CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazdan partlayışlar niyə baş verir? "Azəriqaz"ın vatsap üzərindən yoxlaması anormaldır

© Photo : МЧС РоссииQaz partlayışı, arxiv
Qaz partlayışı, arxiv - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Mütəxəssis bildirir ki, abonent texniki şərtin tələblərini pozmaqda davam edirsə ikinci bildirişdən sonra onun mənzilinə mavi yanacağın verilişi dayandırılmalıdır.
BAKI, 3 dekabr — Sputnik. "Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, eləcə də Abşeron rayonu, Novxanı kəndində partlayış baş verən hər iki mənzildə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev söyləyib. O, partlayışın baş verdiyi mənzillərdə hələ ki, texniki şərtin tələblərindən kənara çıxmaların aşkarlanıb-aşkarlanmadığı barədə istintaq aparıldığından bununla bağlı məlumat verə bilmədiyini söyləyib.
Qeyd edək ki, bu gün "Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, eləcə də Abşeron rayonu, Novxanı kəndində baş verən partlayış hadisələri zamanı 8 nəfər dağıntılar altından xilas edilib. Onlardan 6 nəfəri şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində xilas edilərək xəstəxanaya yerləşdirilib. Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb. Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi bildirilir. Partlayışın qazdan baş verdiyi bildirilsə də, detallar açıqlanmır.
Bakı - Qaz İstehsalat İdarəsinin keçmiş əməkdaşı, kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkədə qaz təsərüfatına nəzarət zəifdir.
N.Qasımovun sözlərinə görə, mənzillərdə qaz cihazlarının fəaliyyətinə nəzarət üçün qrafik tutulmalı və onlar ildə iki dəfə yoxlanılmalıdır.
Həmsöhbətimiz bildirib ki, qaz təsərrüfatını nəzarətsiz buraxmaq olmaz. Mənzillərə mütləq şəkildə detektorlar quraşdırılmalıdır.
© SputnikKommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov

"Sumqayıtda və Novxanıda mənzillərdə baş verən partlayışlar kifayət qədər narahatedici hadisələrdir. Mən bu hadisələrdə partlayışların təbii qazdan baş verdiyindən şübhələnirəm. Belə böyük dağıdıcı miqyaslı partlayışların baş verməməsi üçün mənzillər, həmçinin qaz xətlərinin birləşmə yerləri yoxlanılmalıdır. Bərk cisimlərdə temperatur dəyişməklə ölçülər də dəyişir. Bu zaman qaz sızması baş verir. Yaxud da qazı yanılı qoyub yatmaq olmaz. Bu gün əhalinin istifadəsində 1 milyona yaxın qeyri-standart qaz cihazları var ki, bunlar istismardan yığışdırılmalıdır", - deyə Nüsrət Qasımov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının vatsap onlayn platforması üzərindən yoxlama aparıldığına dair məlumatlar var. Həmin məlumatlara görə, qurumun əməkdaşları qapısı bağlı olan mənzillərə bildiriş qoyaraq evdə olarkən abonentlərdən bildirişə qeyd etdikləri nömrə ilə əlaqə saxlamağı xahiş edirlər. Abonent həmin nömrə ilə əlaqə saxladıqda qurumun əməkdaşları uzaqda olduqlarını bildirir, vətəndaşdan mətbəxdə qaz sobasının və sayğacın şəklini və ya videosunu çəkib vatsapla onlara göndərməyi xahiş edir. Daha sonra tərtib olunan aktın şəkli abonentə göndərilir.
"Azəriqaz" rəsmisi Eldəniz Vəliyev isə Sputnik Azərbaycan-a bildirib ki, qurumun 10 mindən çox əməkdaşı var. Belə hallara yol verən əməkdaşlara qarşı tədbirlər görülür.
E.Vəliyev hər bir mənzildə fərdi yoxlama aparılmalı olduğunu, yoxlamanın nəticəsinin aktlaşdırılaraq abonent imzası ilə təsdiq edilməli olduğunu söyləyib.

"Qaydalara görə, mənzillərdə texniki müayinələr aparılır. Təftişlər aparıldıqda texniki şərtlərdən kənara çıxmalar olarsa, akt tətrib olunur və abonentə nöqsanı aradan qaldırmaq üçün 30 gün müddət verilir. Həmin müddətdə texniki şərtdən kənara çıxma halları aradan qaldırılmazsa, vətəndaş qanuna müvafiq qaydada cərimələnir və onun mənzilinə mavi yanacağın verilişi dayandırılır", - deyə Eldəniz Vəliyev söyləyib.

© PhotoSOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev
SOCAR Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev - Sputnik Azərbaycan, 1920, 03.12.2024
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev
Ekspert N.Qasımov da bildirib ki, vatsap üzərindən mənzillərdə qaz təhlükəsizliyinin yoxlanılması absurddur. Mütəxəssis bildirir ki, yoxlama aparan qurumun nəzarət və abonent kitabları olmalıdır. Onlar mənzilin içərisinə baxış keçirməli, qaz avadanlıqlarının texniki şərtlərə uyğun olub-olmadığını yoxladıqdan sonra akt tərtib edib abonentə imza atdırmalıdırlar. Əgər abonent texniki şərtin tələblərini pozmaqda davam edirsə, ikinci bildirişdən sonra onun mənzilinə mavi yanacağın verilişi dayandırılmalıdır.
Qeyd edək ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli fərmanı ilə SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən hər il noyabrın 1-dək qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinə aparılmalıdır. Əvvəllər bu vəzifə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna həvalə olunmuşdu. Qazdan partlayış hadisələri tez-tez baş verdiyindən bu səlahiyyət "Azəriqaz"a həvalə olundu.
Eldəniz Vəliyev isə bildirib ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yoxlamalara yanvar ayının 1-dən start verilib. Texniki müayinələr noyabr 1-ə dək davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0