manat sığorta ödənişi ilə nəticələnib.
Bu ilin 9 ayında Azərbaycanın "Yaşıl Kart" sahiblərinin təqsiri üzündən ölkədən kənarda - Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada isə ümumilikdə 264 yol qəzası baş verib. Həmin sığorta hadisələrinə görə 998846 manat ödəniş həyata keçirilib.
"Yaşıl Kart" Sığorta Sistemi nədir?
"Yaşıl Kart" avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu və üzv ölkələr tərəfindən onun qarşılıqlı tanınmasını təsdiq edən beynəlxalq satatuslu sığorta müqaviləsidir. Avtonəqliyyat vasitəsində xaricə səfər zamanı mütləq "Yaşıl Kart" Polisini əldə etmək lazımdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və İcbari Sığorta Bürosunun uğurlu beynəlxalq əməkdaşlıq siyasəti nəticəsində Azərbaycan 2015-ci il mayın 28-də Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının Növbəti Baş Assambleyasında "Yaşıl Kart" beynəlxalq sığorta sisteminə qəbul olunub və 01 yanvar 2016-cı il tarixdən onun tam hüquqlu üzvü kimi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin sahibləri "Yaşıl Kart" Sisteminin tətbiq edildiyi xarici ölkələrə gedərkən, ölkə ərazisini tərk etməzdən öncə Yaşıl Kart sığorta müqaviləsini bağlamalıdırlar. Onlar bu məqsədlə icbari sığorta üzrə fəaliyyətə səlahiyyəti olan istənilən sığortaçını seçə bilərlər. Yaşıl Kart müqaviləsi yalnız sahibinin mülki məsuliyyəti qanunvericiliyə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitələrinə münasibətdə rəsmiləşdirilə bilər. Bu müqavilələr üzrə sığorta haqlarının sığortalı tərəfindən nağd və nağdsız qaydada ödənilməsi mümkündür.
Sığorta olunan və ya sürücü xarici ölkələrə gedərkən "Yaşıl Kart"ın əslini özü ilə gəzdirməli və həmin kartda göstərilən ölkələrin qanunvericiliyinə uyğun icbari sığortanın mövcudluğu yoxlanılarkən səlahiyyətli orqana təqdim etməlidir.
"Yaşıl Kart" müqaviləsi bir, üç, altı və on iki ay müddətinə bağlanılır və bağlandığı andan qüvvəyə minir. "Yaşıl Kart" üzrə sığorta ödənişi hadisənin baş verdiyi ölkənin müvafiq icbari sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Xəbər lenti
0