CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağa min erməni qayıdacaqsa, Qərbi Azərbaycana da min azərbaycanlı qayıtmalıdır"

© Sputnik / Murad OrujovLaçında keçid məntəqəsi, arxiv
Laçında keçid məntəqəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Abunə olmaq
Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi deyib ki, Ermənistan Qərbi azərbaycanlıların yaşadıqları ərazidəki varis dövlət olaraq onların hüququnu təmin etməlidir.
BAKI, 2 dekabr — Sputnik. "Ermənilər Qarabağa geri dönüşlə bağlı Azərbaycana təzyiq göstərmək istəyirlər".
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, ermənilərin bu istəyi təmin edilərsə, mütləq qarşılıqlı şərtləri olmalıdır:
"Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdırsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır. Beynəlxalq platformalarda bu alternativ şərtlər qaldırılmalıdır".
© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Millət vəkili Fazil Mustafa
Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Samir Becanov isə sözügedən tədbirdə deyib ki, Qərbi azərbaycanlıların öz yurduna qayıdışını hələ də təmin etməyən Ermənistan ciddi beynəlxalq hüquq pozuntusuna yol verir.
Onun sözlərinə görə, qaçqınlarla bağlı beynəlxalq sənədlər və normalar qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsini dəstəkləyir:

“Beynəlxalq hüquqi aktlarda qaçqınların təkcə öz dövlətinə deyil, həm də vaxtilə yaşadıqları ərazilərə qayıtmasını dəstəkləyir. Ermənistan Qərbi azərbaycanlıların yaşadıqları ərazidəki varis dövlət olaraq onların hüququnu təmin etməlidir”.

Qeyd edək ki, dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda ictimai dinləmə keçirilir.
Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının və dövlət qurumlarının təmsilçiləri iştirak edirlər.
İctimai dinləmədə Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış, məsələnin qanunvericilik, tarixi, sosial, mədəni aspektləri, qayıdış mövzusunda görülmüş işlər, bu sahədə parlament diplomatiyasının rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Qarabağdan köçən ermənilər Ermənistan vətəndaşı olmaq üçün növbəyə durub
Sputnik Ermənistanın məlumatına görə, Ermənistan parlamentində Daxili İşlər Nazirliyinin rəis müavini Armen Kazaryan bildirib ki, noyabrın 28-nə olan məlumata görə, Qarabağı tərk edən 4400-ə yaxın erməni Ermənistan vətəndaşlığını qəbul edib.
"Noyabrın 28-nə olan məlumata görə, bizdə vətəndaşlıq almaq üçün 6338 müraciət olub və həmin dövrə görə, Qarabağdan gəlmiş 4394 nəfər artıq vətəndaşlıq alıb" - Kazaryan bildirib.
Onun sözlərinə görə, bu prosesdə azyaşlılar nəzərə alınmır. Valideynləri artıq Ermənistan vətəndaşıdırsa, onlar pasport aldıqdan sonra vətəndaş olurlar.
Ermənistan tərəfi iddia edir ki, Qarabağı 101848 erməni tərk edib. Onlardan 72626 nəfər Ermənistanın müxtəlif rayonlarında, qalanları isə İrəvanda yaşayır.
Qərbi Azərbaycan İcması
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu il dekabrın 28-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" adı ilə təsis edilən, 14.02.1992-ci il tarixdə həmin adla dövlət qeydiyyatına alınan, 05.09.2014-cü ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi" adı ilə təkrar dövlət qeydiyyatına götürülən təşkilatın hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Ümumi Yığıncaq, İdarə Heyəti və Müşahidə Şurası kimi idarəetmə orqanları, Nəzarət-Təftiş Komissiyası, Ağsaqqallar, Ziyalılar, Qəyyumlar, Gənclər və Qadınlar şuraları, İcmanın aparatı, yerli nümayəndəliklər, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.
1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən, azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən (kənd, qəsəbə və şəhərdən) 49.928 ailədə 300 min nəfərədək azərbaycanlı ermənilər tərəfindən öz doğma yurdlarından zorla qovulublar. Bu zaman 200 nəfərdən çox soydaşımız erməni şovinistləri tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), 400 nəfərdən çox azərbaycanlı isə yaralanıb. Bir çox azərbaycanlıların evləri, əmlakları yandırılmış və ya talanmış, əvəzi ödənilmədən əllərindən alınmış, mənimsənilib.
1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 minədək ailənin 20 minə qədərinə dəymiş ziyan artıq hesablanıb və hazırda bu işlər davam etdirilir.
Həmin illərdə Qərbi Azərbaycandakı 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması, vəziyyətinin müəyyən edilməsi ilə bağlı sistemli işlər görür.
Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İcma öz fəaliyyətində indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün fəaliyyət həyata keçirən və bu fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edən, beynəlxalq hüquqa, aidiyyəti dövlətin daxili hüququna, tarixi faktlara əsaslanaraq, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI"nı qəbul edib.
Konsepsiyaya görə İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.
Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:
-İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;
-Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;
-Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;
-Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi;
-Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyanın yerinə yetirilməsində fəallıq və sahiblik göstərən, bu məqsədlə qanuni çərçivədə resursların əldə olunması üçün səylərini davam etdirən təşkilatdır.
Qərbi Azərbaycan İcması son 200 il ərzində etnik təmizləmə, deportasiya və soyqırımlara məruz qalaraq ata-baba yurdlarından ədalətsizcəsinə qovulan soydaşlarımızın, onların varislərinin öz doğma yurdlarına geri dönmək hüququ tanınana və bu qayıdış həyata keçənə qədər mübarizəsini davam etdirəcək.
Xəbər lenti
0